Vətənpərvərliyin təbliğində ictimaiyyətin rolunun artırılmasının əsas yollarından biri maarifləndirmədir
15 Sentyabr 2023 10:41 SiyasətHər bir dövlətin qarşısında duran mühüm vəzifələrdən biri də vətənpərvər gənclər yetişdirməkdir. Çünki bir ölkənin təhlükəsizliyinin təminatında vətənpərvər gənclər xüsusi rol oynayır. Hər nə qədər güclü silahın, müasir standartlara cavab verən hərbi texnikan olsa da, bütün halda vətənpərvər gənclərin olması da şərtdir.
Vətənpərvər gənclərin yetişməsi üçünsə bütün cəmiyyət bu işdə fəal olmalıdır. İstər məktəb, istər ali təhsil ocağı, istər kütləvi informasiya vasitələri, istərsə də vətəndaş cəmiyyəti. Hətta vətənpərvər gənclərin yetişdirilməsinə bağçadan başlamaq lazımdır deyə bilərik. Kütləvi informasiya vasitələri nə qədər çox qəhrəmanlarımız, sərkərdələrimiz barədə materiallar dərc etsə gənclərimiz bir o qədər vətənpərvər olar. Televiziya kanallarımız nə qədər çox tarixi sərkərdələrimiz, qəhrəmanlarımız, Vətən uğrunda şəhid və qazi olan oğullarımız barədə filmlər çəkib cəmiyyətə təqdim etsə, gənclərimiz bir o qədər özlərini həmin qəhrəmanlara oxşadar, onlarla fəxr edər. Eyni şeyi yazıçılarımız, şairlərimiz barədə də söyləmək olar. Düzdür, bu gün deyə bilərik ki, bizim gənclərimiz vətənpərvərdir və 44 günlük Vətən müharibəsi bunu sübuta yetirdi. Ancaq vətənpərvərlik, bu ruhda gənclərin tərbiyəsi uzunmüddətli proses olduğu üçün daim bu istiqamətdə işləməyə ehtiyac var. Elə ictimai fəal, BDU-nun magistrantı Coşqun Hüseynli də bu qənaətdədir. O bildirib ki, xalqımız 44 gün ərzində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etmək uğrunda apardığı mübarizədə tarixi qələbə əldə etdi:
"2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən müharibə Ermənistan tərəfindən otuz ilə yaxındır işğal altında olan torpaqlarımızın azad edilməsi ilə nəticələndi. Müharibə həm də Ermənistanın təcavüzü qarşısında öz igid ordusuna və rəhbərliyinə dəstək verən Azərbaycan xalqının mərdliyini, mətanətini, birliyini nümayiş etdirdi. Bununla yanaşı, bütün dünya Azərbaycanda Vətən Müharibəsi illərində alovlanan vətənpərvərlik hisslərinin yenidən dirçəlməsinin şahidi oldu".
Coşqun Hüseynli hesab edir ki, lakin müharibənin başa çatması ilə iş bitmir:
"Ölkənin hələ də işğaldan azad edilmiş ərazilərinin yenidən qurulması və inkişaf etdirilməsi, məcburi köçkünlərin geri qaytarılması və məskunlaşdırılması, mədəni-tarixi irsinin qorunması və bərpası kimi məsələlər durur. Bu gün Azərbaycan Respublikasının Prezidentinin başçılığı ilə bütün bu işlər uğurla həyata keçirilir. Bu məqsədlərə nail olmaq üçün təkcə dövlətin və institutlarının səyləri deyil, həm də vətəndaş cəmiyyətinin fəal iştirakı və töhfəsi də lazımdır. Vətənpərvərliyin təbliğində ictimaiyyətin rolunun artırılmasının əsas yollarından biri maarifləndirmədir".
Natiq qeyd edib ki. bununla bağlı da ölkəmizdə tədbirlər həyata keçirilir: "Məsələn, məktəb və universitetlərdə Vətən Müharibəsi tarixinə dair dərslərin təşkili, şagird və tələbələrdə onun əhəmiyyətini dərk etmələrini təmin etmələri ən vacib işlərdən biridir. Bundan əlavə, vətəndaş təşkilatları əsgərlərimizin şücaətini xatırladan tədbirlərin təşkilində də mühüm rol oynayır. Veteranlara və onların ailələrinə dəstək olmaq vətənpərvərliyin təbliğinin digər mühüm aspektidir.Paradlar və sərgilər kimi ictimai tədbirlər Vətən Müharibəsi qəhrəmanlarını şərəfləndirmək üçün platforma kimi xidmət edir. Şücaət və mətanət hekayələrinin yayılmasında, vətəndaşları vətənpərvərliyə ruhlandırmaqda media orqanlarının mühüm rolu var. Sosial media kampaniyaları gəncləri cəlb edir və onları milli dəyərlərimizin təbliğində fəal iştiraka sövq edirlər. Həmçinin ictimai çıxışlar və nitqlər vətənpərvərlik aşılamaq və birliyin vacibliyini vurğulamaq üçün bir vasitədir. Yerli icmalar torpaqlarımıza sevgi göstərmək üçün təmizlik aksiyaları və abadlıq layihələri təşkil edirlər".
Coşqun Hüseynli qeyd edib ki. vətənpərvərlik təkcə müharibə vaxtı ilə məhdudlaşmır: "Bu, millətimizin rifahı üçün ilboyu bir öhdəlik olmalıdır. İctimai təşəbbüslər torpaqlarımızın parlaq gələcəyini təmin edən davamlılıq və ətraf mühitin qorunmasına yönəlməlidir. Nəticə olaraq qeyd etmək lazımdır ki, Vətən Müharibəsi və vətənpərvərliyin təbliğində ictimaiyyətin rolunun artırılması çoxşaxəli işdir. Bunun üçün hər bir vətəndaşdan təhsil, vətəndaş fəallığı, mədəni şənlik və fəal iştirak tələb olunur. Biz Ali Baş Komandanımızın rəhbərliyi altında birlikdə daha güclü, daha vahid, vətənpərvərlik və vətənə sevgi dəyərlərinə söykənən Azərbaycan dövləti olduğumuzu dünyaya nümayiş etdirdik".
Süleyman İsmayılbəyli
Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi "Azərbaycanın Bütövlüyü Uğrunda" ictimai birliyi tərəfindən icra olunan "Vətən müharibəsinin təbliğində və vətənpərvərlikdə ictimai rolun artırılması" adlı layihə çərçivəsində çap olunur.