Qan töküb torpağı  Vətən edənlər ...

İkinci Qarabağ müharibəsində   xalqın 30 illik  torpaq həsrətinə öz qanı, cani ilə son qoyan Vətənin qəhrəman  övladlardan   biri də    Azərbaycan Silahlı Qüvvələrinin mayoru  şəhid Aqşin Nazim oğlu İbadovdur.  Doğulub boya-başa çatdığı   Lənkəran rayonunun Boladı kəndində bu  Vətən  sevdalısının  adı çəkiləndə belə kiçik də, böyük də qürur hissi keçirir, qəlblərdə  doğma Azərbaycana olan ilahi bir məhəbbət hissi baş qaldırır. Bəli, ömrü günəşləşən Aqşın indi artıq  boladililər üçün şandır, şöhrətdir.  

Vətən torpaqların işğalına qarşı barışmaz mövqe tutan Aqşin özünə  hərbiçi peşəsini seçib.    O, 2001-2005-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində kəşfiyyatçı ixtisası üzrə təhsil alıb. Leytenant  rütbəsi alaraq, hərbi vəzifəyə başlayıb. Ağstafa rayonunda, Mingəçevir şəhərində, Murovdağda, Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissələrdə  canından artıq  sevdiyi  Vətəninə vicdanla  xidmət edib. Vətənpərvərliyi, peşəkarlığı  həmişə ona hörmət qazandırıb, mayor rütbəsinə qədər ucalıb.

Azərbaycan Ordusunun kəşfiyyatçı  mayoru olan Aqşin İbadov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağın, Füzulinin, Cəbrayılın, Xocavəndin və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 19-da Zəngilan döyüşləri zamanı ömrünün 36-cı ilində  şəhidlik zirvəsinə ucalıb və Lənkəran rayonunda dəfn olunub.

Qalib şəhid Aqşin İbadovun  adına can dediyi, müqəddəsliyinə tapındığı Azərbaycanın qarşısında xidmətləri böyükdür. Dövlət tərəfindən layiq görüldüyü təltiflər də bunu göstərir.  III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə",  "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi", "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi", III dərəcəli "Qüsursuz xidmətə görə",  "Azərbaycan Ordusunun 100 illiyi", II dərəcəli "Qüsursuz xidmətə görə",  ölümündən sonra isə "Vətən uğrunda",  Cəbrayılın, Kəlbəcərin, Xocavəndin, Füzulinin azadlığına görə  medalları ilə təltif edilib.

Yeri milyonların ürəyi olan  şəhid Aqşin İbadovun 39 yaşı da lənkəranlılar tərəfində böyük ehtiramla qeyd olunub.  Doğum günündə Lənkəran Şəhər İcra Hakimiyyətinin əməkdaşları,  yerli ictimaiyyətin nümayəndələri şəhidin ailəsinə baş çəkib, qəhrəman övladımızın məzarını ziyarət edib, önünə gül dəstələri düzüblər.

Mərasimdə çıxış edənlər bildiriblər ki, Aqşin kimi Vətənin qeyrətli  oğlanlar hesabına  44 günlük  haqq savaşımız möhtəşəm  zəfərlə başa çatdı. Bu da Azərbaycan və dünya hərb tarixinə qızıl hərflərlə yazıldı. Vətəninə, torpağına  bağlı qəhrəman Aqşın İbadovun adı hər gələn nəsillərə örnək olsun deyə daimi böyük ehtiramla çəkilər. 

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31