Sultan Zahidov: Onun vədlərinə, dediklərinə inanmaq olmaz- ÖZƏL

"Təxminən 1 il əvvəl Azərbaycan silahlı qüvvələri bir gündən də az zaman çəkən antiterror tədbirlərini həyata keçirərək Azərbaycanın suverenliyini tam şəkildə bərpa etmiş oldular". 

Bu fikirləri politoloq Sultan Zahidov Olaylar.az-a açıqlamasında bildirib:

"Nəticədə erməni separatizminin kökü tamamilə kəsildi, erməni separatçı quldurlarının bəzi başçıları həbs edildi, amma bəzi nümayəndələri də İrəvana gedərək oradan öz siyasi fəaliyyətlərini davam etdirdilər. Baxmayaraq ki, antiterror tədbirləri nəticəsində razılaşma imzalanmışdı ki, qondarma "Qarabağ Respublikasının" bayrağı, hökuməti və bütün siyasi atributları buraxılır və ondan sonra atəşkəs imzalanır. Həmin vaxt Şahramanyan özü də buna razılıq vermiş, hətta imzalamışdır. O isə İrəvana getdikdən sonra yenidən fəallaşmış, Azərbaycana qarşı iddialarla gündəmə gəlmişdir. Görünən odur ki, Şahramanyan özü də erməni siyasi elitasının bəzi nümayəndələri kimi ikiüzlü simaya malikdir. Onun vədlərinə, dediklərinə inanmaq olmaz. Yenidən siyasətə qoşulmaq, öz ətrafında müəyyən kütlə toplamaq istəyir. Sözsüz ki, onun arxasında duran qüvvələr də var. Biz burada Rusiyanın Ermənistandakı "beşinci kolon"unu və digər radikal qüvvələri, "Daşnaksütyun"u istisna etməməliyik. Görünən odur ki, Şahramanyan müəyyən mənada siyasi meydana yenidən dırnaqarası iddialarla qayıtmaq istəyir. Amma sözsüz ki, bunlar yalnız iddia olaraq qalacaq. Regiondakı geosiyasi reallıq Azərbaycan tərəfindən çoxdan dəyişdirilib və bu reallıq daimi şəkildə toxunulmaz qalacaqdır. Şahramanyan sadəcə daxili arenada özünə müəyyən xallar qazandırmaq üçün hər cür cəfəngiyyatı səsləndirir. Bu yalnız və yalnız Ermənistanın daxili auditoriyasında müəyyən kəsimlər üçün maraqlı ola bilər. Əks təqdirdə nə beynəlxalq ictimaiyyət, nə Azərbaycan onun dediklərinə ciddi önəm verməməlidir və verməyəcək".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31