İran öz tərəfini müəyyən edib-Əli Mustafa- ÖZƏL
7 Mart 2024 10:30 Siyasət"Ermənistan müdafiə nazirinin İrana səfəri öncədən gündəmdə yox idi. Sanki, Azərbaycan müdafiə nazirinin Türkiyədə olmasına cavab olaraq Ermənistan öz müdafiə nazirini İrana göndərdi".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa qeyd edib:
"İran və Ermənistan arasında müdafiə sahəsində bir saziş imzalanması gözlənilir. Bəlkə də səfər sazişin imzalanması ilə yekunlaşar. Hər halda İran öz tərəfini müəyyən edib, Ermənistanı himayə edir. Təəssüflər olsun ki, bu əməkdaşlıq bir qədər də dərinləşir. Onsuz da hərbi sahədə onlar arasında hər zaman əməkdaşlıq olub, amma indi bu, rəsmi müstəviyə keçir. İslam dəyərlərini özünün prioriteti hesab edən bir dövlətin Azərbaycanın qarşısında yer alması əlbəttə, xoş deyil, amma bu gerçəklikdir. Yəqin ki, biz bu səfərin sonunda İran və Ermənistan arasında nələrin razılaşdırıldığını biləcəyik. Hər halda bütün hallarda bu səfər Ermənistanın güclənməsinə xidmət edir. Hər halda, Fransadan və digər ölkələrdən gözlənilən silahların İran üzərindən keçirilməsini təmin edir. İran Ermənistanda güclənməyə və Ermənistanı gücləndirməyə çalışır. Əgər Rusiya sabah regiondan çıxacaqsa, onun yerini tutmağa çalışır. Bunlar hamısı bizi düşündürməlidir. Fəaliyyətimizi davam etdirməliyik və təəssüflə qeyd etmək lazımdır ki, bu məsələ regiondakı gərginliyin bir qədər də dərinləşməsinə xidmət edir".