Məntəqə sədri mediaya müraciət etdi- ÖZƏL
2 Sentyabr 2024 16:00 Siyasət"Hörmətli mətbuat işçiləri! Əksəriyyətiniz bilirsiniz ki, mən 35 ildən çoxdur ki, müxtəlif seçkilərdə Məntəqə sədri olaraq fəaliyyət göstərmişəm. Və bu seçkilərdə hər dəfə aşkarlıq, demokratiya şəraitində milli qanunvericiliyə və beynəlxalq norma və standartlara uyğun hərəkət etmişəm. Çox təəssüflər olsun ki, ölkəmizdə keçirilən 01 sentyabr 2024- ci il tarixli Azərbaycan Milli Məclis seçkilərinə qara ləkə salmaq istəyən mətbuat işçilərinə hələ də rast gəlmək olur". Bunu "Olaylar"a 50 saylı Abşeron Üçüncü seçki dairəsinin 01 saylı Məntəqəsinin sədri Pənah Babayev deyib:
"Belə ki, mən 50 saylı Abşeron Üçüncü seçki dairəsinin 01 saylı məntəqəsinin sədri olaraq tam məsuliyyəti ilə bildirirəm ki, keçirdiyim seçki mövcud təlimatlara uyğun şəkildə aparılmışdır. Buna baxmayaraq, xain xislətli insanlar qara ləkə yaxmaq üçün təlimatdan xəbəri olmayaraq yalan, yalnış məlumatları internet resurslarında paylaşmaqla bugünki mətbuatımıza qara ləkə salırlar. Hansısa savadsız mətbuat işçisi məntəqə bağlandıqdan sonra istifadə edilməmiş bülletenlərin aşağı sağ küncünün ləğvetmə xəttindən kəsilərək ləğv edilməsi videosunu paylaşaraq, guya bülletenlerin yuxarı sol küncünün kəsilib, qutuya salınması kimi təqdim edərək, keçirilən seçkiyə, gördüyümüz işə qara ləkə yaxmağa çalışır. Hər bir mətbuat işçisindən xahiş edirəm ki, bu cür savadsız və əyri xislətli mətbuat işçisinə öz aranızda yer verməyin. Çünki, bu cür adamlar müasir mətbuatımıza yaraşmayan, nəyinsə xatirinə düzə əyri deməyi bacaran məxluqlardır".