Elmir Səftərov: Yaxın illərdə Ermənistanın Rusiyadan uzaqlaşması real görünmür- ÖZƏL

"Ermənistanın Rusiyadan uzaqlaşmaq səyləri və bunun reallaşması İrəvan üçün ciddi mənfi çağırışdır. Belə ki, ticarət, nəqliyyat, enerji, ərzaq təhlükəsizliyi və digər sahələr təhlükə altında qalacaq və İrəvanın bunu kompensasiya etməsi hazırkı vəziyyətdə qeyri-mümkündür".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elmir Səftərov deyib:

"Ermənistanın Rusiya ilə münasibətlərində ziddiyyətləri artırması Kremlin Ukraynadakı müharibədə əlini gücləndirməsindən və strateji üstünlük qazanmasından sonra ilkin mərhələdə iqtisadi sanksiyaların tətbiqinə gətirib çıxara bilər. 
 
Son illərdə İrəvanla Moskva arasında siyasi gərginliyin artmasına baxmayaraq, Ermənistanın iqtisadi 
asılılığı nəzərəçarpacaq dərəcədə güclənib. 
Hətta ölkələr arasında ticarət əlaqələri Ukrayna müharibəsindən və Qərbin  Rusiyaya tətbiq etdiyi  sanksiyalardan sonra yeni mərhələyə yüksəlib. İrəvan deyərdim ki,  bu böhrandan qazanc əldə etməyə başladı, Avropa və Amerika mallarının tədarükü üçün bir neçə ünvandan birinə çevrildi. Bu da tərəflər arasındakı ticarət dövriyyəsinin artım dinamikasından xəbər verir. Qərbə meyillənən Ermənistanın 
öz mallarının alternativ satış bazarı kimi görünən Avropa İttifaqı ilə siyasi təmaslarının artmasına baxmayaraq, digər sahələrdə ciddi artım müşahidə olunmur".

Siyasi şərhçi qeyd edib ki, bu ilin yanvarına olan məlumata görə, Ermənistanın ümumi xarici ticarətinin cəmi 6,5 faiz Aİ-nin payına düşür. Bu da olduqca aşağı göstəricidir:

"Aİ bazarlarının tezliklə Ermənistana
biznesinə qapılarını açacağı ehtimalı aşağıdır. Çünki bu  uzunmüddətli prosesdir, onun reallaşması heç də asan deyil. Buna görə də Rusiya bazarının itirilməsi bir çox erməni istehsalçıları üçün sarsıdıcı ola bilər.
Son illərdə İrəvan-Moskva əlaqələrindəki ziddiyyətlərə baxmayaraq, Ermənistan yaxın  illərdə Rusiyadan idxal olunan qazın hazırkı qiymətinin sabit qalması üçün çalışır. Bu da Ermənistanın iqtisadiyyatın əhəmiyyətli dərəcədə Rusiyadan asılılığını artırır.
Buna ucuz rus qazı olmadan kimya sənayesinin tənəzzülə uğradığı Almaniyanı misal göstərmək olar. 

Ermənistanın Rusiyadan asılılığı qida sektorunda da əhəmiyyətlidir. Ermənistana idxal edilən buğdanın 90 faizdən çoxu Rusiyadan gəlir. 

Ərazilərimizi qanunsuz olaraq istifadə edən Ermənistanın Qarabağın azad edilməsindən sonra daxili tələbatını ödəmək potensialı nəzərəçarpacaq dərəcədə azalıb. Məsələn, təxmini hesablamalara görə, 2020-ci il müharibəsinə qədər Qarabağ Ermənistanda istehlak edilən buğdanın həcminin 20-30 faizini təmin edirdi.

Ermənistan-Rusiya əlaqələrində enerji təhlükəsizliyi də əhəmiyyətli yer tutur. Belə ki, Ermənistanda daxili elektrik enerjisi istehlakının 30 faizindən çoxunu təmin edən Atom Elektrik Stansiyasıdır.  Atom elektrik stansiyaları üçün nüvə yanacağı olan uran da Rusiyadan gətirilir.
Bundan əlavə, Rusiya sərhədçiləri İrəvanın Zvartnots hava limanında xidməti başa vurduqdan sonra onu Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərində davam etdirirlər. Bu da digər sahələrlə yanaşı, Ermənistanın təhlükəsizliyinin də böyük ölçüdə Rusiya tərəfindən təmin edildiyini deməyə əsas verir və 
İrəvanın maraqlarına uyğundur. 

Hazırda Ermənistanın Aİ-yə üzvlüyü üçün imzatoplamanın təşkilinə hazırlıqların getdiyi məqamda, həmçinin Avropa İttifaqının Cənubi Qafqaz üzrə sabiq xüsusi nümayəndəsi Toivo Klaarın Qarabağ ermənilərinə birtərəfli qaydada dəstəyi zamanında İrəvanın Rusiyaya qarşı münasibətlərində də ciddi soyuqluğun yenidən gündəmə gətirilməsi təəcüblü deyil. Bununla  Ermənistan Qərbdən aldığı dəstəyin əhatə dairəsini genişləndirir və yeni himayədarlarına öz səmimiyyətini nümayiş etdirir. 

Bütün bu faktlar onu deməyə əsas verir ki, yaxın illərdə Ermənistanın Rusiyadan uzaqlaşması real görünmür".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31