İran üçün Ermənistan təbii müttəfiq sayılır-Oqtay Qasımov- ÖZƏL
6 Mart 2024 20:47 Siyasət"İran və Ermənistan arasında əməkdaşlıq 30 ildən bəri davam etməkdədir".
Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a olan açıqlamasında bildirib:
"İran Ermənistanın bu müddət ərzində ən yaxın tərəfdaşlarından və himayədarlarından biri olub, Ermənistanı hər zaman müdafiə edib. Xüsusilə də, 44 günlük müharibədə Ermənistan ağır hərbi məğlubiyyətə düçar olduqdan sonra İran Ermənistana dəstəyini azaltmayıb. Əksinə, bu dəstək ciddi şəkildə artıb və ciddi xarakter alıb. İki ölkə arasında bir çox istiqamətlərdə, o cümlədən, iqtisadi, siyasi və hərbi-texniki sahələrdə də əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq müxtəlif sahələri əhatə etməkdədir. Son keçirilən görüşdə də 19 sahə üzrə anlaşmaların imzalanması da bunu göstərir. Hər iki tərəfin niyyəti ondan ibarətdir ki, tərəflər arasında ticarət dövriyyəsinin həcmi ciddi şəkildə artırılsın. Məhz bu razılaşmalar da ondan xəbər verir. İran Ermənistanın təhlükəsizliyini və ərazi bütövlüyünü özünün əsas prioriteti hesab edir. Hətta Ermənistanın təhlükəsizliyini özünün qırmızı cizgisi kimi qəbul edir. Bu baxımdan biz bundan sonra da İran və Ermənistan arasında münasibətlərin inkişaf edəcəyini gözləyirik. Baxmayaraq ki, İran Azərbaycanla da müəyyən qədər yumşalmaya gedib və azərbaycanlı diplomatların geri qayıtması, səfirliyin fəaliyyətinin bərpa olunması ilə bağlı müəyyən razılaşmalar mövcuddur. Amma bütün hallarda Ermənistan və İranın münasibətləri bundan sonra da inkişaf edən xətt üzrə davam edəcək. İran Ermənistana dəstəyindən vaz keçməyəcək. Çünki, İran üçün Ermənistan təbii müttəfiq sayılır, belə ki, İran Ermənistanın vasitəsilə Azərbaycana təzyiq etmək və onun inkişafını əngəlləmək, o cümlədən, Ermənistan vasitəsilə Türkiyənin Azərbaycanla, o cümlədən, Orta Asiya və türk dünyası ilə əlaqələrini məhdudlaşdırmaq kimi bir niyyəti var. Məhz bu baxımdan İran Ermənistanı hər tərəfli dəstəkləyir. Hətta guya Qərbə qarşı olduğunu bəyan edən, vaxtilə Azərbaycanı da guya Qərblə əməkdaşlıqda ittiham edən İran, bu gün nədənsə Ermənistan ərazisində fəaliyyət göstərən Aİ-nin mülki missiya adlandırılan casus şəbəkəsi ilə bağlı, o cümlədən, Amerika və fransız hərbçilərinin, kəşfiyyat qruplarının Ermənistandakı fəaliyyətinə hansısa bir münasibət, yaxud etiraz bildirmir. Bu da bir daha İranın Ermənistana olan münasibətinin göstəricisi sayıla bilər".