Avropanın enerji təhlükəsizliyinə töhvə verəcək layihə- ÖZƏL
4 Mart 2024 14:16 Siyasətl"Azərbaycanın müəllifi olduğu Cənub Qaz Dəhlizi layihəsi region ölkələrinin və Avropanın enerji təhlükəsizliyinə töhfə verməyə hədəflənib. Qırx milyard dollardan çox investisiya qoyuluşu planlaşdırılan və 4 seqmenti özündə birləşdirən bu nəhəng layihə enerji resurslarının şaxələndirilməsi işində çox mühüm əhəmiyyət kəsb edən layihədir". Olaylar xəbər verir ki, bunu deyən millət vəkili Məşhur Məmmədovun sözlərinə görə, layihə həm mənbələrin, həm marşrutların şaxələndirilməsində rol oynayacaq: "Məhz enerji resurslarının şaxələndirilməsi, yeni marşrutların açılması ilə Avropa yeni mənbədən - təsdiq edilmiş ehtiyatları 2,6 trilyon kubmetrə bərabər olan Azərbaycandan təbii qaz tədarük edəcək.
Nəhəng və texniki-iqtisadi cəhətdən çox mürəkkəb, həm də geniş beynəlxalq əməkdaşlıq tələb edən layihə Azərbaycanın mənafeyini qoruyacaq. Azərbaycan dövləti tərəfindən layihə iştirakçılarına hərtərəfli kömək göstəriləcək və əlverişli şəraitin yaradılması təmin ediləcək.
Cənub Qaz Dəhlizi layihəsi ilə əlaqədar çoxlu müxtəlif ideyalar var idi. Nikbin düşünənlər də, bədbin düşünənlər də var idi. Həmçinin elələri də var idi ki, düşünürdülər, biz bunu həyata keçirə bilməyəcəyik.
Layihəni reallaşdırmaq üçün geniş beynəlxalq əməkdaşlığa ehtiyac var idi. Ona görə də bizə öz maliyyə imkanları ilə dəstək göstərmələri üçün aparıcı beynəlxalq maliyyə institutlarını dəvət edərək, ölkələr arasında, şirkətlər arasında bu əməkdaşlığı qurmağa başladıq.
Cənub Qaz Dəhlizi artıq 3 ildir ki, fəaliyyətdədir, bu layihə həqiqətən də uğur hekayəsidir. Bu, Avrasiyada ən böyük infrastruktur layihələrindən biridir. Uzunluğu 3500 kilometr olan inteqrasiya edilmiş boru kəməri sistemi olan bu layihə enerji təhlükəsizliyi və əməkdaşlıq layihəsidir. Çünki Cənub Qaz Dəhlizinin keçdiyi marşrut boyunca yerləşən bütün ölkələr arasında əməkdaşlıq olmasa, bu layihənin həyata keçirilməsi mümkün olmazdı".