Azərbaycan-İtaliya münasibətləri strateji tərəfdaşlıq örnəyinə çevrilib- ÖZƏL

"İtaliya Azərbaycandan xam neft və neft məhsullarının ixracında ən iri ticarət tərəfdaşına çevrilib. Eyni zamanda, qeyd etmək yerinə düşər ki, Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik qaz boru kəməri (TAP) ikitərəfli enerji əməkdaşlığını və İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən vacib amil kimi qiymətləndirilir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Hüseynli deyib: "Bu illər ərzində Azərbaycan-İtaliya münasibətləri davamlı əməkdaşlıq və strateji tərəfdaşlıq örnəyinə çevrilib. İki dost ölkə arasındakı qarşılıqlı münasibətlərin belə bir xarakter qazanması Cənubi Qafqazın lider dövləti ölan qalib Azərbaycanın dinamik inkişafını həzm edə bilməyən qüvvələrə, ermənipərəst mövqe tutan Avropa dövlətlərinə, o cümlədən Fransaya da bir ismarıcdır. Artıq hər kəs görür ki, dünyada etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınan Azərbaycan səmərəli ikitərəfli münasibətlərə və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinə üstünlük verir. Bu baxımdan bir çox dövlətlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirir, respublikamızla müxtəlif sahələri əhatə edən əlaqələrin inkişafına böyük önəm verirlər. Bəzi beynəlxalq təşkilatların və Qərb dövlətlərinin qərəzli yanaşmalarına cavab olaraq rəsmi Bakı ikitərəfli əməkdaşlıq çərçivəsində öz nüfuzunu yüksəltməkdədir və eyni zamanda, Azərbaycanla dost olmaq istəyən dövlətlərə də yüksək dividendlər vəd edir. Bu gün Azərbaycanın Avropanın enerji təchizatında son dərəcə mühüm yer tutduğu inkaredilməz reallıqdır. Bu, dövlətimizin başçısının İtaliyaya səfəri zamanı keçirdiyi görüşlərdə, forum və toplantılarda kifayət qədər dolğun şəkildə  vurğulanıb".
 
Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31