Azərbaycan İtaliyanın qaz təchizatında mühüm yer tutur- ÖZƏL

"Azərbaycanla İtaliya arasında iqtisadi tərəfdaşlıq, ilk növbədə, enerji sektorunu əhatə edir". Olaylar xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev deyib: "Hazırda Azərbaycan İtaliyanın neft və qaz təchizatında müvafiq olaraq birinci və ikinci yerləri tutur. Prezident İlham Əliyev "Dünya, Avropa və İtaliya haqqında bilgilər" mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda "Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu" adlı sessiyadakı çıxışı zamanı vurğulayıb ki, Azərbaycan İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir. Bu da hər iki dövləti iqtisadi cəhətdən bir-birinə sıx bağlayan əsas faktorlardandır. Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) layihəsi İtaliyanın enerji təhlükəsizliyini təmin edir.
Xatırlatmaq yerinə düşər ki, 2023-cü il fevralın 13-də Bakıda "Gülüstan" sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxışı zamanı dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan neftinin böyük hissəsi İtaliya bazarına çatdırılır və iki ildən artıqdır Azərbaycan qazı İtaliya bazarına çatdırılır: "TAP layihəsi bizim birgə uğurumuzdur. Cənub Qaz Dəhlizinin başlanğıcı Azərbaycanın Xəzər dənizindəki sektorudursa, bunun son məntəqəsi İtaliyadır və yol boyunca bir neçə ölkə Azərbaycan qazından faydalanır".
Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31