Silahların daşınması Azərbaycanın ərazi bütövlüyünə qarşı təhlükə mənbəyinə çevrilə bilər-İlyas Hüseynov- ÖZƏL

"Cənublu soydaşlarımız əlbəttə ki, ölkəmizin güclənməsini, onun maraqlarının qorunmasını və beynəlxalq arenada nüfuzumuzun bir qədər də inkişaf etməsini hər zaman arzulayıblar". 

Bu fikirləri politoloq İlyas Hüseynov Olaylar.az-a olan açıqlamasında bildirib:

"Bizim də əsas istəyimiz onların sağlamlığının, təhlükəsizliyinin, dilinin qorunması və rifah halının yüksəldilməsidir. Ekologiya da, Urmiya gölünün qurudulması da daxil olmaqla Cənubda gedən proseslər də hər zaman diqqətlə izlənilir və buna reaksiya verilir. Bu gün Ermənistana İran vasitəsilə Hindistan texnikası daşınır. Bu açıq bəyan olunur. Bununla təhlükəsizlik riskləri artır. Mən də bu fikirləri dəstəkləyirəm ki, cənublu soydaşlarımız Ermənistana daşınan texnikaya qarşı öz etiraz səsini qaldırmalı və iradə nümayiş etdirməlidirlər. Bu çox mühüm məsələdir. Çünki, bu silah-sursat aydındır ki, bir gün bizim təhlükəsizliyimizə qarşı çevrilə bilər. Silahların daşınması təhlükəsizlik təhdidlərini gücləndirməklə yanaşı həm də Azərbaycanın ərazi bütövlüyünə qarşı təhlükə mənbəyinə çevrilə bilər. Bu çox mühüm bir amildir. Silah-sursat, hərbi texnikanın İran vasitəsilə Ermənistana ötürülməsi qlobal təhlükəsizlik sistemi üçün, gərginliyin artırılması üçün təhlükə mənbəyidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31