Beqlaryan və onun kimiləri cinayətlərinə görə gec-tez məhkəmə qarşısında dayanacaqlar- ÖZƏL

"Məlumdur ki, 2023-cü ilin sentyabrında keçirilən əməliyyatdan sonra onlar saxlanılaraq Bakıya gətirilən və istintaqa təhvil verilən separatçılara qarşı terrorizm, terrorçuluğu maliyyələşdirmə, qanunla nəzərdə tutulmayan silahlı birləşmə və qruplaşmalar yaratmaq, terrorizm məqsədilə təlimlər keçirmək ittihamları irəli sürülüb və bu ittihamları təsdiq etmək üçün kifayət qədər dəlil və sübutlar mövcuddur".

Bu fikirləri politoloq Yusif Bağırzadə Olaylar.az-a açıqlamasında bildirib:

"Yəni başqa sözlə desək, bu şəxslər uzun illərdir Azərbaycana və Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə, şəxsiyyət əleyhinə, habelə digər ağır və xüsusilə ağır cinayətlər törətmiş cinayətkarlardır.
Baş Prokurorluğun verdiyi məlumata görə istintaq işi artıq yekunlaşıb və yaxın günlərdə onlarla bağlı məhkəmə prossesinə başlanılacaq. Böyük ehtimalla biz məhkəmənin gedişində bu cinayətkarların dilindən xeyli etirafları da eşidəcəyik. Bu isə təbii olaraq həm qaçıb canını qurtarmış digər separatçıları da, Ermənistan hakimiyyətini də və eləcə də uzun illər ərzində bu separatçılara dəstək verən ayrı-ayrı beynəlxalq gücləri də narahat edir.
Ona görə də separatçıların sərbəst buraxılması və Ermənistana verilməsi üçün müxtəlif yollara baş vururlar. Məsələnin beynəlxaq səviyyəyə daşınması ilə ölkəmizə qarşı beynəlxaq təzyiqə nail olmağa cəhdlər edirlər. Və açıq demək lazımdır ki, bir sıra hallarda buna nail də olurlar. Biz ayrı-ayrı vaxtlarda Avropa İnstitutlarının təmsilçilərinin dilindən separatçıların azad olunması ilə bağlı çağırışlara şahidlik etmişik.
Bu gün Azərbaycan qarşı yalan və iftiralarla dolu çağırışlar edən ayrı-ayrı qüvvələr üçün səbəbin heç bir əhəmiyyəti yoxdur. Onlara sadəcə bəhanələr lazımdır. Yəni, hətta separatçılar sərbəst buraxılsa belə bizə qarşı çirkin kampaniya aparmaq istəyənlər başqa bəhanələr axtarıb tapacaqlar.
Amma onlar bir şeyi unudurlar və ya hələ də dərk etmirlər ki, Azərbaycanla təzyiq dilində danışmaq heç bir fayda verməyəcək. Ölkə rəhbərliyi öz addımları və bəyanatları ilə bunu dəfələrlə sübut edib. Cinayətkarlar mütləq şəkildə cəzalarını alacaqlar və bu reallığı heç kim dəyişə bilməz. Bu gün hələ ki, qaçıb canını qurtarmış və hansısa "qaçırma planı"ndan danışan Beqlaryan və onun kimiləri də gec-tez mütləq şəkildə Azərbaycan xalqına qarşı cinayətlərinə görə məhkəmə qarşısında dayanacaqlar".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31