Cənubi Qafqazda mühüm təhlükəsizlik faktoru
9 Avqust 2024 10:12 SiyasətAzərbaycan-Rusiya münasibətləri bu məsələdə nümunə ola bilər
Rusiyanın Cənubi Qafqazda hegemon rol oynamasının tarixi bir neçə əsri əhatə edir. Coğrafi mövqeyinə görə, Azərbaycanın şimal qonşusu olan Rusiya ilə əlaqələrin qurulması qaçılmazdır. Müasir Azərbaycan Respublikasının ərazisi iki əsrə yaxın müddət ərzində əvvəl Rusiyanın, sonra isə SSRİ-nin tərkib hissəsi olub. 1991-ci ilin dekabrından- SSRİ-nin süqutundan sonra isə Rusiya dünya arenasına yeni simada, Rusiya dövlətçiliyinin tarixi formalarının hamısından kəskin fərqli tərzdə çıxdı. Elə həmin arada dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikasının qarşısında duran ən əsas vəzifələrdən biri SSRİ-nin dağılması nəticəsində meydana gələn yeni müstəqil dövlətlər, xüsusilə Rusiya Federasiyası ilə qarşılıqlı münasibətlərin formalaşdırılması idi. Müstəqillik əldə etdikdən sonra Azərbaycan xarici siyasəti qarşısında Rusiya ilə bağlı bir sıra yeni prinsipial problemlər dururdu: Rusiyanın Azərbaycan Respublikası ərazisindəki qoşunlarının çıxarılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında şimal qonşunun iştirakı, Xəzərin statusu probleminə Rusiyanın münasibəti və nəhayət, bu ölkədə yaşayan azərbaycanlıların taleyi. Bu problemlərin hər birinin həlli iki ölkə arasında münasibətlərin xarakterindən çox asılı idi. Lakin, etiraf edilməlidir ki, müstəqilliyin bərpasından sonrakı ilk illərdə iki ölkə arasındakı münasibətlərin bərpası o qədər də asan olmayıb. Buna baxmayaraq, Azərbaycanın ümummillli lideri Heydər Əliyev hakimiyyətə gəldikdən sonra vəziyyət yaxşılığa doğru dəyişməyə başladı. Məhz 1993-cü ilin yayından müstəqil Azərbaycana rəhbərlik etməyə başlayan Heydər Əliyev Rusiya ilə dostluq münasibətlərinin qurulmasında mühüm rol oynadı, iki ölkə arasında strateji tərəfdaşlığın əsaslarını qoydu. Azərbaycan Respublikası Ali Sovetinin sədri kimi Heydər Əliyev 15 iyun 1993-cü ildə Milli Məclisin iclasındakı ilk çıxışında iki ölkə arasında münasibətlər qurulmasının vacibliyini belə şərh etmişdi: "Rusiya çox böyük dövlətdir, bizim şimal qonşumuzdur. Şübhəsiz ki, Rusiya ilə Azərbaycan arasında müstəqil prinsiplər əsasında münasibətlər bundan sonra daha yaxşı, daha geniş, səmərəli olmalıdır".
Hazırda bu siyasət Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən davam etdirilir. Elə prezident İlham Əliyevin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunu qəbul edərkən söylədiyi fikirlər bunu bir daha təsdiq etmiş olur. Dövlət başçısı qeyd edib ki, Azərbaycan-Rusiya münasibətləri bəzi qonşu dövlətlər üçün bir nümunədir. Dövlətimizin başçısı iki ölkənin siyasi rəhbərliyi arasında qəbul olunmuş qərarların, məhz "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamənin müddəalarının uğurla həyata keçirilməsini məmnunluqla qeyd edib. Azərbaycan-Rusiya münasibətlərinin bəzi qonşu dövlətlər üçün də bir nümunə olduğunu deyən Prezident İlham Əliyev bunu Cənubi Qafqazda və daha geniş məkanda mühüm təhlükəsizlik faktoru kimi dəyərləndirib. Reallıq ondan ibarətdir ki, son illər ərzində birgə səylər nəticəsində hər iki tərəf üçün mühüm olan bir sıra məsələlər üzrə optimal, qarşılıqlı qəbul olunan və hər iki tərəfin xeyrinə olan həll yolları tapılıb.
Bütün sadalananlara baxmayaraq, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun Bakıya gəlməzdən əvvəl İrana səfər etməsi diqqət çəkir. İran-İsrail gərginliyinin artdığı bir vaxtda Tehran və Moskva arasında müzakirə edilən məsələlər maraq doğurur. Şoyqu səfər çərçivəsində İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian, Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri və Prezident Məsud Pezeşkianla görüşlər keçirib. Politoloq Turan Rzayev qeyd edib ki, danışıqlar zamanı təhlükəsizlik, ticarət-iqtisadi layihələr, eləcə də qlobal və regional təhlükəsizliyin müxtəlif aspektləri müzakirə olunsa da, Tehranın Moskvadan konkret istəklərinin olduğu məlumdur: "Aydın məsələdir ki, indiki məqamda İran Rusiyadan strateji silahların alınmasını planlaşdırır. Tehran Moskvanın "Su-35" qırıcıları, hava hücumundan müdafiə sistemləri, radar qurğuları tədarük etməsini istəyir. Bu istiqamətdə tərəflər arasında vaxtaşırı görüşlər olsa da, görünür, Şoyqunun səfəri ilə müəyyən məsələlər ətrafında konkret razılıq əldə edilib. Düzdür, "Su-35" qırıcılarının İrana satışı hələlik real görünməsə də, yeni hava hücumundan müdafiə sistemləri, radarlar qurğularının tədarükünə dair razılığın olması istisna deyil.
Rusiya indiki məqamda genişmiqyaslı İran-İsrail müharibəsinin olmasını istəmir. Prezident Vladimir Putin İranın dini lideri Ayətullah Xameneidən HƏMAS-ın siyasi liderinin Tehranda öldürülməsinə sakit cavab verməsini və İsrailin mülki obyektlərini hədəf almamağı xahiş edib. Total bir müharibə gərginliyin arealını genişləndirə, prosesə başqa oyunçuları cəlb edə bilər. Bu zaman Rusiya İranı qorumalı olduğu üçün prosesin böyüməsində maraqlı deyil. Digər tərəfdən, İran-İsrail gərginliyi Cənubi Qafqaza da sıçraya bilər.
Bununla belə, Yaxın Şərqdə gərginliyin müəyyən qədər artması, müharibə ritorikasının genişlənməsi Rusiyaya sərf edir: Birincisi, Rusiya bu yolla böyük ölçüdə silah satışını gerçəkləşdirə bilər. İran artıq ilk addımı atır və Kremllə müəyyən silahların, qurğuların tədarükünə dair razılıq əldə edib. Bundan başqa, Moskva İran üzərindən "Hizbullah" və HƏMAS-a da silah tədarükü edə bilər. Beləliklə, Rusiya Qərbin sanksiyaları, habelə Ukrayna müharibəsinin vurduğu iqtisadi ziyanı kompensasiya etməyi düşünür. İkincisi, İran-İsrail gərginliyinin total müharibə fazasına keçməyib, qarşılıqlı diplomatik, habelə müəyyən mənada hərbi kontekstdə davam etməsi Qərbin, ABŞ-ın diqqətini bu regiona çəkə bilər. Bu zaman isə Rusiya Ukraynaya daha çox təzyiq edib, yeni ərazilər işğal edə biləcək. Son günlər rus ordusunun Ukraynada irəliləməsi də bunu təsdiqləyir".
Nurlan