Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq xüsusi çəkiyə malikdir- ÖZƏL
9 Sentyabr 2024 17:17 Siyasət"Azərbaycan-İtaliya münasibətlərində iqtisadi münasibətlər və ticari əməkdaşlıq xüsusi çəkiyə malikdir".Olaylar xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib: "Hazırda İtaliya ölkəmizin əsas ticarət tərəfdaşlarından biridir və cari il ərzində qeydə alınan qarşılıqlı ticarət dövriyyəsi 6 milyard ABŞ dollarından çoxdur. Ötən il Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 15 milyard 685 milyon dollar, 2022-ci ildə isə bu rəqəm 18 milyard 122 milyon dollar olub. Eyni zamanda, İtaliya Azərbaycan iqtisadiyyatına 770 milyon ABŞ dollarından çox, Azərbaycan isə İtaliyaya 1,7 milyard ABŞ dolları həcmində investisiya yatırıb. Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və başqa sahələrdə İtaliyanın 120-yə yaxın şirkəti fəaliyyət göstərir. İtaliya şirkətləri, həmçinin ölkəmizin qeyri-neft sektorunda 40-dək layihədə podratçı kimi iştirak edirlər. İqtisadi və investisiya göstəriciləri bir daha sübut edir ki, Azərbaycan-İtaliya münasibətləri yüksələn xəttlə inkişaf edir".
Alim Hüseynli
Olaylar.az