Azərbaycan-İtaliya arasındakı qarşılıqlı münasibətlər uğurla inkişaf edir

Müstəqillk əldə etdikdən sonra Azərbaycan bütün dövlətlərlə ikitərəfli, bərabərhüquqlu əlaqələrin inkişafına üstünlük verir. Eyni siyasət regional və beynəlxlaq təşkilatlarla da sərgilənir. Xüsusən, beynəlxalq təşkilatlarda təmsil olunan dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinə üstünlük verir. Yürüdülən balanslaşdırılmış xarici siyasət  dövlətlər tərəfindən dəyərləndirilir və ən müxtəlif sahələrdə əməkdaşlığa önəm verilir. Azərbaycanın əməkdaşlıqda maraqlı olduğu dövlətlərdən biri də İtaliyadır ki, hazırda qarşılıqlı faydalı münasibətlər yüksək səviyyədədir. Belə ki, Azərbaycan-İtaliya əməkdaşlığında möhkəm dostluq və tərəfdaşlıq ənənələri mühüm yer tutur. Hazırda Azərbycan İtaliya ilə siyasi, iqtisadi, energetika, humanitar və sair sahələrdə əməkdaşlıq edir. Bu münasibətlər qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, bir-birinin maraqlarına hörmət prinsiplərinə əsaslanır. Hazırda iki ölkə arasında siyasi münasibətlər arzuolunan səviyyədədir. Yeri gəlmişkən qeyd edək ki, bu əməkdaşlığın əsası Ulu Öndər Heydər Əliyevin 1997-ci ilin sentyabrında İtaliyaya ilk rəsmi səfəri zamanı qoyulub. Məhz bu səfər iki dövlət arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi üçün əhəmiyyətli addım olub. Ulu Öndərin İtaliyaya səfəri nəticəsində iki dövlət arasında siyasi, iqtisadi, mədəni və texniki əməkdaşlıq üzrə yeddi saziş imzalanıb. Beləliklə, qarşılıqlı münasibətlər və əlaqələr artan xətt boyu inkişaf etməyə başlayıb, bir sıra səfərlər həyata keçirilib. İtaliya rəsmiləri həm də Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına tərəfdar olduqlarını bildiriblər. Etiraf edilməlidir ki, hər iki ölkənin rəhbərlərinin qarşılıqlı səfərləri münasibətlərin inkişafına böyük təkan verir. Bu baxımdan, İtaliya Prezidenti Sercio Mattarellanın 2018-ci ilin iyulunda Azərbaycana ilk dövlət səfəri də əlaqələrimizin inkişafında xüsusi yer tutur. Bu səfərdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri reallaşdı. Beləcə qarşılıqlı münasibətlər daha sıx xarakter daşımağa başladı. Dövlətimizin başçısının 2022-ci ildə İtaliyaya növbəti səfəri iki ölkə arasında əlaqələrin dinamik şəkildə inkişaf etdiyini göstərir. Həmin səfər zamanı İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə əlaqədar imzalanmış sənədlərin mübadiləsi mərasiminin keçirilməsi, həmçinin dövlətimizin başçısının Çernobbio şəhərində keçirilən beynəlxalq forumda iştirakı və çıxışı, həmçinin bu ilin iyununda İtaliyanın "Leonardo" şirkətinin istehsalı olan "C-27J Spartan" tipli hərbi nəqliyyat təyyarəsinin ölkəmizə təhvil verilməsi və digər faktlar iki ölkə arasında əməkdaşlıq sahələrinin genişlənməsinin bariz nümunəsidir. Həmçinin İtaliyanın dövlət və hökumət nümayəndələri, o cümlədən nazir və nazir müavinləri də Azərbaycana mütəmadi olaraq səfərlər həyata keçirirlər.
