İranda keçiriləcək prezident seçkiləri nə vəd edir?
27 İyun 2024 17:48 Siyasətİyunun 28-də İranda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı namizədlərin təbliğat-təşviqat kampaniyası başa çatıb. İranda seçki qanununa əsasən, seçkilərə 24 saat qalmış sükut günü hesab olunur. İranda prezident seçkiləri yerli vaxtla iyunun 28-də 08:00-da başlanacaq. Prezident seçkilərində beş namizəd rəqabət aparacaq. Prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyası iyunun 9-dan başlanıb. Beləliklə, İranda növbəti prezidentinin kim olacağı təkcə İranı deyil, bütövlükdə beynəlxalq aləmi, o cümlədən qonşu Azərbaycanı da ciddi maraqlandıran suallardan biridir. Dünyada və bölgədə baş verən geosiyasi proseslər baxımından İranın növbəti prezidentinin kimliyi və onun hansı siyasi kursu yürüdəcəyi hamını düşündürür. Bu baxımdan da növbəti prezidentin kim olması hamı üçün ciddi əhəmiyyət kəsb edir. Siyasi şərhçi Mürtəza Bünyadlı bildirib ki, İranda növbəti prezident postu uğrunda 5 namizəd yarışsa da, onlardan yalnız 3-ü - islahatçıların nümayəndəsi Məsud Pezeşkian, mühafizəkarların namizədləri Səid Cəlili və Mahəmməd Baqir Qalibaf seçkinin əsas favoritləridir: "Bunu keçirilən sorğular da sübut edir. Seçki marafonunun ilk günlərində seçkinin əsas favoriti Qalibaf olsa da, növbəti mərhələdə Səid Cəlili və Məsud Pezeşkian reytinqdə onu üstələdilər. Bir neçə gün öncə keçirilən sorğunun nəticəsində görə, namizədlər arasında ən yüksək reytinqə islahatçıların nümayəndəsi Məsud Pezeşkian liderlik edir. O, sorğunun nəticələrinə əsasən 24,4 faizlə birinci yerdədir. İkinci yerdə 24 faiz səslə Səid Cəlili, üçüncü yerdə isə 14,7 faiz səslə Qalibaf qərarlaşıb. Digər 3 namizəd isə çox aşağı səs faizi toplayıb. Ümumiyyətlə, həmin namizədlər seçkinin ilk günündən ciddi rəqib hesab edilməyib. Proseslər onu göstərir ki, İranın növbəti prezidenti ən böyük ehtimalla Səid Cəlili olacaq".
Nəyə görə mühafizəkarların daha güclü və siyasi elitada böyük nüfuza malik Qalibafı deyil, Cəlili olacaq? M.Bünyadlı bildirib ki, bunu şərtləndirən bir sıra ciddi məqamlar var: "Birinci əsas səbəb kimi İranın Ali rəhbəri Xameneinin Cəlilini prezident postunda görmək istəyidir. Çünki Cəlili İranın Ali rəhbəri Seyyid Əli Xameneinin ən etibarlı adamı hesab edilir. Cəlili İranın Ali rəhbərinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi olmaqla yanaşı, bir zamanlar Ali Rəhbərin aparat rəhbəri, daha sonra isə Avropa və Amerika üzrə xarici işlər nazirinin müavini vəzifələrində çalışıb. Bu müddət ərzində Cəlili ali rəhbərin etimadını doğruldub. O, eyni zamanda İran-İraq müharibəsi zamanı İslam İnqilabı Keşikçiləri Korpusunda (SEPAH) xidmət edib.
İkincisi, seçkinin ilk günlərində ali rəhbərin oğlu Müctəbanın varis kimi hakimiyyətə gətirəcəyi ilə bağlı fikirlər dövriyyəyə buraxıldı. Amma bu mümkün olmadığından Xamenei İranda Rəisi hakimiyyətində olduğu kimi, növbəti hakimiyyətdə də öz siyasi təsir gücünü saxlamaq üçün etibarlı adamını dəstəkləməklə prezident olmasına çalışır.
Üçüncüsü, Cəlili xarici işlər nazirinin Avropa və Amerika üzrə müavini olduğu üçün Qərb dairələri ilə müəyyən əlaqələri var. Bu gün Tehran qlobal geosiyasi proseslər fonunda maksimum dərəcədə Qərblə konfrantasiya və ciddi qarşıdurmadan yayınmağa çalışır. Ona görə də ali rəhbərin komandası hesab edir ki, mövcud mürəkkəb geosiyasi vəziyyətdə İrana daha radikal mövqeli mühafizəkar Qalibafın seçilməsindənsə, loyal mövqeli mühafizəkar Cəlilinin prezident olması daha məqsəduyğundur.
Burada diqqət çəkən digər məqam da ondan ibarətdir ki, namizədlərin reklam plaktlarında da Səid Cəlini ön planda verilməsi və ya birinci yerdə qoyulması da bunun göstəricisi hesab etmək olar. Bu cür seçki texnologiyasından istifadə etməklə seçicilərin yaddaşına Cəlilinin namizədliyi yeridilir. Düzdür, Qalibaf əsas favoritlərdən biri, o cümlədən Cəlilidən daha böyük nüfuza malik olsa da, onun seçilmək şansı azdır. Bunun səbəbi isə Qalibafın adının hakimiyyətdaxili intriqalarda hallanması və Ali rəhbər Xameneiyə əks qruplaşmada təmsil olunmasıdır. Qalibaf həm də daha çox sabiq prezident və radikal mühafizəkarlar qruplaşmasının Mahmud Əhmədinejat qolu ilə sıx münasibətdədir. Əhmədinejatla Xamenei arasındakı problemli durumu izah etməyə ehtiyac yoxdur. Məhz ali rəhbərlə yaxşı olmayan münasibətlərin nəticəsidir ki, Əhmədinejat nəinki bu seçkilərdə, bundan öncəki prezident seçkilərində də rəsmi namizəd kimi qeydə alınmayıb.
