Pezeşkian xarici siyasətdə hansı korrektələr edə bilər?

İranda keçirilən növbədənkənar prezident seçkilərinin ikinci turunda   İslahatçı Məsud Pezeşkian mühafizəkar Səid Cəliliyə qalib gəldi. Ölkənin Seçki Qərargahının rəsmi məlumatına görə, 30,53 milyon bülletenin hamısının emalının nəticələrinə əsasən, müasir İran tarixində doqquzuncu seçilmiş prezident olan Pezeşkian 16,384 milyon səs toplayıb ki, bu da səslərin azı 53,6 faizi deməkdir. Yaxın günlərdə yeni prezidentin andiçmə mərasiminin keçiriləcəyi gözlənilir. İndi dünya dövlətlərini, eləcə də qonşu ölkələri Pezeşkianın atacağı addımlar və qəbul edəcəyi siyasi qərarların nədən ibarət olacağı maraqlandırır. Məlum olduğu kimi bu vaxta qədər İran rejiminin yürütdüyü xarici siyasət birmənalı qarşılanmayıb. Yürüdülən ziddiyyətli xarici siyasət dünya dövlətləri üçüm təhdid xarakterli olub. Məhz bu səbəbdən İran hökumətinə qarşı ən müxtəlif sanksiyalar tətbiq olunub. Öz sələflərindən fərqli olaraq Pezeşkian seçki kampaniyasında ənənəvi siyasətə qarşı fikirlər səsləndirib, dünya dövlətləri ilə əməkdaşlığın vacibliyini vurğulayıb. Xüsusən, qonşu dövlətlərlə münasibətlərin korrektə ediləcəyi ehtimalını sərgiləyib. Yeri gəlmişkən qeyd edək ki, İran prezidenti ali rəhbər Əli Xameneidən sonra ölkədə əhəmiyyətcə ikinci siyasətçidir. Prezidentin vəzifələrinə konstitusiyanın müddəalarını həyata keçirmək və icra hakimiyyətinə rəhbərlik etmək kimi səlahiyyətlər daxildir. Odur ki, İranın xarici siyasətinin ümumi istiqaməti yeni prezidentdən asılı olacaq.
Milliyyətcə  azərbaycanlı olan Məsud Pezeşkian islahatçı siyasətçi kimi tanınır. Bu baxımdan onun yürüdəcəyi siyasət barədə fikirləri maraq doğurur. Məsələn, Məsud Pezeşkian İslam Respublikasının qadınlar üçün sərt geyim qaydalarına qarşı çıxır və nüvə proqramı ilə bağlı yeni saziş imzalamaqla Qərbin İrana qarşı sanksiyalarına son qoymaq istəyir. Əslən azərbaycanlı olan və açıq sözlü şəxs kimi tanınan Pezeşkian 2009-cu ildə mübahisəli prezident seçkisindən sonra başlayan etirazların hökumət tərəfindən zorakı yolla dağıdılmasını tənqid edib. Onun bu addımı parlamentdəki mühafizəkarlar tərəfindən tənqidlərə məruz qalıb. İqtisadi və büdcə məsələləri ilə bağlı Pezeşkian və onun ailəsinin şəffaflığı qoruduğu deyilir. O, İran İslam Respublikasında bir çoxlarını narazı salan korrupsiya və qohumbazlıq kimi proseslərdən uzaq olub. Onun seçki marafonunda Rəşid Behbudovun ifa etdiyi "Azərbaycanım" mahnısı səsləndirilib.
Seçki prosesində bu kimi addımların atılması, eləcə də Azərbaycanla bağlı şüarların səslənməsi Məsud Pezeşkianın prezident seçilməsindən sonra böyük gözləntilər ortaya çıxıb. Siyasi ekspertlər hesab edirlər ki, daxili siyasət məsələsində ölkəyə türk hakimiyyətinin rəhbərlik etməsi, rejimin yumşalması, azərbaycanlıların milli haqlarının tanınması kimi məsələləri gündəmə gətirə bilər. Həmçinin qonşu dövlət olan Azərbaycanla münasibətlərin daha da yumşalması istiqamətində addımların atılması istisna olunmur. Azərbaycanlı Pezeşkianın seçki kampaniyasında verdiyi mesajlar da bu gözləntiləri artırır, hərçənd, İranda seçki prosesinin bu yöndə inkişafına rejimin şərait yaratdığı ehtimalı daha çoxdur. Pezeşkianın nüfuzu kifayət qədər idi, rejim sadəcə seçki prosesinə müdaxilə etmədi və görünür, islahatçı azərbaycanlının ölkəyə rəhbərlik etməsi dini liderin mühafizəkar kölgəsinə sığınmış rejimin də marağındadır. İran rejimi hesab edir ki, Pezeşkian ölkə üçün təhlükə hesab olunan etnik parçalanmanın qarşısını ala bilər. Nəzərə almaq lazımdır ki, Pezeşkianın qələbəsi bütün etniklər tərəfindən rəğbətlə qarşılanırdı. Hətta bütün etnik qruplarda "İran hamımızın ölkəsidir" kimi ümidlər yaratdı. 
 Xarici siyasət məsələsinə gəlincə, Məsud Pezeşkian prezident seçildikdən sonra xarici siyasətlə bağlı ilk açıqlamasında İranın Hizbullahı və regionda müqavimət hərəkatını (HƏMAS, husilər və digərləri nəzərdə tutulub) dəstəkləməyə davam edəcəyini bildirib. O, dirəniş hərəkatına dəstəyin İranın əsas siyasəti olduğunu deyib: "İran hər zaman regionda sionist rejimə qarşı xalqların dirənişini dəstəkləyib. Əminəm ki, regiondakı dirəniş hərəkatı İsrail rejiminə imkan verməyəcək ki, Fələstin və digər ölkələrinə qarşı cinayətkar siyasətini davam etdirsin". Analitiklərin qənaətinə görə,  Məsud Pezeşkian bu açıqlamasıyla ali dini lider və onun ətrafını, o cümlədən SEPAH-ı sakitləşdirib ki, onların bu siyasətinə qarışmayacaq. Bundan başqa Türkiyə və Azərbaycanın da Pezeşkiandan gözləntiləri var. Ehtimal olunur ki, Məsud Pezeşkian bu istiqamətlərdə də "qırmızı çizgiləri" tam adlamayacaq. Ən azı Azərbaycan və Türkiyə ilə münasibətlərin yumşaldılması istiqamətində addım atacaq, gərginlik yaradan məsələlərin həllinə çalışacaq. Bütün halda İran rejimi üçün mövcud vəziyyətdə azərbaycanlı və islahatçı olan Pezeşkian "xilas yolu" kimi görünür. Lakin bunun rejimin ümumi mahiyyətinin dəyişməsinə nə dərəcədə təsir edəcəyi sual altındadır. 

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31