AŞPA olmadan da Azərbaycan dövləti öz siyasətini yürüdəcək, öz ayaqları üstündə duracaq - ÖZƏL
25 Yanvar 2024 10:50 Siyasət"Azərbaycan nümayəndə heyətinin AŞPA da fəaliyyətini dayandırmaqla bağlı verdiyi qərar yerindədir, vaxtında atılmış addımdır".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Heç bir qurumun, heç bir nümayəndəliyin, təşkilatın, Azərbaycan dövlətinin və onun təmsilçilərinin qüruruyla oynamaq haqqı yoxdur. Ona görə də Azərbaycan tərəfi belə qərara gəldi ki, bizə qarşı aparılan qərəz kampaniyasına məhz bu cür reaksiya verilsin. Yəni Avropa Şurası, bilirsiniz ki, bir zamanlar Azərbaycana çox lazım idi. Özəlliklə də Qarabağ məsələsinin həllində o təşkilatın da hansısa bir rol oynaya biləcəyinə ümidlər vardı və məsələ ilə bağlı, özəlliklə də Avropa Şurası Parlament Assambleyasında müzakirələr də aparılırdı. Amma təəssüflər olsun ki, həmin müzakirələr bir nəticə vermirdi. Yəni Azərbaycan torpaqları davamlı şəkil altında qalırdı və buna görə Ermənistana qarşı hansısa sərt addımların atıldığının da şahidi olmurduq və təbiidir ki, belə bir təşkilat qeyri-effektiv idi və Azərbaycana bir faydası olmurdu. İndiki şəraitdə isə Azərbaycan bu platformanın daha normal bir platformaya çevrilməsi və orada bizim üçün maraqlı olan Ermənistanla münasibətlərin normallaşmasının müzakirə olunması baxımından nəsə edə biləcəyini sanırdı. Amma aparılan müzakirələr, son günlər yayılan məlumatları göstərdi ki, Avropa Şurası Parlament Assambleyası qərəz yuvasına çevrilib, anti-Azərbaycan platformaya çevrilib və belə bir şəraitdə, təbiidir ki, bizim orada iştirakımız doğru olmazdı. Ona görə də Azərbaycan nümayəndə heyəti qərar verdi və artıq Avropa Şurası Parlament Assambleyasında iştirak etmirik. Bundan sonra edəcəyikmi? Əlbəttə ki, bu da Azərbaycanın seçimi ilə olacaq. Yəni qərarı özümüz verəcəyik. AŞPA normal bir platformaya çevrilərsə, bəli, Azərbaycan orada iştirakını davam etdirəcək. Yox, bunlar bu qərəzdən əl çəkməyəcəklər və belə də davam edəcəklərsə. Təbiidir ki, Azərbaycan orda iştirak etməyəcək. Zatən biz iştirak etməsək, itirəcək bir şeyimiz də yoxdur. Düzdür, beynəlxalq, dövlətlərarası bir platforma olaraq hansısa məsələlərdə yararlana bilərik. Amma ümumilikdə götürəndə AŞPA olmadan da Azərbaycan dövləti öz siyasətini yürüdəcək, öz ayaqları üstündə duracaq".