Məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasında ən böyük maneə ərazilərin minalanmasıdır

İstiqamət: 5.3.7. işğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərini bərpa etmək və bu ərazilərin yerli sakinləri olan azərbaycanlıları geri qaytarmaq məqsədilə Böyük Qayıdış proqramı həyata keçirilir. Hazırda bu proqram Qarabağ və Şərqi Zəngəzurda davam etsdirirlir. Sözügedən layihəyə dağılmış şəhərlərin və binaların yenidən qurulması, ağıllı kəndlərin, eləcə də hava limanlarının tikintisi daxildir. 2026-cı ilə qədər Böyük Qayıdış proqramının I mərhələsinin tamamlanacağı və bu mərhələdə 140 min məcburi köçkünün Qarabağ və Şərqi Zəngəzura qayıdacağı planlaşdırılır. Hal-hazırda işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun 3 şəhərində (Laçın, Füzuli, Şuşa) və 4 kəndində azərbaycanlıların məskunlaşdırılması təmin edilib. Zəngilanın Ağalı kəndi azərbaycanlıların işğaldan sonra məskunlaşdığı ilk yaşayış yeridir. 10 may 2024-cü il tarixindən etibarən, keçmiş Laçın dəhlizinə daxil olan 3 yaşayış məntəqəsində də (Laçın, Zabux və Sus) azərbaycanlıların məskunlaşdırılması təmin edilib. Prezident İlham Əliyev mətbuat nümayəndələrinə verdiyi açıqlamasında bildirib ki, artıq işğaldan azad edilmiş kəndlərə vətəndaşların qayıdışı təmin edilir: "Qayıdış məsələsinə gəldikdə, dörd şəhərə və dörd kəndə vətəndaşlar artıq qayıdıblar. Azad edilmiş ərazilərdə artıq 8 minə yaxın əhali yaşayır. İlin sonuna qədər bu rəqəm 20 minə çatacaq. Bir neçə ay əvvəl biz 23 binadan ibarət yaşayış kompleksini istifadəyə verdik, üç, dörd, beşmərtəbəli binalardır. Buraya yaxındır, oranı gedib görə bilərsiniz. Artıq orada sakinlər yaşayırlar. Yəni, Qarabağda və Şərqi Zəngəzurda geniş reabilitasiya proqramı həyata keçirilir".
Məlumat üçün qeyd edək ki, hazırda da bu proses davam etməkdədir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə  Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, məcburi köçkünlərin doğma yurda qayıdışının təmin edilməsi istiqamətində məqsədyönlü, genişmiqyaslı tədbirlər həyata keçirilir. Dövlətimizin başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərə səfərləri, Böyük Qayıdışla bağlı tədbirlərin icrasının daim nəzarətdə saxlanılması öz ata-baba yurduna qayıtmağa hazırlaşan məcburi köçkünlərdə dərin razılıq və minnətdarlıq hissi doğurur. 
Belə ki, cari il iyulun 30-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Şuşaya çatıb. Bu mərhələdə şəhərə köçürülən 79 nəfərdən ibarət 21 ailəyə mənzillərin açarları təqdim edilib. 
Ardınca- iyulun 31-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Laçın rayonuna çatıb. Laçın şəhərinə yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib. Köçürülən ailələr vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Laçın şəhərinə daha 18 ailə - 60 nəfər köçürülüb. Bununla da Laçın şəhərində 552 ailənin, yəni 2031 nəfərin daimi məskunlaşması təmin edilib.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Laçın sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Yeri gəlmişkən qeyd edək ki, doğma yurdlarına qayıdan məcburi köçkünlərin məskunlaşması və məşğulluğunun təmin edilməsi məqsədilə də tədbirlər həyata keçirilməkdədir. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) birgə əməkdaşlığı çərçivəsində "Risklər barədə maarifləndirmə və təhlükəsiz davranış" mövzusunda daha bir təlim keçirilib. İyul ayında növbəti dəfə təşkil edilən təlim Füzuli rayonuna köçürülmüş və dayanıqlı məskunlaşması təmin edilən sakinlər arasında olub. Maarifləndirici təlimlərin keçirilməsində əsas məqsəd İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində keçmiş məcburi köçkünlərin mina və partlamamış hərbi sursatlarla (PSD) bağlı məlumatlılığının artırılması, mümkün risk faktorunun minimuma endirilməsidir. AzQAC-ın mütəxəssis və könüllülərindən ibarət heyət bu dəfə Füzuli şəhərinə səfər edib. Təlimçilər "Qapı-qapı" sessiyası çərçivəsində mənzillərə gedərək hər bir ailəyə zəruri məlumatlar verib, onların suallarını cavablandırıblar. Təlimlərin zamanı qadağanedici, xəbərdaredici və məlumatlandırıcı nişanlar barədə ətraflı məlumatlar verilib, maarifləndirici broşürlər paylanılıb, təhlükə zamanı müraciət edilə biləcək dövlət qurumları və əlaqə vasitələri  xatırladılıb. Füzuli şəhərində iyul ayı ərzində mina təhlükəsi ilə bağlı maarifləndirmə həftəsində ümumilikdə 500-dən çox şəxs məlumatlandırılıb.Ümumilikdə, mina və PSD təhlükəsi ilə bağlı maarifləndirici təlimlərə indiyədək 20 000-dən çox şəxs cəlb edilib. Təlimlərin keçmiş məcburi köçkünlərin sıx məskunlaşdıqları digər ərazilərdə silsilə şəklində davam etdirilməsi nəzərdə tutulur.
Prezident İlham Əliyev də qeyd edib ki, məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasında ən böyük maneə ərazilərin minalanmasıdır: "Burada, əlbəttə ki, ən böyük maneə məhz minalardır. Bizim həmin ərazilərin reabilitasiyasının daha sürətli aparılması üçün infrastruktur layihələrinin və yaşayış binalarının inşasına başlamamışdan əvvəl o ərazilər minalardan təmizlənir. Təəssüflər olsun ki, bizim kifayət qədər resursumuz, təcrübəli heyətimiz yoxdur. Beynəlxalq təşkilatlar və şirkətlər bizə elə qiymətlər təklif edirlər ki, hər bir kvadratmetrə təklif edilən qiymət 5-10 dəfə artıqdır. Çünki bizim də özümüzün Minatəmizləmə Agentliyimiz və şirkətlərimiz var. Bu, nə qədər davam edəcək, bunu demək çox çətindir".

Alim Hüseynli

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31