Şuşa Bəyannaməsi Türk Birliyinə gedən yolun elanıdır - ÖZƏL
13 İyun 2024 16:48 Siyasət"Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında imzalanmış Şuşa bəyannaməsi iki ölkənin tarixində münasibətlərin zirvə nöqtəsini təşkil edir".

Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.
"Məsələ ondan ibarətdir ki, bu bəyannamə mahiyyət etibarilə iki ölkə arasında bütün sahələrdə münasibətlərin üst səviyyəyə çıxarılması, daha dəqiq desək, siyasi arenada Azərbaycan və Türkiyənin rəsmi şəkildə müttəfiq olduğunu elan edir.
Müqayisə üçün deyim ki, bu gün Azərbaycan müxtəlif sahələrdə, bir çox dövlətlə istər ikili münasibətlər kontekstində, istərsə də beynəlxalq təşkilatlarda əməkdaşlıq, ortaq hərəkət edir. Bizim Pakistan kimi, İsrail kimi strateji tərəfdaşlarımız var. Bizim Rusiya ilə kifayət qədər ciddi münasibətlərimiz var. İranla hər nə qədər münasibət pis olsa da, iqtisadi sahədə münasibətlərimiz davam edir. Amma Azərbaycan Şuşa bəyannaməsinə qədər heç bir ölkə ilə bu səviyyədə bir saziş imzalamamışdı. Yəni, ümumən desək, Şuşa bəyannaməsinin müqayisəsi, bir bənzər nümunəsi yoxdur. Adətən bunun Moskva bəyannaməsi ilə bənzərlik olduğunu deyirlər. Amma Moskva bəyannaməsi əməkdaşlıq haqqında sazişdir, yəni burada hansı bir müttəfiqlik əlaqəsindən söhbət gedə bilməz. Ən yaxşı halda Moskva bəyannaməsi iki ölkə arasında bir müdafiə paktıdır. Amma Şuşa bəyannaməsi Türkiyə və Azərbaycan arasındakı müttəfiq münasibətlərin elanıdır.
Bu baxımdan da, bu, tariximizdə ilk belə sazişdir və bunun Şuşada, xüsusilə də Pənahəli xanın evinin qarşısında imzalanması özlüyündə mühüm mesajdır. Yəni Azərbaycan hər nə qədər 44 günlük Qarabağ müharibəsi meydanında öz gücü, potensialı, siyasi iradəsi, xalq iradəsi ilə qazansa da, reallıq ondan ibarətdir ki, həm də diplomatik sferada Türkiyənin dəstəyi və Türkiyə ilə illər uzunu aparılan hərbi əməkdaşlığın nəticəsidir, bəhrəsidir. Bu mənada həm də Şuşa bəyannaməsi Qarabağ zəfərinin, diplomatik arenada Azərbaycan və Türkiyənin ortaqlığı ilə əldə edildiyinin elanıdır.
Şuşa bəyannaməsi həmçinin, arzulanan və illərdir gözlənilən türk birliyi yolunda da atılmış mühüm bir addımdır. Belə ki, Şuşa bəyannaməsi Türkiyə-Azərbaycan müttəfiqliyi kimi gələcəkdə digər türk dövlətlərinin də arasında imzalanacaq vahid ittifaqın, xartiyanın bir prototipi hesab edilə bilər. Yəni, gələcək Türk Dövlətləri Təşkilatının nəzdində NATO nizamnaməsi bənzəri bir bəyannamə imzalana bilər ki, Şuşa bəyannaməsi bunun ilk halı kimi qiymətləndirilə bilər. Yəni, gələcəkdə Şuşa bəyannaməsi bənzəri ittifaq müqavilələri digər türk dövlətləri ilə də həm ayrı-ayrılıqda, yekunda isə ortaq qərarla qəbul edilə bilər.
Şuşa bəyannaməsi bütün bunları nəzərə aldıqda, bir məfkurənin, bir tarixi prosesin və həmçinin yeni bir tarixi mərhələnin başlanğıcıdır. Azərbaycan-Türkiyə ittifaqı və bu ittifaq ətrafında formalaşacaq türk birliyi, türk ittifaqının dünya miqyasında ilk elanlarından biri oldu.
Hesab etmək olar ki, qarşıdakı illər ərzində və xüsusilə də Azərbaycanın Qarabağ münaqişəsinin birdəfəlik bitirdiyini nəzərə alsaq, prioriteti həm də bu istiqamətə yönəldəcək və bu məsələdə türk dünyasından iki önəmli şəxsi - prezident İlham Əliyev və Rəcəb Tayib Ərdoğan önəmli paya sahibdir. Hesab etmək olar ki, bu şəxsin timsalında və onların imzaladığı Şuşa bəyannaməsinin timsalında türk birliyi mühüm bir məsafəni qət etdi və bundan sonra, hətta onların ardıcıllarından belə üzərinə götürəcəkləri bir missiyanı başlatdı.
Ümumiləşdirsək, Şuşa Bəyannaməsi Türk Birliyinə gedən yolun elanıdır".