Ermənistan bu gün demək olar ki, bütün geosiyasi qüvvələr qarşısında tək qalıb-Tural İsmayılov- ÖZƏL

"Əvvəla qeyd edim ki, Ermənistanda müxtəlif siyasi şərhçilər müxtəlif dövrlərdə vəziyyəti gərginləşdirən açıqlamalar veriblər". 

Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a  açıqlamasında bildirib:

"Əslində, Ermənistanın  ən böyük bədbəxtçiliyi həm də ondan ibarətdir ki, Ermənistanda ictimai-siyasi sistem tamamilə fiksiyadan ibarətdir. Bu gün Ermənistandakı ictimai siyasi xadimlər əslində, Azərbaycan-Türkiyə sülhünü təbliğ etsələr də biz görürük ki, onlar tamam əks mövqe tutaraq əksinə Azərbaycanla, Türkiyə ilə   münasibətlərin pisləşməsinə səbəb olurlar. Nəticədə bu gün Ermənistan ərazilərində Azərbaycan və Türkiyəyə qarşı bir təxribat maşını formalaşmışdır. Ermənistanın  Azərbaycan və Türkiyə tandemi qarşısında tək qalmağından söhbət getmir. Ermənistan uzun illər həyata keçirdiyi işğalçı və qəbuledilməz siyasəti nəticəsində özünü kənarlaşdırmağı və vəziyyəti pisləşdirməyindən söhbət gedir. Ermənistan bu gün demək olar ki, bütün geosiyasi qüvvələr qarşısında tək qalıb. Vəziyyət dövlət olaraq Ermənistanın iqtisadi baxımdan iflasına, eyni zamanda, əhalinin ölkəni tərk etməsinə, vəziyyətin daha da gərginləşməsinə səbəb olur. Hər halda bu gün Ermənistanın xilası həm də oradakı fikir adamlarının apardığı təbliğatdan asılıdır. Yəni, cəmiyyətdə  "Böyük Turan" və s. kimi panikalar yaratmaq yerinə Ermənistan xalqını  Azərbaycan və Türkiyə ilə dostluğa sövq etmək, təşviq etmək lazımdır. Bunu bacarmayacağı təqdirdə Ermənistanı çox çətin və təhlükəli bir gələcək gözləyir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31