Bu, İranın bizlərə tarixi düşmənçilik hissi bəslədiyinin növbəti təzahürüdür- ÖZƏL
10 Sentyabr 2024 11:15 Siyasət"İranın Zəngəzur dəhlizi ilə bağlı tutduğu mövqe regional əməkdaşlığa, o cümlədən ikitərəfli münasibətlərə kifayət qədər zərbə vurur. Birincisi, Zəngəzur dəhlizi ilə bağlı məsələdə qərar vermə səlahiyyəti Ermənistana aiddir və Ermənistan da bu qərarı verib".
Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:
"Yəni, üçtərəfli bəyanatda Ermənistan baş nazirinin imzası var və həmin bəyanatda Ermənistanın dəhlizin açılması ilə bağlı konkret öhdəlikləri var. Faktiki olaraq İranın bu gün sərgilədiyi mövqe Ermənistanın bir dövlət kimi müstəqilliyinin əleyhinə yönəlib. Belə bir təəssürat yaranır ki, Zəngəzur dəhlizi ilə bağlı qərarı Ermənistanın yox, İranın verməsi kimi görünür. Birincisi, İranın "qırmızı xətt" dediyi və guya Zəngəzur dəhlizinin açılacağı bunun başqa qüvvələrin əlinə keçməsi və İranın təhlükəsizliyinə təhdid yaratması, onun Avropaya çıxışına mane olması kimi bəyanatlar reallığa uyğun deyil və təxribatçı çıxışlardır. Əvvəla 2 əsrdən artıqdır ki, məhz həmin ərazilər Rusiyanın nəzarətindədir və Ermənistan müstəqillik əldə etdikdən sonra da həmin ərazilərdə bu günə qədər də Rusiya sərhədçiləri dayanmaqdadırlar. Bu, İranın "qırmızı xətti" hesab olunmurdu, birdən-birə həmin ərazidə kommunikasiya xəttinin açılması İranın təhlükəsizliyinə təhdid yaradırmış kimi ab-havaya giriblər. İlk olaraq İranın bu davranışı iki səbəblə əlaqəlidir. Birincisi, təbii ki, İranın burada iqtisadi maraqları var. İran istəyir ki, məhz bu dəhliz İran ərazisindən keçsin və İran buradan hər il daşınacaq milyonlarla ton yük və avtomobil nəqliyyatı keçişindən, tranzitdən ciddi vəsaitlər əldə etsin. Bundan önəmlisi, İran bu dəhlizə nəzarət etməklə siyasi rıçaqlar əldə etməyə çalışır və ən önəmlisi məhz Zəngəzur dəhlizinin Azərbaycanla Türkiyə arasında birbaşa quru əlaqə yaradacığı əndişəsi İranı narahat edir və İran məhz bunun əleyhinə çıxır. İran heç bir halda Azərbaycanla Türkiyənin münasibətlərinin inkişaf etməsində, onun güclənməsinsə, birbaşa əlaqələrin yaranmasında maraqlı deyil və buna əngəl törətməyə çalışır. Amma İranın bu cəhdləri heç bir nəticə verməyəcək və bu dəhliz açılacaq. Çünki bu dəhlizin açılmasında İrandan daha güclü aktyorlar var. Azərbaycan və Türkiyədən başqa bu dəhlizin açılmasını, Rusiya, Çin və başqa formada Qərb də, ABŞ də istəyir. Zəngəzur dəhlizinin açılması İranın Avropaya çıxışını əngəlləyir kimi fikirlər açıq şəkildə Azərbaycan və Türkiyəyə qarşı bir düşmən mövqeyidir. Belə ki,İran Avropaya Türkiyə üzərindən də çox rahat çıxa bilir, Azərbaycan üzərindən də Gürcüstan Qaradəniz və Avropaya çıxa bilir. Amma İran min kilometrlərlə sərhədi olduğu Azərbaycan və Türkiyəni kənara qoyaraq 42 kilometrlik ərazidə Ermənistanın sərhədləri məsələsinin davasını aparırsa bu heç də İranın qonşuluqda konstruktiv olmadığını, əksinə, Azərbaycana, o cümlədən də Türkiyəyə qarşı tarixi düşmənçilik hissi bəslədiyinin növbəti təzahürüdür".
Zeynəb Rzayeva