Vaşinqton görüşü sülh sazişini ertələyə biləcəkmi?
12 İyul 2024 14:50 SiyasətNATO-nun Vaşinqtonda keçirilən sammitində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, onun ermənistanlı həmkarı Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinken arasında üçtərəfli görüş baş tutub. Bu barədə ABŞ Dövlət Departamentinin yaydığı məlumatda deyilir. Məlumatda bildirilir ki, görüşdə dövlət katibi dayanıqlı və layiqli sülh sazişi istiqamətində əldə olunmuş irəliləyiş barədə müzakirə aparıb və tərəfləri mümkün qədər tez bir zamanda razılaşdırmanı yekunlaşdırmaq üçün gələcək addımları atmağa həvəsləndirib. Dövlət katibi bütün Cənubi Qafqaz regionunun fayda əldə edəcəyi regional bağlantının inkişafında sülhün əldə olunmasının vacibliyini qeyd edib. Maraqlıdır, Vaşinqtonda reallaşan üçtərəfli görüşdə konkret olaraq hansı razılaşma əldə oluna bilər, bu görüşün Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına nə dərəcədə təsiri ola bilər?
Əvvala onu qeyd edək ki, NATO Sammiti ərəfəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü şərh edən siyasi ekspertlər hesab edirdilər ki, belə bir görüşə ehtiyac yoxdur. Çünki ABŞ NATO sammitinə Azərbaycan və Ermənistanı tərəfdaş kimi dəvət edib. Azərbaycan xarici işlər naziri səviyyəsində təmsil olunub. Vaşinqtonun bu dəvəti etməsi əsasən Cənubi Qafqazda formalaşmış yeni reallıqları öz strateji müstəvisinə çıxarmaqdır. Xüsusilə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasında vasitəçi olaraq regionda strateji hədəfini inkişaf etdirməkdir. ABŞ çalışacaq ki, xarici işlər nazirlərinin görüşünü təşkil etsin. Ümumiyyətlə, ABŞ vasitəçiliyi ilə xarici işlər nazirlərinin bir neçə görüşü keçirilib. Bu görüşlər tərəflər arasında mümkün etimadın formalaşmasına gətirib çıxarıb. Bu dəfə də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə razılaşdırılmış və müzakirə edilən məsələlər ətrafında danışıqlar gedəcək. Azərbaycan və Ermənistan ikitərəfli şəkildə müxtəlif platformalarda danışıqlar aparır. Sadəcə, ABŞ Cənubi Qafqazda sülhün bərqərar edilməsində öz mövqeyini ortaya qoymağa çalışır. Bu isə o anlama gəlir ki, ABŞ proseslərə müdaxilə etməklə Cənubi Qafqazda hegemonluğunu təmin etmək istəyir.
Ermənistan isə həmişə olduğu kimi bu dəfə də ikili oyun oynayır. Belə ki, təcavüzkar dövlətin xarici işlər naziri Vaşinqtonda sülh sazişinin mümkünlüyündən danışır, Ermənistan-Fransa cütlüyü isə beyəlxalq təşkilatlarda Azırbaycana qarşı sənəd qəbul etməyə çalışır. Başqa sözlə, Ermənistan və Fransa beynəlxalq hüquqazidd siyasətlərinə haqq qazandırmaq məqsədilə Beynəlxalq Frankofoniya Təşkilatından sui-istifadə edirlər. Bu arada yayılan məlumatlara görə, Beynəlxalq Frankofoniya Təşkilatının Parlament Assambleyası Azərbaycanı "etnik təmizləmədə" ittiham edən qətnamə qəbul edib. Qərbi Azərbaycan İcmasının məsələ ilə bağlı yaydığı məlumatda bildirilir ki, Ermənistanın bir tərəfdən sülhdən, sülh müqaviləsindən danışıb, o biri tərəfdən Azərbaycana qarşı belə pozuculuq əməlləri ilə məşğul olması bir sıra suallar doğurur: "Qərbi Azərbaycan İcması əsas missiyası mədəniyyət sahəsində qarşılıqlı anlaşmanın təşviqinə xidmət etmək olan Beynəlxalq Frankofoniya Təşkilatından bəzi dairələrin siyasi gündəliyi üçün sui-istifadə edilməsinə yol verməməyə çağırır".
