Bu parlament seçkilərinin Azərbaycan tarixində özünəməxsus yeri olacaq- ÖZƏL
2 Sentyabr 2024 13:31 Siyasət"Son parlament seçkiləri şüphəsiz ki, Azərbaycan tarixində əlamətdar hadisə idi. İlk dəfə parlament seçkiləri bütün ölkə ərazisində keçirildi".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib:
"Demək olar ki, seçkilər müddətində heç bir ciddi qanun pozuntusu qeydə alınmadı. Siyasi partiyaların nümayəndələri, bitərəf namizədlər, cəmiyyətdə nüfuz sahibi olan insanlar seçkilərdə aktiv şəkildə iştirak etdilər. Yay ayları olmasına baxmayaraq çox güclü şəkildə təbliğat aparıldı. Seçkilərdə fəallıq da pis deyildi. Əksər hallarda dünya ölkələrində də yay aylarındakı seçkilərdə fəallıq aşağı düşür. Buna baxmayaraq Azərbaycanda seçki fəallığı qənaətbəxş idi. Əlamətdar hadisədir ki, ən çox seçki fəallığı Xankəndidə qeydə alındı. Əhali kütləvi şəkildə parlament seçkilərinə gəldi və öz deputatlarını, təmsilçilərini seçdi. Seçkilərlə bağlı beynəlxalq təşkilatların rəyləri də müsbət idi. Bu parlament seçkilərinin Azərbaycan tarixində özünəməxsus yeri olacaq".