Müstəqilliyin əldə edilməsi ilə ölkəmiz qarşısında geniş inkişaf perspektivləri açıldı- ÖZƏL
3 Sentyabr 2024 12:53 Siyasət"1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Soveti tərəfindən Müstəqillik haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi və xalqımızın həyatında keyfiyyətcə yeni mərhələnin bünövrəsi qoyuldu. Müstəqilliyin əldə edilməsi ölkəmiz qarşısında çox geniş inkişaf perspektivləri açırdı. Bu tarixi hadisə sayəsində Azərbaycan xalqı, ilk növbədə, öz həyatını sərbəst və müstəqil qurmaq imkanı qazandı". "Olaylar" xəbər verir ki, bunu YAP Gədəbəy rayon təşkilatının əməkdaşı Anar Məmmədov deyib:
"Yeni, qüdrətli dövlət qurmaq üçün respublikanın müəyyən imkanları mövcud idi. Ölkənin zəngin təbii sərvətləri, iqtisadi, siyasi və mədəni potensialı, əlverişli coğrafi mövqeyi və digər amillər Azərbaycanın regionda və dünyada özünün layiqli yerini tutmasını şərtləndirən vacib faktorlardan idi. Ümummilli Liderin dövlətçilik baxımından qısa müddət hesab olunan dövrdə xalqımıza və milli dövlətçiliyimizə qazandırdığı, bəxş etdiyi nailiyyətlər yalnız Azərbaycanın müstəqilliyini, mövcudluğunu qorumaq, onun sütunlarını möhkəmləndirmək və inkişaf yollarına çıxarmaqla məhdudlaşmır. Yeni əsrin və yeni minilliyin başlanğıcında Ulu Öndərin liderliyi ilə artıq ölkəmizin qarşısında duran bir çox məsələlər uğurlu həllini tapmış, gələcəyin güclü, qüdrətli Azərbaycanının sarsılmaz bünövrəsi qoyulmuşdur. Bu gün arzuları gerçəkliyə çevirməyi bacaran, həyat amalını hər zaman xalqın xidmətçisi olmaqda görən cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sosıal-iqtisadi və mədəni həyatını əhatə edən bütün sahələrdə görülən işlər, insanların sabaha olan inamını daha da artıran uğurlu nəticələr həm də dahi Heydər Əliyevin ruhu qarşısında bir hesabatdır. Ulu öndərin müstəqil, dinamik inkişafının əsasını qoyduğu ölkəmizi Prezident İlham Əliyev ləyaqətlə, inamla, qətiyyətlə irəliyə aparır və özünün gərgin, məhsuldar fəaliyyəti ilə dövlətçiliyimizə, müstəqilliyimizə, ölkəmizin sosial-iqtisadi tərəqqisinə şərəflə xidmət edir".
Alim Hüseynli
Olaylar.az