Aydındır ki, Ermənistanın NATO Sammitində təmsil olunması "bir güllə ilə iki dövşan vurmaq" siyasətinin tərkib hissəsidir. Belə ki, Ermənistan bununla bir tərəfdən özünü NATO-ya yaxın göstərmək, digər tərəfdən isə Rusiyaya açıq vermək niyyətini güdür. Bəs, əslində hazırki şəraitdə Ermənistanın NATO-ya inteqrasiyası nə dərəcədə real görünür? Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistanın bu addımına reaksiyasını gecikdirməyib. Qeyd edib ki, "Rusiya Federasiyası İrəvanın Vaşinqtonda keçirilən NATO sammitində iştirakından təəssüflənir". O bildirib ki, Ermənistan narahatlığını müzakirə etmək üçün konstruktiv yanaşma əvəzinə, təəssüf ki, başqa yol seçiblər. XİN başçısının müavini qeyd edib ki, NATO ilə əməkdaşlığı dərinləşdirməklə İrəvan öz əlləri ilə Cənubi Qafqazda vəziyyəti ciddi şəkildə pozaraq öz təhlükəsizliyinə zərər vurmaq riski daşıyır.
Əslində isə Paşinyan hələ ki, ikibaşlı oyun oynayər. Avropaya inteqrasiyayaya meyilli olduğunu göstərməklə Rusiyadan yüz faizlik təminat istəyir. Amma tərəddüd içində olduğundan Gürcüstan-NATO əməkdaşlığının necə başa çatacağını gözləyir. Elə Azərbaycanla sülh sazişinin imzalanması üçün də qəti qərar vermir. Ona görə də bütün vasitələrdən ustifadə edərək sülh sazişini uzadır. Bu arada Avropa İttifaqı və ABŞ Gürcüstana sanksiyalar tətbiq etmək niyyətini ortaya qoyub. Hazırda Avropa İttifaqı Gürcüstanla inteqrasiya prosesini dayandırıb. Həmçinin ABŞ və Almaniya Gürcüstanla birgə hərbi təlimlərdən imtina edib. Avropa İttifaqı Gürcüstan hökumətinə ayırdığı 10 milyon avronu QHT və media ayıracaq. Qərbdən Gürcüstan hökumətinə təzyiqlər artır. Amma Gürcüstan geri çəkilmir, əksinə, qalmaqallı "Xarici agentlər" haqqında qanunu qəbul edərək seçkilərə gedir. Ekspertlər hesab edirlər ki, Avropa İttifaqı və ABŞ Gürcüstana sanksiyaları seçkilərə kimi inkişaf etdirəcək. Əsas məqsəd seçkilərdə hakim partiyanın qalıb olmasının qarşısını almaqdır. Gürcüstan hakimiyyətini anti-Qərb siyasəti birbaşa "boz kardinal" Bidzina İvanaşvilinin təlimatı əsasında həyata keçirilir. Görünür, Moskva ilə Abxaziya və Cənubi Osetiya məsələsində razılığa gəlməyə çalışır. Gürcüstan hakimiyyəti Qərbi Gürcüstandan tam çıxarır. Əvəzində Abxaziya və Cənubi Osetiya üzərində suverenliyini bərpa edir. Həmçinin Rusiyanın orbitinə daxil olur. Beləliklə, Gürcüstanda baş verən siyasi proseslərin nə ilə nəticələnəcəyini izləyən Ermənistan salh sazişinin imzalanmasını maksimum uzatmağa çalışır.
Azərbaycan isə, həmişə olduğu kimi bu dəfə də balanslaşdırılmış xarici siyasəti üstün tutur. Azərbaycanın hansısa dövlət, yaxud beynəlxalq təşkilatla əməkdaşlıq etməsi heç bir ölkəyə qarşı yönəlməyib. Xaırladaq ki,s Prezident İlham Əliyev ilə Çin lideri Si Cinpin arasında Astanada baş tutan görüşdə "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə"nin qəbul olunması Bakın balans siyasətindən imtina edib Şərq Blokuna qoşulduğuna dair təəssüratlar yaratmışdı. Lakin Bakının NATO sammitinə qatılması bir daha onu göstərir ki, balans siyasətində dəyişiklik yoxdur və Azərbaycan hər iki qütbə eyni cür yanaşır. Ümumiyyətlə, Azərbaycanın ABŞ - NATO və ya Rusiya - Çin ilə strateji əməkdaşlığı kiməsə qarşı yönəlməyib, balanslaşdırılmış xarici siyasətin tərkib hissəsidir.
Alim Hüseynli