Digər mühüm səbəb isə onun mövcud siyasi proseslərə daha radikal baxışları ilə əlaqədardır. Bütün bu və digər səbəblərə görə Xamenei onun prezident seçilməsinə qarşı çıxır. Xamenei onu da yaxşı bilir ki, Qalibaf prezident seçilərsə, o zaman hakimiyyətdaxili mübarizələr daha da şiddətlənmiş olacaq. Bu da nəticə etibarilə daha ciddi böhranlara səbəb olacaq. Məhz ona görə də Xamenei komandası Qalibafın prezident kürsüsünə gedən yolun qarşısını almaq üçün islahatçıların nümayəndəsi Məsud Pezeşkianın reytinqinin artmasını dolayı yolla dəstəkləyirlər.
Pezeşkianın namizədliyinə gəldikdə isə burada bir sıra məsələlərə diqqət yetirmək lazımdır. Birincisi, son illərdə İrandakı siyasi böhran nəticəsində yaranan durumla əlaqədar hakimiyyətə qarşı ciddi etirazçı eloktorat formalaşıb. Bu etirazçı elektorat istənilən zaman daxili və xarici güclərin dəstəyi ilə ölkəni yeni böhrana və ya xaosa sürükləyə bilər. Ona görə də bu etirazçı elektoratı təmsil edən namizədin olmamasındansa olması daha məqbul hesab edilir. Amma bu elə bir namizəd olmalıdır ki, onu istənilən vaxt cilovlamaq və son anda hakimiyyətin əlinə oynamaq üçün istifadə etmək mümkün olsun. Daha doğrusu idarəolunan, açıq baxışlı və islahatçı kəsimin mövqeyini təmsil edən namizəd olsun.
Digər mühüm cəhət isə Pezeşkianın İran coğrafiyasında yaşayan 30 milyondan artıq Azərbaycan türkləri ilə yanaşı, digər türkdilli toplumların təmsilçisidir. Bu amil də nəticə etibarilə seçki prosesinin, o cümlədən ölkədə siyasi proseslərin məcradan çıxmamasına hesablanan faktordur. Seçki prosesində Pezekianın sərgilədiyi mövqe bunu deməyə əsas verir. Əgər seçkinin yekununda ölkədə hər hansı siyasi etiraz dalğası qalxarsa, o zaman Pezeçkian etirazçı dalğanın lideri rolunda çıxış edərək prosesi tədricən sakitləşdirməyə doğru yönləndirəcək.
Amma istisna deyil ki, nəticə tamamilə fərqli də ola bilər. Pezeşkian prezident seçilə bilər. O zaman da hər hansı ciddi hakimiyyətdaxili qarşıdurmaya getmədən Ali rəhbər Xamenei ilə birgə əməkdaşlıqla ölkənin gələcək siyasi kursunu müəyyənləşdirəcək. Pezeşkianın seçilməsi həm də Qərbin İrana olan sərt mövqeyinin yumşaldılmasına, ən əsası isə Tehranın indiki şəraitdə vaxt qazanmasına imkanlar yaradacaq. Çünki bu seçkinin əsas hədəfi İranı mövcud mürəkkəb geosiyasi və geoiqtisadi proseslərdən daha az zərərlə çıxarmaqdır.
Lakin seçkiyə 24 saatdan az qalmış mühafizəkarların digər namizədləri olan, hazırda İranın vitse-prezidenti Əmir Hüseyn Qazizadə Haşimi və Tehranın meri Əlirza Zəkani namizədliklərindən imtina edib. Hər iki namizədin bəyanatından da aydın görünür ki, onlara mövcud hakimyyətdən təzyiqlər olub və onlar Səid Cəlilinin xeyrinə namizədliklərini geri götürüblər. Əmir Hüseyn Qazizadə Haşimi seçkidən geri çəkilməsinin səbəbi kimi inqilab qüvvələrinin birliyini qorumaq naminə İslam İnqilabı Qüvvələrinin Koalisiya Şurasının, eləcə də bəzi üləma və rəğbətli şəxslərin xahişinə cavab olaraq seçkidə iştirakdan imtina etdiyini açıqlayıb. Haşimi onu da bəyan edib ki, indi əsas vəzifə ölkənin maraqlarını qorumaqdır.
Zəkani isə bəyan edib ki, Rəisinin yolunun davamı daha önəmlidir. "Mən Cəlili və Qalibafdan birləşərək inqilabi qüvvələrin haqlı tələblərini cavabsız qoymamalarını və Ruhaninin üçüncü hökumətinin qurulmasına mane olmalarını xahiş edirəm". Bütün bu açıqlamlar onu sübut edir ki, iyunun 28-də İranda keçiriləcək növbəti prezident seçkiləri çox gərgin şəraitdə keçəcək. Mövcud rejim öz namizədi Səid Cəlilinin prezident seçilməsi və öz hakimiyyətlərini qorumaq üçün ölüm-dirim mübarizəsi aparacaq.
Azərbaycana gəldikdə isə yeni prezidentin Səid Cəlili və yaxud Məsud Pezeşkianın olmasından asılı olmayaraq rəsmi Bakı ilə münasibətlərin tədricən inkişaf etdirmək tendensiyası davam edəcək. Bölgədəki mövcud geosiyasi, geoiqtisadi proseslər, o cümlədən İranın üzləşdiyi durum da bunu tələb edir. Tehranın Bakı ilə münasibətlərinin daha yüksək səviyyəyə qaldırmaq İranın milli maraqlarının faydasına olacaq və bundan qazanacaq".
Nurlan