Ulu Öndərin gəlişi ilə bir neçə ay ərzində siyasi atmosfer normallaşmağa başladı - ÖZƏL
13 İyun 2024 15:55 Siyasət"Azərbaycan xalqının taleyində çox ağır, çox mürəkkəb dövrlər yaşanmışdır. Bunlardan biri də 1993-cü ilin iyun ayında ölkədə xaotik bir vəziyyət meydana gəlmişdi. Dövlətçiliyimizi hər an itirə bilərdik".

Bu fikirləri politoloq Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:
"Hətta bir çox xarici qüvvələrin Bakını Azərbaycandan ayırmaq, ermənilərin belə Gəncəni və Tərtəri işğal etmək kimi planları var idi. Bu dövrdə Azərbaycan xalqı çox ağır günlərdən keçirdi. Çünki hərbi qiyamı yatırmaq üçün heç kimin gücü yox idi. Bu qiyamın atmosferini başa düşmək üçün 1993-cü ilin iyunundan bir az əvvələ getmək lazımdır. 1991-ci ilin sentyabrında Azərbaycanda guya seçki keçirildi. Kommunist Partiyasının birinci katibi Ayaz Mütəllibov Naxçıvan Muxtar Respublikasının, o cümlədən ölkədəki bir çox siyasi partiyaların boykot etdiyi seçimə sadəcə özü girərək qazandı. Kommunist Partiyasının birinci katibi Ayaz Mütəllibov döndü oldu, Azərbaycan Respublikasının Prezidenti. Ancaq o, tam olaraq prezident kimi davrana bilmirdi. Dövrün mürəkkəb şəraitində çalışma imkanlarına sahib deyildi. Belə olan təqdirdə bir çox faciələrlə üz-üzə qaldıq. O cümlədən Xocalı faciəsi Ayaz Mütəllibov hakimiyyətinin devrilməsi ilə nəticələndi. Ondan sonra hakimiyyətə gələn Yaqub Məmmədov dövrü və ondan sonra hakimiyyətə gələn Xalq Cəbhəsi ümidləri doğrultmadı. Milli Azadlıq Hərəkatı dövründə populyar bir simaya çevrilmiş Əbülfəz Elçibəy xalqın 60 faizinin etimadını qazanmağına rəğmən bir illik hakimiyyəti dövründə ona olan gözləntilərin çoxunu qarşılaya bilmədi. Hakimiyyətin ilk aylarında Qarabağdakı uğurlar, qələbə ab-havası çox qısa müddət sonra-1992-ci ilin sonlarında tamamilə itdi. Cəbhədə ard-arda məğlubiyyətlər başladı. 1993-cü ilin yanvar-fevral aylarında Azərbaycan ordusu çox ciddi itkilərə məruz qaldı. Fərrux dağı döyüşlərindəki itkilərin ardınca Ağdərədəki üstünlüyümüz itməyə başladı, Laçın rayonundan azad etdiyimiz kəndlər, sonra isə Kəlbəcər işğal edildi. Bu hadisələr ölkədə siyasi boşluğa gətirib çıxardı. O cümlədən ölkədə siyasi-iqtisadi vəziyyət də ağır idi. Milli manat dövriyyəyə buraxılsa, azad bazar sistemi qurulsa da, bunların heç biri iqtisadi vəziyyəti yaxşılaşdırmırdı. Bakıda, digər böyük şəhərlərdə çörək növbələri var idi. Ölkədə inflyasiya 1000 faizə qədər yüksəlmişdi. Beynəlxalq ticari əlaqələr qurula bilməmişdi, çünki Azərbaycan qardaş Türkiyə ilə belə normal iqtisadi əlaqələrə malik deyildi. Belə olan təqdirdə iqtisadi vəziyyətin ağır olması, Qarabağdakı işğal təhlükəsinin daha da genişlənməsi, hakimiyyət daxilindəki mübarizələr revanşist qüvvələrin meydana çıxmasına səbəb oldu. 1993-cü il iyun ayında Gəncədə hərbi qiyam baş verdikdən sonra Xalq Cəbhəsi hökuməti çox sürətli şəkildə hərbi əməliyyat keçirdi, amma bu əməliyyat uğursuzluğa düçar oldu. Belə ki, Qarabağda düşmənlə qarşı-qarşıya döyüşən oğullarımız Gəncədəki qiyam zamanı atışmada həlak oldu. Prezident Qvardiyası belə uğursuzluğa düçar oldu. Ölkənin Baş prokurorundan bir çox tanınmış simalara qədər qiyamçıların əlində girova çevrildi. Belə olan təqdirdə şəxsən Əbülfəz Elçibəy və şəxsən onun yaxın komandası prosesləri idarə etməməyə başladı. Bir il əvvəl çox populyar bir siyasətçi olan Əbülfəz Elçibəy artıq 1993-cü ilin iyun ayında nüfuzunun böyük hissəsini itirmişdi. Azərbaycan xalqının tələbi ilə özləri də anladılar ki, bu işdən çıxış yolu yoxdur. Mərhum Ulu Öndər Heydər Əliyev 9 iyunda Bakıya dəvət edildi. Bundan sonra günlərdir Xalq Cəbhəsinin edə bilmədiyini etdi, qiyamçılarla görüşdü, onların tələblərinə qulaq asdı, vəziyyəti yerində təhlil etdi. Ali Sovetin sessiyalarında oldu, Prezident Əbülfəz Elçibəylə görüşdü. Ulu Öndər başa düşdü ki, Azərbaycan dövlətçiliyi də, xalqı da çox ciddi təhlükə altındadır. Ulu Öndər yenə xalqın tələbi ilə Ali Sovetin sədri seçildi. Daha sonra Elçibəy 17 iyunda heç kimə xəbər vermədən, gizlicə Kələkiyə getdiyinə görə mərhum Əliyev Azərbaycan Respublikasının Prezidentinin vəzifələrini icra etməyə başladı. Bu dövrdə Qarabağda fərarilik artmışdı, Cənubda Talış-Muğan qondarma Respublikası qurulmuşdu, Şimalda sadvalçı qüvvələr separatizm hərəkatları başlatmışdı. Yəni ölkə tamamilə, bir xaos içərisində idi. Mərhum Ulu Öndər ilk öncə qiyamçı qüvvələri zərərsizləşdirdi, daha sonra həm Şimalda, həm Cənubda separatçı qüvvələri əzdi və Azərbaycanın Qarabağdakı məğlubiyyətlərinin yay aylarında siyasi boşluq səbəbilə çox sürətlə artması səbəbindən nizamlı ordunun qurulması üçün addımlar atmağa başladı. Azərbaycanda bir neçə ay ərzində siyasi atmosfer normallaşmağa başladı. Qarabağda işğalçıların önünə nizami qüvvələr çıxdı. Horadizdə uğurlu əməliyyat həyata keçirildi, Tərtərin, Ağdamın bir hissəsinin işğalının qarşısı alındı. Ermənilər başa düşdülər ki, müharibə bundan da artıq davam edə bilməz və biz işğalın qarşısını alan Bişkek protokolunu imzaladıq və müharibə dayandı. 15 iyunda Ulu Öndər Naxçıvandan Bakıya gəlib bu siyasi prosesləri nizama salmasa idi, bəlkə də bu gün çox-çox ağır vəziyyətdə olacaqdıq".
Zeynəb Rzayeva
Olaylar.az