AŞPA həqiqətləri deməyi, eşitməyi dondurur- ÖZƏL
25 Yanvar 2024 12:45 SiyasətSiyasi şərhçi Ramız Alıyev bildirib ki, Azərbaycan 2001-ci ildən Avropa Şurasına üzvdür və bu günlərdə Azərbaycanın AŞPA-ya üzv olmasından 23 il keçir:
"Bu 23 il ərzində AŞPA Azərbaycanın haqlı səsini eşitməklə bağlı indiyə kimi tutarlı bir sənəd qəbul etməyib. Bəzi məqamlarda Azərbaycan tərəfindən təqdim olunan sənədlər qəbul olunub və Ermənistanı sülhə çağırmaqla bağlı müəyyən bəyənatlar səsləndiriblər. Təbii ki, bunlar gözdən pərdə asmaq üçün olub. Biz daha kəskin qərarlar, sanksiyalar, bəyanatlar gözləyirdik. Çünki, AŞPA çox yaxşı bilir ki, Azərbaycan BMT-nin təsdiq və qəbul etdiyi qərarlar əsasında öz ərazilərini düşməndən azad etmək istəyirdi. Ermənistan da daxil olmaqla bütün dünya ölkələrinin bütövlüyünü tanıdığı halda Avropa Şurası da, AŞPA da çox yaxşı bilirdi ki, Azərbaycan əraziləri Ermənistan tərəfindən işğal olunub. Avropa Şurası və AŞPA-da təmsil olunan deputatların özləri və mənsub olduqları ölkələr çox yaxşı bilirdilər ki, Azərbaycanın 20% ərazilərini ermənilər işğal ediblər. Onların təmsil etdiklərini ölkələr Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraü tanıyırdı. Belə olan halda isə AŞPA ümumiyyətlə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı Ermənistana hər hansı bir sanksiya tətbiq etmədi. Bu çox təəssüfləndirici məqam idi. İndi isə Azərbaycanın əleyhinə olan hər hansı bir qərarın qəbul olunması və Azərbaycan nümayəndə heyətinin səsinin dondurulması təşəbbüsü ilə çıxış etmək bunu göstərir ki, AŞPA həqiqətləri deməyi, eşitməyi dondurur. Onlar üçün həqiqətlər deyil, hansısa şər, böhtan, rüşvət, lobilər tərəfindən veriləcək maliyyə vəsaitləri lazımdır. AŞPA-da təklif olunan bu məsələ ölkənin hüquqlarını tapdalamaq deməkdir. Biz 30 ilə yaxın bir vaxtda həm AŞPA, həm digər beynəlxalq təşkilatlarda "kar olmaq" ənənəsinə şahid olmuşuq. Xocalıda baş verən soyqırım hadisəsi, Azərbaycan ərazisindəki mədəni və dini abidələrin məhv edilməsi erməni vəhşiliyinin nümunəsidir. İşğaldan azad etdikdən sonra onları bütün dünyaya nümayiş etdirdik. Azərbaycana dəvət olunan səyyahlar vardı ki, onlarda orda heyrətə gəlmişdi. Diplomatik nümayəndəliklərin, səfirlərin də təşkil olunmuş səfərlərdə gördükləri onları dəhşətə gətirmişdi. Belə olan halda biz açıq-aşkar bunu xalq, dövlət, ölkə olaraq qəbul etməliyik ki, AŞPA və digər beynəlxalq təşkilatlar konkret olaraq etiraf edirlər ki, biz həqiqətləri duymaq istəmirik, bizə yalnız lobbilərin verdiyi pullar, korrupsiya halları lazımdır. Azərbaycan tərəfindən dəfələrdə AŞPA-ya və digər beynəlxalq təşkilatlara müraciət olunub ki, gəlin, işğaldan azad olunan torpaqlara səfərlər edək, görün ki, ermənilər hansı vəhşiliyi, barbarlığı ediblər. Onlar həmin ərazilərə getmək istəməyiblər. Bu səfərləri müsbət qarşılamayıblar. Ona görə də biz hamımız bilməliyik ki, AŞPA və digər beynəlxalq təşkilatların bir çoxu həqiqətləri görmək, eşitmək istəmir. Onlar üçün islamafob, türkfob məsələlər önəmlidir. AŞPA Fransanın, Almaniyanın alətinə çevirilmiş qurumdur. Onlar heç vaxt bitərəf mövqe nümayiş etdirə bilməz, haqlının yanında olub, düzgün tərəfdən çıxış edə bilməzlər. Bundan sonra da bu cür hallarla rastlaşacağımıza inanmalıyıq və özümüzü hazırlamalıyıq. Azərbaycan bu məsələdə yalnız dost, qardaş olduğu dövlətlərlə-Türkiyə, Pakistanla birlikdə mübarizə aparmalıdır. Birlikdə bütün beynəlxalq təşkilatlara haqq səslərini eşitməyə məcbur etməlidir. Eşitməsələr də, bunlar Azərbaycan üçün önəmli deyil. Biz artıq bilirik ki, bir çox beynəlxalq təşkilatlar, dövlətlər Azərbaycana qarşı bu cür mövqedə olacaqlar. Çünki, biz öz ərazi bütövlüyümüzü onların iradəsinə zidd olaraq bərpa etmişik. Bu gün Avropa dövlətlərinin, konkret olaraq Fransanın və digər ölkələrin regionda hökmranlığının qarşısını almışıq. Bütün Cənubi Qafqazda gözü olan böyük güc dövlətlərin mənafelərinin üstünfən xətt çəkmişik. Biz dövlət olaraq onların "olmaz, ola bilməz" dedikləri hər şeyi etmişik. Göstərmişik ki, siz maneə olursunuz. Ölkələr, dövlətlər, qonşular arasında sülh və sabitliyə maneə olursunuz. Bu gün Ukraynada olan vəziyyəti kim yaradıb? Əlbəttə ki, Avropa, Qərb ölkələri. Əsrlərdir qardaşlıq münasibətində yaşayan, bir xalqın nümayəndələri olan dövlətlər- Rusiya və Ukrayna bu gün düşməndirlər. Bütün dünya ölkələri buna diqqət etməlidir ki, necə oldu ki, bu ölkələr düşmən oldu. Bu gün Ermənistanla Azərbaycan arasında münasibətlər normallaşmağa gedən zamanda Avropa və Qərb, eyni zamanda digər qonşu dövlətlərimiz Ermənistanı silahlandırır. Səbəb odur ki, Ermənistanın revanşizmə hazırlayırlar. Ermənistanda revanşizm həvəsi ilə yaşayam revanşistlər qrupunu aktivləşdirmək istəyirlər. Azərbaycanla Ermənistan arasında yaranacaq sülh müqaviləsinin qarşısını alırlar. Sülh müqaviləsini uzun-uzadı bir prosesə çevirmək istəyirlər. Onların uzadıcı fəaliyyəti 30 ilə yaxın ərazilərimizin işğalda qalmasına səbəb olmuşdu. Bu Ermənistana da zərərdir. Ermənistan müflis olub, dalana söykənib, onların alətinə çevrilibdir. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin olmasını istəmirlər. Əks halda, sabah Ermənistan onlardan aslı qalmayacaq və dediklərini etməyəcək. Bunu nə Qərb, nə bəzi qonşu dövlətlər istəmir. Onlar Ermənistanın alət olmaqdan çıxmasını istəmirlər".