İlham Əliyev: Azərbaycan Mərkəzi Asiya ölkələri üçün etibarlı tranzit ölkədir

: "Mərkəzi Asiyadakı qardaşlarımız bilirlər ki, Azərbaycanın bütün nəqliyyat-logistika infrastrukturu onlar üçün açıqdır"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tacikistanlı həmkarı Emoməli Rəhmonun dəvəti ilə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirak etmək üçün bu ölkəyə səfərə gedib. Səfər çərçivəsində Düşənbədə Azərbaycan və Tacikistan prezidentlərinin təkbətək görüşü olub.

Prezident İlham Əliyev bu mühüm tədbirdə fəxri qonaq qismində iştirak etmək üçün dəvətə görə təşəkkürünü bildirib:

"Mən bunu çox yüksək qiymətləndirirəm. Belə mühüm tədbirdə iştirak etmək mənim üçün böyük şərəfdir və xüsusilə yenidən gözəl Düşənbə şəhərində olmaq xoşdur".

Elə həmin gün Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə fəxri qonaq qismində iştirak edib.

Görüşdə çıxış edən prezident İlham Əliyev deyib ki, Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Dövlət başçısı qeyd edib ki,  ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir: "Otuz ildən artıqdır ki, biz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparırıq, bir-birimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdiririk".

Prezident İlham Əliyev həmçinin vurğulayıb ki, Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur.

İkitərəfli əməkdaşlığın mühüm meyarlarından birinin qarşılıqlı ticarətin və sərmayələrin artımı olduğunu söyləyən dövlətimizin başçısı həmin iki istiqamət üzrə göstəricilərin davamlı artdığını söyləyib: "Keçən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə daha 50 faiz artıb. Birgə sərmayə fondları yaradılıb, növbəti 3 il üzrə 1 milyard dollardan artıq qarşılıqlı sərmayələrin həcmi razılaşdırılıb. Biz artıq sənaye əməkdaşlığı, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələri həyata keçiririk. Mehmanxana işi və turizm sahəsindəki sərmayə layihələri ilk icra mərhələsindədir. Biz Mərkəzi Asiyadan olan şirkətlərin bu yaxınlarda Azərbaycanda yaradılmış Ələt Azad İqtisadi Zonasına marağını görürük".

Dövlət başçısı diqqətə çatdırıb ki, Şərq-Qərb marşrutu ilə yükdaşımalarına artan tələbatı təmin etmək məqsədilə Bakı-Tbilisi-Qars dəmir yolu tərəfimizdən müasirləşdirilir:

"Gələn il həmin yol ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona qədər artırılacağını qeyd edən dövlətimizin başçısı bildirib ki, buna paralel olaraq, Bakı Ticarət Limanının imkanları bugünkü 15 milyon tondan 25 milyon tona qədər artırılır".

"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir", deyən Azərbaycan lideri, əks istiqamətdə də tranzitin əhəmiyyətinin az olmadığını diqqətə çatdırıb: "Mərkəzi Asiyadakı qardaşlarımız bilirlər ki, Azərbaycanın bütün nəqliyyat-logistika infrastrukturu onlar üçün açıqdır".

Prezident diqqətə çatdırıb ki, Azərbaycan Xəzərdə 50-dən artıq gəmidən ibarət ən iri ticarət donanmasına malikdir: "Mərkəzi Asiya ölkələrindən yük göndərənlərin artan tələbatını nəzərə alaraq, biz gəmiqayırma zavodunun imkanlarının genişləndirilməsi üzərində fəal çalışırıq. Yeni sərmayə layihələri başa çatdıqdan sonra, istehsal olunan tanker və quru yük daşıyan gəmilərin sayı bu gün ildə 6 gəmidən 10-15 gəmiyə qədər artacaq".

Prezident İlham Əliyev çıxışında Azərbaycanın bu region ölkələri ilə yeni əməkdaşlıq sahəsi barədə danışıb. Prezident ölkələrimiz arasında əməkdaşlığın yeni sahəsinin fiber-optik infrastrukturun yaradılmasına yönəlmiş "Rəqəmsal İpək Yolu" layihəsinin olduğunu söyləyib.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev deyib ki, Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə iştirakı xalqlarımızın dostluq və anlayış bağlarını hərtərəfli möhkəmləndirmək üzrə həqiqi səylərindən xəbər verir.

O bildirib ki, qardaş Azərbaycanın liderinin iştirakı xalqlarımızın çoxəsrlik dostluq və anlayış bağlarını hərtərəfli möhkəmləndirmək üzrə həqiqi səylərindən qətiyyətlə xəbər verir:

"Əminəm ki, bugünkü sammit, həqiqətən, əlamətdar olacaq və çoxplanlı əməkdaşlığımızın gələcək taleyini müəyyən edəcək".

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev isə deyib ki,  Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə iştirakı Mərkəzi Asiya ölkələrinin Azərbaycanla əməkdaşlığının yüksək səviyyədə olduğunun sübutudur.

Qeyd edək ki, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinin keçirilməsi təşəbbüsü 2017-ci ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən irəli sürülüb. Birinci görüş Qazaxıstanda, ikinci görüş Özbəkistanda, üçüncüsü Türkmənistanda, dördüncüsü isə Qırğızıstanda keçirilib.

Qeyd edək  ki, sentyabrın 14-də Düşənbədə Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun təltifolunma mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və digər dövlət başçıları tədbirdə iştirak ediblər

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31