Fransa və İranın Ermənistandakı maraqları üst-üstə düşür-Elçin Xalidbəyli- ÖZƏL

"Ermənistan - İran münasibətləri artıq qətiyyən  təəccüb doğuran məsələ deyil. Çünki, hamı bilir ki, İran  Azərbaycanla müqayisədə, Azərbaycana münasibətdə Ermənistanı dəstəkləmək fikrindədir, onu dəstəkləməyə üstünlük verir".

Bu fikirləri Olaylar.az-a Ermənistanın müdafiə naziri Suren Papikyanın başçılıq etdiyi nümayəndə heyətinin  İrana rəsmi səfərə getməsi və İranla təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığa dair müqavilə imzalaması ilə bağlı məsələyə münasibət bildirən  siyasi şərhçi  Elçin Xalidbəyli deyib:

"Bu da inkarolunmaz reallıqdır. Üstəlik Ermənistan Rusiya ilə münasibətləri korladığı halda İranla münasibətləri daha da yaxınlaşdırmağa, istiləşdirməyə çalışır. Hesab edir ki, İranın  Azərbaycana qarşı neqativ münasibəti Ermənistan üçün İranla strateji münasibətlər baxımından daha üstün mövqelər qazandıra bilər. Bundan istifadə etməyə çalışırlar. Ümumiyyətlə mövcud xassəyə diqqət yetirdikdə açıq şəkildə nəzərə çarpır ki, hazırda dünyada Azərbaycana qarşı qərəzli və neqativ münasibət göstərən 2 önəmli dövlət var. Bunun biri Fransa, biri də İrandır. Hər iki dövlət Ermənistanı bütün mümkün vasitələrlə müdafiə etməyə çalışır. Hətta İran Ermənistan sərhədlərini özünün "qırmızı  cizgiləri" elan edib. Bir neçə gün əvvəl də Fransa rəsmi dairələri tərəfindən çox maraqlı bir açıqlama verilmişdi. Fransanın Xarici İşlər Nazirliyinin təmsilçisi bəyan etmişdi ki, Fransa və İran arasında bir çox məsələlərlə bağlı kəskin ziddiyətlər var, ancaq Fransa ilə İranın Ermənistanla bağlı mövqeyi tamamilə üst-üstə düşür. Bu, olduqca ciddi etirafdır və ona görə də, Ermənistanın da Fransa ilə yanaşı İranla münasibətlərini daha da yaxınlaşdırmaq cəhdləri göstərməsi, müdafiə və təhlükəsizlik sahələrində müqavilələr imzalamaq barədə düşünməsi tamamilə normal bir şeydir. Çünki, hazırkı situasiyada rəsmi Parisin etiraf etdiyi kimi, Fransa və İranın Ermənistana münasibətləri, Ermənistandakı maraqları, fəaliyyətləri tamamilə üst-üstə düşür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31