İtirən sözsüz ki, Fransa dövləti və Fransa xalqı olacaqdır-Sultan Zahidov- ÖZƏL
16 Yanvar 22:39 Siyasət"Ümumiyyətlə, Fransa senatının bu kimi qətnamə qəbul etməsi təəccüb doğurmamalıdır".
Bu fikirləri politoloq Sultan Zahidov Olaylar.az-a açıqlamasında bildirib:
"Xatırlatmaq lazımdır ki, İkinci Qarabağ müharibəsindən sonra Fransa senatı Azərbaycanı pisləyən və hətta Azərbaycanı işğalda ittiham edən qətnamə layihəsi qəbul etmişdir. Həmin zaman sözsüz ki, bu qətnamə layihəsi elə kağız üzərində qaldı. İndi də Fransa senatından fərqli addım gözləmirik. Senatda oturanların əksəriyyəti erməni diasporasının ianəsiylə öz yaşayışını təmin edən şəxslərdir. Onların bu cür addım atması bizi təəccübləndirməməlidir. Eyni zamanda artıq Fransa-Azərbaycan münasibətlərini nəzərə alsaq görərik ki, Fransanın dekonstruktiv mövqeyi, Azərbaycana qarşı qərəzli siyasəti, ümumiyyətlə, Cənubi Qafqaza qeyri-sabitlik gətirmək istəməsi fonunda senatın belə bir addım atması əslində gözlənilən idi. Biz bilirik ki, son bir neçə ildə İkinci Qarabağ müharibəsindən sonr Fransa Azərbaycana qarşı daimi şəkildə əsassız ittihamlar irəli sürmüş, hətta 5 dəfə BMT Təhlükəsizlik Şurasının Azərbaycan əleyhinə qətnamə layihəsini təqdim etmişdir. Sözsüz ki, Azərbaycanın dostları və ümumiyyətlə, beynəlxalq ədalətin tərəfdarı olan dövlətlərin sayəsində lazımi səs çoxluğunu yığa bilmədi. Bununla belə Fransa çalışır ki, hər vəcdlə Azərbaycanı gözümçıxdıya salsın, Azərbaycana qarşı bir kompaniya aparsın. Bunun da bir sıra səbəbləri var. Birinci səbəb Fransadakı erməni diasporasının siysətçilərin ciblərini çirkin pullarla doldurması, ikinci səbəb Fransanın Cənubi Qafqazda müəyyən status və nüfus olmaq istəyi və bu məqsədə nail olmaq üçün "parçala və hökm sür" neoimperialist siyasət yürütməsi, digər tərəfdən Fransa Azərbaycanın atdığı addımlardan narazıdır ki, əslində bu addımlar ədalətli addımlardır. Söhbət burada Bakı Təşəbbüs Qrupundan gedir. Ötən ilin sonunda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda neokolonializmlə mübarizə ilə bağlı tədbir keçirildi. Burada sözsüz ki, Fransa kimi ölkələrin kolonial siyasəti tənqid olundu. Bilirik ki, Fransanın Afrikada, Sakit Okean hövzəsində kolonialar var idi. Həmin kolonialar üzərində Fransa bu gün də müstəmləkəçilik siyasətini həyata keçirməyə çalışır. Həmin regionların resurslarını, insanlarını bir növ istismar edərək orada öz statusunu, nüfusunu qurmağa çalışır. Afrikada bununla bağlı Fransa son illər böyük uğursuzluqla üzləşdi. Onun Burkina-Fasoda, Malidə, Niger kimi ölkələrdə artıq öz nüfusunu itirməsi və həmin ölkə rəhbərlətinin Fransaya qarşı müəyyən səhv addımlar atması, hətta ümumiyyətlə, Burkina-Fasoda Fransız dilinin qadağan edilməsi onu göstərir ki, Fransa Afrikada öz təsir rıçaqlarını itirməkdədir. Bütün bunların fonunda Fransa Mərkəzi Asiyadan istifadə etməyə çalışır. Azərbaycan da hər vəcdlə buna maneçilik törədir. Bu baxımdan Fransa da öz təbirincə çalışır ki, Azərbaycanı beynəlxalq arenada pisləyəcək, mövqeyini zəiflədəcək addımlar atsın. Bunlardan biri də elə məhz senatın fəaliyyətidir. Sözsüz ki, bu fəaliyyət heç bir beynəlxalq hüququn prinsiplərinə sığmır. Bu fəaliyyət yalnız və yalnız Fransa siyasi establişmentinin müəyyən çürük nümayəndələrinin Makron başda olmaqla eyni zamanda da erməni diasporasının məkrli maraqlarına xidmət göstərir. Qeyd etmək lazımdır ki, ümumiyyətlə, hazırki siyasi establişmentin fəaliyyəti Fransa xalqı tərəfindən narazılıqla qarşılanır. Senatın qəbul etdiyi immiqrasiya qanunu ilə bağlı Fransada kütləvi şəkildə etiraz aksiyaları baş verir. Görünən odur ki, Fransa hakimiyyəti bu baş verənlərdən nəticə çıxarmaq əvəzinə əksinə, vəziyyəti daha da gərginləşdirməyə və xalqın maraqlarından çox öz məkrli planlarına xidmət etməyə cəhd göstərir ki, bundan da itirən sözsüz ki, Fransa dövləti və Fransa xalqı olacaqdır".