Elmir Səftərov: İtaliya ilə mədəni əlaqələr də getdikcə genişlənir ÖZƏL
5 Sentyabr 2024 12:58 Siyasət"Etibarlı, güvənilən tərəfdaş kimi böyük nüfuz qazanan Azərbaycan qarşılıqlı faydalı əməkdaşlıq siyasətini daha da inkişaf etdirərək dünyanın müxtəlif regionlarındakı dövlətlərlə əlaqələrini genişləndirir. Bu baxımdan da maraqların beynəlxalq hüquq normalarını üstələdiyi bir zamanda Azərbaycanın diplomatik strategiyasını bəyənən tərəflər ölkəmizlə əməkdaşlığa böyük önəm verirlər".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elmir Səftərov deyib:
"Azərbaycanın təkcə qonşuları ilə deyil, Avropa, Mərkəzi Asiya, Afrika, Amerika ölkələri arasında dinamik münasibətlər hökm sürür, bu da çoxvektorlu əməkdaşlığın inkişafına zəmin yaradır. İtaliya da Azərbaycanın sıx siyasi və iqtisadi mübadilələrin həyata keçirildiyi və münasibətlərin son illərdə daha da fəal şəkildə irəli aparıldığı ölkələrdən biridir.
Ölkələrimiz arasında siyasi münasibətlərin tarixi isə 1918-ci il mayın 28-dən elan edilmiş ilk müstəqillikdən sonra başlayır. Bu zaman İtaliya ölkəmizə bəzi iqtisadi və hərbi nümayəndələrini göndərmişdi. Faktiki əməkdaşlıq isə Azərbaycanın müstəqilliyini əldə etməsi ilə regionda Ermənistanın beynəlxalq hüquqa zidd olaraq başlatdığı müharibə dövründən başlayır. Sonrakı dövrdə ölkə rəsmilərinin qarşılıqlı səfərləri ilə inkişaf edən əlaqələrimiz bu gün bir çox sahələri əhatə edən strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlib. Enerji təhlükəsizliyi və iqtisadi-kommersiya əlaqələri baxımından diqqətçəkən münasibətləri, həm də aktiv siyasi dialoq birləşdirir.
COVID-19 pandemiyasından sonrakı dövr, davam edən Rusiya-Ukrayna müharibəsi nəticəsində yaranan enerji böhranı fonunda Azərbaycan-İtaliya genişlənlənən əməkdaşlığı karbohidrogen ehtiyatlarında qiymət artımının mənfi təsirlərini yumşaltmağa imkan verdi, ölkəmizi Avropanın enerji təhlükəsizliyində vacib aktora çevirdi. Beləliklə, son illərdə İtaliya Trans-Adriatik Boru Xətti (TAP) ilə Azərbaycandan təbii qazın tədarükü sayəsində ölkəmizin aparıcı xam neft tədarükçüsünə və ən böyük qaz təchizatçılarından birinə çevrildi. Təbii qazın tədarükü 2024-cü ilin yanvarında 878 milyon kubmetrə çatıb ki, bu da 2023-cü ilin analoji dövründə olduğundan 3,1 faiz çoxdur. Bu ölkə 2023-cü ildə TAP vasitəsilə Azərbaycandan 10 milyard kubmetrə yaxın təbii qaz idxal edib".
E.Səftərov qeyd edir ki, ümumilikdə İtaliya-Azərbaycan tərəfdaşlığı təkcə enerji əməkdaşlığı sahəsi ilə məhdudlaşmır, ticarət, mədəniyyət, kənd təsərrüfatı, hərb-texniki kimi bir çox sektorlarda fəal və sərfəli əməkdaşlıq edilir:
"Ən vacib məqamlardan biri isə Azərbaycanın İtaliyanın Cənubi Qafqazdakı ən böyük ticarət tərəfdaşı olmasıdır. Həmçinin mədəni və akademik əlaqələr də öz növbəsində getdikcə genişlənir, bunu İtaliya-Azərbaycan Universiteti layihəsinin inkişafı nümayiş etdirir ki, bu da bütün sektorlar üzrə ikitərəfli əməkdaşlığımızı daha da zənginləşdirir.
Eyni zamanda ölkəmizin COP29-a, İtaliyanın isə G7-yə sədrliyi əməkdaşlığımız və yeni hədəflərə nail olmaq üçün əlverişli imkanlar açır.
Azərbaycanın Qarabağ bölgəsinin yenidən qurulması sahəsində İtaliya Bakı ilə sistemli şəkildə geostrateji əməkdaşlıq həyata keçirir. Azərbaycan Prezidenti İlham Əliyevin italiyalı həmkarı Sercio Mattarellaya ünvanladığı təbrik məktubunda işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması işlərində İtaliya şirkətlərinin səmərəli fəaliyyətini təqdirəlayiq adlandırmışdı. Bütün bunlar onu deməyə əsas verir ki, İtaliya şirkətləri işğaldan azad olunmuş ərazilərin bərpasında fəal iştirak edir".
Qiymət Mahir