Bunların hamısı kiçik və cılız oyunlardır-Şəbnəm Həsənova- ÖZƏL

"Avropa Şurası Parlament Assambleyası Azərbaycanın hüquqlarının məhdudlaşdırılmasına səbəb ola biləcək prosedura, əslində isə yeni bir oyuna əl atdı". 

Bu fikirləri politoloq Şəbnəm Həsənova Olaylar.az-a olan açıqlamasında bildirib:

"Yəni, yenə və yenidən Azərbaycana qarşı düyməyə basıldı. Mövcud addım qruplar və milli nümayəndə heyətləri tərəfindən əvvəlcədən razılaşdırılıb. Prosedura rəsmi olaraq Sosial Demokratlar qrupunun rəhbəri və Almaniyanın AŞPA-dakı nümayəndə heyətinin sədri Frank Şvabbe tərəfindən təşəbbüs edilib. O, guya Azərbaycanı müxalifəti təqib etməkdə, Qarabağda insan haqlarını kütləvi şəkildə pozmaqda ittiham edib və AŞPA-da azərbaycanlıların hüquqlarını məhdudlaşdırmaqdan başqa "təsir etməyin başqa yollarının olmadığını" əminliklə bildirib. Şvabbe bildirir ki, "AŞPA nümayəndələrinin siyasi məhbuslara və Laçın dəhlizinə baş çəkə bilməmələrinə, seçkiləri müşahidə etməyə dəvət edilməməsinə görə birbaşa Azərbaycan nümayəndə heyətinin məsuliyyəti var". Bu dəfə də sadəcə Azərbaycanın deyil, mahiyyət etibarilə olmasa da prosessual əsaslarla - Sol partiyadan olan Putinyönlü nümayəndə heyətinin Andrey Qunkonun seçilməsi ilə bağlı şübhələr səbəbindən Almaniya nümayəndə heyətinin səlahiyyətlərindən də şikayət edilib. 
Azərbaycan isə ilk dəfə deyil ki, Avropa Şurası və onun qurumlarının tənqidləri ilə üzləşir. 2017-ci ildə də ölkəmizə qarşı xüsusi siyasi cəza proseduruna başlanıldı. Avropa Şurası 47 Avropa ölkəsini birləşdirir və təşkilatın saytında deyilir ki "Avropada demokratiyanı təşviq etmək, insan haqlarını qorumaq və qanunun aliliyini gücləndirmək" məqsədilə yaradılıb. Vurğuladığımız amillərin hər biri baş verən hadisələrin təsviridir. Məsələnin  analizinə gələk. Bu baxımdan hər şeydən öncə qeyd edək ki, bu addım Avropa Şurasından çıxarılmazdan əvvəl Rusiyaya qarşı edilən müraciətlə eynidir. Yəni, bir növ Azərbaycana "xox" gəlməkdir ki tərəfini, yaxınlığını açıq bəlli et. Böyük oyun budur. 
Xüsusilə də seçki ərəfəsində bu kimi addımların pərdəarxası məqamları sadəcə dövlətimizə, savadlı kəsimə deyil, sadə xalqa da yaxşı məlumdur. Məqsəd Azərbaycan cəmiyyətini parçalamaq, seçki öncəsi proses ətrafında süni ajiotaj yaratmaqdır. Xalqımız bu kimi çirkin oyunlara heç zaman getməyib, indi də getməyəcək. Bu gün ölkəmizdə heç zaman olmadığı qədər sıx, monolit xalq-iqtidar birliyi mövcuddur. Alınan hər bir qərar xalq tərəfindən dəstəklənir. Siyasi partiyalar haqqında yeni qanun layihəsi, bunun ictimai müzakirəyə çıxarılması sonrası edilən dəyişikliklər və demokratik prinsiplərin tətbiqi ondan xəbər verir ki, hər nə qədər bizi ləkələməyə, qaralamağa çalışsalar da bu alınmır. Azərbaycan dəfələrlə bildirdi ki, bölgədə qalan ermənilər dinc şəkildə vətəndaşlığımızı alıb qala bilərlər. Bununla bağlı portal da yaradıldı. Lakin ermənilər əraziləri tərk edərkən bir ağızdan dedilər ki, bizə deyiblər ki çıxın. Deyən tərəf isə Azərbaycan deyildi. Deyənlərin bu günə hesabladıqları oyunun mahiyyətini də, ssenarisini də biz gözəl bilir, aydın dərk edirdik. Əsas məsələ odur ki, Azərbaycan və Ermənistan arasında birbaşa ünsiyyət artdıqca buna mane olurlar. Avropa Şurası həmişə bildirir ki, "qırmızı xətti keçənlərə bu təşkilatda yer yoxdur". Bəs 30 ilə yaxın zaman çərçivəsində insan haqlarından danışan belə təsisatlar anlamalı idi ki, azərbaycanlı məcburi köçkünlərin nəinki qırmızı xətti, ayaqlarını kəndara atmağa evləri, onun qapısı belə olmadı, insanlar qarda-qışda çadır şəhərciklərinə möhtac qaldılar. Gələcək nəsildə nə qədər ciddi xəstəlik, sağlamlıqlarında ciddi fəsadlar oldu. AŞPA-nın saytında göstərilən məqsədlər harda idi onda və yaxud da elə indi? Yəni, bu addımların hər biri Cənubi Qafqazda mənfi meyillərin davam etdirilməsinə xidmət edir.
Bu gün Azərbaycan öz reallığını yaradan dövlətdir. O reallıq ki, bazisdə beynəlxalq hüquq dayanır. Cənab Prezident İlham Əliyev də dəfələrlə çıxışlarında bildirib ki, biz heç kimin qapısında nə gözləməyəcəyik, nə yalvarmayacayıq. İndi isə belə bir təəssürat yaranır: Azərbaycan nə qədər balansı, məsafəni qorumağa çalışsa da, sanki Avropa Şurası "bizdən uzaqlaşın" düşüncəsində təkidlidir. Gedəni saxlamazlar. Bunların hamısı isə kiçik və cılız oyunlardır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31