Cənub Qaz Dəhlizi 10 ölkənin enerji təhlükəsizliyini təmin edir- ÖZƏL
10 Sentyabr 2024 12:22 Siyasət"Azərbaycan-İtaliya münasibətlərinin yüksək inkişafının daha bir göstəricisi də ölkələrin enerji sahəsindəki əməkdaşlığıdır". "Olaylar" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib: "Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır. İtaliya şirkətləri ölkəmizin neft-qaz sektorunda dəyəri 10 milyard dollar olan 277 layihədə podratçı kimi iştirak edirlər. Şübhə yoxdur ki, sözügedən sahədə Azərbaycan-İtaliya münasibətləri bu gün bir çox ölkələrə mühüm töhfələr verir. Xüsusilə də, Azərbaycandan İtaliyayadək uzanan, uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizi adlanan layihə bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Hazırda 7-si Avropa İttifaqının üzvü olmaqla 10 ölkə Azərbaycandan qaz alır. Məhz bu səbəbdəndir ki, Avropa Komissiyası Azərbaycanı Ümumavropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır".
Alim Hüseynli
Olaylar.az