Ölkədə ordu quruculuğu düzgün təməllər üzərində həyata keçirilmişdi- ÖZƏL
3 Sentyabr 2024 13:01 Siyasət"Bu gün Heydər Əliyevin siyasi fəaliyyətinin ən vacib komponentini təşkil edən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri seçilməsindən 33 il ötür. İllər keçdikcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin miqyasının böyüklüyü daha aydın görünür, fəaliyyətinin hər bir istiqaməti bir tədqiqat mövzusu kimi diqqətdə olur". "Olaylar" xəbər verir ki, bunu YAP Şuşa rayon təşkilatının fəalı Natiq Mahmudov deyib: "Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi ulu öndər Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində həm də milli dövlətçilik ideyasının gerçəkləşməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Azərbaycanı dünyaya tanıdan bu uğurların təməli isə 1991-ci il sentyabrın 3-də Naxçıvanda qoyulub. Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə xalqımızın xilaskarı, müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı, ümummilli liderimiz Heydər Əliyev Ali Məclisin Sədri seçilib. Bununla da, qədim Naxçıvanda milli qurtuluşun, milli dövlətçiliyin təməlləri atılıb. 3 sentyabr 1991-ci ildən etibarən muxtar respublikamızda həyata keçirilən çoxşaxəli islahatlar bütün Azərbaycanda reallaşdırılıb. Ümumiyyətlə, 1991-ci ilin sonlarına doğru Heydər Əliyevin muxtar respublikada ordu quruculuğu istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlər blokada şəraitində yaşayan Naxçıvanı düşmən hücumlarından qorumaqla bərabər, həm də müstəqil Azərbaycanda ordu quruculuğu prosesinin başlanğıcı oldu. Lakin müstəqilliyimizin ilk illərində respublikamıza rəhbərlik etmiş siyasi qruplardan fərqli olaraq Heydər Əliyevin həyata keçirdiyi ordu quruculuğu düzgün təməllər üzərində həyata keçirilmişdi və vahid komandanlığa əsaslanırdı. Naxçıvanda yaradılan hərbi birləşmələr hansısa şəxslərə və siyasi partiyalara tabe deyildilər. Ona görə Naxçıvan Heydər Əliyevin rəhbərliyi ilə düşmənə qarşı dəyanətlə mübarizə apardı. Ermənistanın işğal planlarının muxtar respublikada həyata keçirilməsinə imkan verilmədi. Beləliklə, Naxçıvana və siyasət meydanına qayıdışı ilə xalq hərəkatına yeni məzmun gətirən Heydər Əliyevin fəaliyyətinin Naxçıvan mərhələsinin əsas məqamlarından biri də boya-başa çatdığı torpağı Ermənistanın hərbi təcavüzündən qoruması, xilas etməsi oldu".
Alim Hüseynli
Olaylar.az