Zeynal Əmrəliyev: Onlar özlərinə siyasi status əldə etməyə çalışırlar- ÖZƏL
3 Sentyabr 2024 14:15 Siyasət"Son zamanlar İrəvandakı keçmiş Qarabağ separatçıları çox fəallaşırlar. Samvel Şahramanyan əvvəllər də bir qədər fəal açıqlamalar verir, iclaslar keçirirdi, amma sonradan dayanmışdı. İndi yenidən müvafiq açıqlamalarla çıxış etməyə başlayıb".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib:
"Görünür, kimlərsə onları dirçəltməyə çalışır. Böyük ehtimalla bu, maliyyə qaynaqları ilə bağlıdır. Son zamanlar Qarabağdan Ermənistana köçən şəxslərlə bağlı maliyyə yardımları ayrılır. Həmin maliyyənin üstündə də Ermənistan hökuməti ilə separatçılar arasında, eləcə də keçmiş komanda üzvləri arasında qalmaqal yaşanır. Hətta böyük miqdarda pul Ermənistan hökumətinə verildi. Onlar Paşinyan hökumətini bu pulları təyinatı üzrə xərcləməməkdə ittiham edirdilər. Daha sonradan, Robert Köçəryanın dövründə Xarici İşlər naziri olmuş Vardan Minasi Oskanyanın başçılığı altında komissiya yaradılıb. Guya ki, həmin komissiya Qarabağ ermənilərini Qarabağa geri qaytaracaq. Tamamilə absurd məsələdir. Onlar da dərk elədilər ki, Qarabağ ermənilərinin geri qayıtması yalnız bir halda mümkündür, buna Azərbaycan icazə verməlidir. Həmin ərazilər həm de-fakto, həm də de-yure Azərbaycanın nəzarəti altındadır. Azərbaycanın da bir şərti var ki, həmin şəxslər Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər. Onlar da işğaldan əvvəl orda yaşayan insanlar olmalıdır. Suriyadan, Livandan, digər bölgələrdən Qarabağa köçən ermənilərin geri qayıdışı mümkün deyil. Çünki onların həmin ərazilərdə məskunlaşması qeyri-qanuni olub. Digərləri də Azərbaycanın vətəndaşlığını qəbul etdikdən sonra gələ bilərlər. Bunu istəmirlərsə, onların orda yaşaması mümkün deyil. Sadəcə olaraq həmin şəxslər "biz də varıq" mesajı ilə cəmiyyəti ayaqda saxlamağa, özlərinə siyasi status əldə etməyə çalışırlar. Müəyyən iclaslar keçirərək bunu bildirirlər. Nə vaxt ki, həmin şəxslərə Ermənistan vətəndaşlığı veriləcək, Qarabağ söhbəti yaddan çıxacaq və Ermənistanın siyasi həyatında iştirak etməyə başlayacaqlar".