Azərbaycan və İtaliya arasında iqtisadi və energetik sahədə əməkdaşlığı da yüksək səviyyədədir. İtaliya Azərbaycandan xam neft və neft məhsullarının ixracında ən iri ticarət tərəfdaşına çevrilib. Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik qaz boru kəməri (TAP) ikitərəfli enerji əməkdaşlığını və İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən vacib amildir. Ötən il TAP kəməri vasitəsilə İtaliyaya təqribən 10 milyard kubmetr qaz ixrac olunub ki, bu da Azərbaycanın bu ölkənin enerji təhlükəsizliyinə töhfəsinin təzahürüdür. Ölkəmizlə Avropa İttifaqı arasında əldə edilən razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının tədarükü ildə azı 20 milyard kubmetrə çatmalıdır. Təbii ki, bu həcmin Avropaya çatdırılmasında Cənub Qaz Dəhlizinin bir hissəsi olan TAP da mühüm rol oynayacaq. İki ölkə arasında ticarət dövriyyəsinin əsasını Azərbaycanın ixracatı təşkil edir. 2023-cü ildə Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsinin həcmi 15,7 milyard ABŞ dolları, o cümlədən idxalın həcmi 0,5 milyard ABŞ dolları, ixracın həcmi 15,2 milyard ABŞ dolları təşkil edib, xarici ticarət saldosu isə müsbət 14,7 milyon ABŞ dolları olub. İtaliyanın da Cənubi Qafqaz ölkələri arasında əsas ticarət tərəfdaşı Azərbaycandır. Bu ölkənin Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 85 faizini Azərbaycan ilə ticarət təşkil edir. İtaliya işgüzar dairələri, həmçinin Azərbaycanda böyük məbləğdə sərmayələr qoyur, həyata keçirilən bir sıra beynəlxalq əhəmiyyətli layihələrdə iştirak edirlər. Təkcə onu demək kifayətdir ki, Azərbaycanda 100-dən çox İtaliya investisiyalı kommersiya qurumu sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət, xidmət və digər sahələrdə fəaliyyət göstərir. Təsadüfi deyil ki, ötən il fevralın 13-də Azərbaycanın müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində Prezident İlham Əliyev deyib: "Onu da bildirməliyəm ki, bizim əməkdaşlığımız təkcə energetika sahəsi ilə məhdudlaşmır. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Hazırda Bakıda Azərbaycan-İtaliya Universitetinin yeni binası inşa edilir. Azad edilmiş torpaqlarda bərpa-yenidənqurma işlərində İtaliya şirkətləri çox fəal iştirak edirlər - dini abidələrin bərpası və tikintisi, qələbə muzeylərinin tikintisi və dizaynı. Yəni, bu, doğrudan da çox strateji tərəfdaşlıqdır və əlbəttə ki, bugünkü mərasim bunu bir daha göstərir".
İki ölkə arasında humanitar sahədə də əməkdaşlıq uğurla inkişaf edir. Belə ki, 2012-ci ildə Romanın görkəmli "Villa Borghese" parkında dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin açılışı olub. Bu abidə "Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 dekabr tarixli Sərəncamına əsasən ucaldılıb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə bərpa edilən Müqəddəs Marçellinio və Pietro katakombalarını da xüsusi qeyd etmək lazımdır. Bu baxımdan Vatikanda Heydər Əliyev Fondunun və şəxsən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bəşəriyyət üçün dəyərli əsərlərin qorunması, gələcək nəsillər üçün saxlanılması istiqamətindəki səyləri çox yüksək qiymətləndirilir. 2020-ci ildə İtaliyada "Azərbaycan Mədəniyyət İli" elan edilməsi də ölkələrimiz arasında mədəni əlaqələrin yüksək səviyyəsinin daha bir göstəricisidir. Azərbaycan Dillər Universitetində italyan dili tərcüməsi ixtisası və İtalyan Dili Mərkəzi fəaliyyət göstərir. Təhsil sahəsində iki ölkə arasında əldə olunmuş ən əhəmiyyətli nailiyyət Prezident İlham Əliyevin 2020-ci ilin fevral ayında İtaliyaya dövlət səfəri zamanı Bakıda İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə bağlı razılıq əldə edilməsini göstərmək mümkündür. İtaliya Avropada azərbaycanlı tələbələrin ali təhsil aldığı əsas ölkələrdən biridir. 2022-ci il aprelin 2-də isə Bakıda ADA Universitetinin kampusunda İtaliya-Azərbaycan Universitetinin təməlqoyma mərasimi keçirilib. Bu universitet ölkələrimiz arasında təhsil sahəsində əlaqələri daha da gücləndirəcək. Bir sözlə, Azərbaycan-İtaliya münasibətləri hazırda yeni inkişaf mərhələsini yaşayır, strateji tərəfdaşlığa əsaslanan əlaqələrin möhkəmlənməsi üçün yeni səhifələr açılır. Əminliklə demək olar ki, strateji tərəfdaş olan Azərbaycan ilə İtaliya arasındakı qarşılıqlı münasibətlər bundan sonra da uğurla inkişaf edəcək.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31