COP29 çərçivəsində obyektiv dəyərləndirmə, şəffaflıq Azərbaycan hökuməti üçün vacib amildir- ÖZƏL
9 Sentyabr 2024 14:16 Siyasət"Qloballaşmanın icmalı yeni bazarlar, yeni aktorlar, yeni rollar və normalar, eyni zamanda yeni alətlərlə sözügedən prosesin yeni dövrü haqqında məlumat vermək məqsədi daşıyır. Bu istiqamətdə dövlətin oynadığı rol önəmli amildir. O baxımdan ki, bu rol onun töhfə vermək qabiliyyəti və bu istiqamətdə institutlarının optimal funksiyasından asılıdır".

Bu fikirləri politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:
"Bu məsələ isə inam, etimad və şəffaflıq üzərində qurulur. Beynəlxalq münasibətlərdə etimadın, şəffaflığın mövcud olduğu yerdə yaxşılığa doğru hər cür əməkdaşlıq davranışı mümkündür. Sözügedən amillərin olmadığı yerdə isə millətlər, vətəndaşlar, dövlətlər, həqiqətən də çox düşmən mühitdə belə ola bilərlər. Müsbət amil iqtisadi artım, birgə mübarizə və əməkdaşlıq kimi inkişaf təşəbbüslərini dəstəkləyəcəksə, mənfi meyillər şübhəsiz ki, zərər gətirəcək.
Dünyanı maraqlandıran iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi, beynəlxalq münaqişə kimi problemlər xalqlardan kollektiv yanaşma tələb edir. Qlobal "Şimal" və "Cənub" arasında etimadın azaldığı, lakin bəlli aktorlar tərəfindən onun bərpa edilməyə çalışıldığı bir dövrdə yaşayırıq. Bu etimadın bərpa edilməsi, ya da gücləndirilməsindən daha çox etimadın yaradıldığı və qorunduğunu, yaxud da hansı yollarla təmin edildiyi prosesini başa düşmək çox vacibdir. Qloballaşan dünyada etimadsız, qeyri-şəffaf fəaliyyət isə artıq qeyri-mümkündür. Əməkdaşlıq kökündə fərdlər dayanmaqla biznes qurumları, siyasətçilər, hüquq sistemləri, dövlətlər və beynəlxalq təşkilatlar arasındakı inamdan asılıdır. Bu aktorların hər birinin qəlbində şəffaflıq olmadan, bir çox qeyri-adi fəaliyyətlər bəzən mümkün olsa da, həqiqətən təhlükəli olur. Eyni şey daha geniş miqyasda, millətlər arasında etimad çatışmazlığı olduqda doğur, etimadın pozulması isə münaqişənin qaçılmaz olduğunun xəbərçisidir. Etibarın mənşəyini və məhdudiyyətlərini, eləcə də onu necə qidalandırmaq lazım olduğunu başa düşmək getdikcə aktuallaşır.
Hökumətlər daxilində və xaricində milli maraqlı tərəflərin əməkdaşlığı iqlim dəyişikliyi ilə bağlı şəffaflığın artırılması üçün də çox vacibdir. Bütöv hökumət yanaşmasını tətbiq edən ölkələr adətən məlumat və məlumatların toplanması üçün sahə nazirlikləri arasında üfüqi əməkdaşlığı və nazirliklər daxilində şaquli əməkdaşlığı əhatə edir. Ölkələrin şəffaflıq hesabatlarının ehtiyaclarını ödəmək üçün milli resurslar və təcrübə kifayət etmədikdə, hökumətlər arasında ikitərəfli əməkdaşlıq vasitəsilə ötürülən beynəlxalq "know-how" təcrübəsi boşluqların aradan qaldırılmasında faydalı olmuşdur. Şəffaflıq amili daxili siyasətdə, xarici siyasətdə, eyni zamanda qlobal dünyanı narahat edən iqlim dəyişikliyinə qarşı mübarizə baxımından önəmli məsələdir. Beynəlxalq tədbirlərə uğurlu evsahibliyi edən paytaxtımız bu dəfə də Qlobal Şəffaflıq Platformasının yaradılması işinə töhfə verəcək, eyni zamanda iqlim dəyişikliyi prosesində maraqlı tərəflərin, Qeyri Hökumət Təşkilatlarının birgə əməkdaşlığı baxımından vacib platforma olacaq. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icra katibi Simon Stiell də İqlim Şəffaflığı üzrə Bakı Qlobal Platformasının işə salınmasını alqışladı. Rəsmi Bakının təşəbbüsləri hər zaman beynəlxalq dəstək görür. COP29 ərəfəsində Azərbaycanın təşəbbüsü ilə yaradılan İqlim Şəffaflığı üzrə Bakı Qlobal Platformasının qlobal əhəmiyyəti var. Azərbaycan qlobal proseslərdə müşahidəçi, iştirakçı deyil, bilavasitə təşəbbüskar ölkədir. Ölkəmiz qlobal məsələlərin həllində ən əsas aktorlardan biri kimi çıxış edir. Təkmilləşdirilmiş Şəffaflıq Çərçivəsinə əsasən, Paris Sazişinin Tərəfləri iki ildən bir şəffaflıq hesabatlarını (Biennial Transparency Report/BTR) təqdim etməlidirlər. Qlobal İqlim Şəffaflığı Platforması da İkiillik Şəffaflıq Hesabatlarının hazırlanması və təqdim edilməsində önəmli rol oynayacaq. Sadəcə COP29-un uğurla keçirilməsi deyil, eyni zamanda şəffaflıq, obyektiv dəyərləndirmənin də olması Azərbaycan hökuməti üçün vacib amildir.
İqlim Şəffaflığı üzrə Bakı Qlobal Platforması Genişləndirilmiş Şəffaflıq Çərçivəsində (ETF) universallığın təmin edilməsi, şəffaflığın artırılması baxımından COP29-dan sonra da işlək mexanizmdə olmağı hədəfləyir. COP29-un əhatə dairəsi sadəcə Azərbaycana dividentlər qazandırmayacaq, bu mötəbər tədbirin məhsuldarlıq arealı tədbirdən sonra da olduqca geniş tutulacaq".
Zeynəb Rzayeva