Azərbaycanın Qarabağ ərazisində antiterror əməliyyatı keçirmək ehtimalı mövcuddur - ÖZƏL
8 Sentyabr 2023 13:19 Siyasət"2020-ci ildə 44 günlük müharibədən sonra Ermənistanın yenidən nə vaxtsa yeni bir müharibəyə başlama ehtimalının olmasını mümkün kimi dəyərləndirmişdim". Bu fikirləri "OLAYLAR"-a politoloq Azər Qasımov səsləndirib. Onun sözlərinə görə, erməni ordusunun əsas hissəsi məğlubiyyətləri gözləmirdilər və Şuşanın alınmasından sonra ermənilərin Qarabağda döyüşən mərkəzi ordusu bu gedişi qəbul etmirdi:
"Azərbaycan ordusu nə qədər cinahlardan aypara şəklində irəliləyə bilsə də, mərkəzdən irəliyə gedə bilməmişdi. Ermənilərin mərkəzi mövqeləri güclü idi və burda döyüşən erməni ordusunun özlərinə inamı çox idi. Odur ki, 9 noyabr gecəsi imzalanan bəyannamə onları qane etmirdi və onlar məğlubiyyətlərini Azərbaycan ordusunun gücündə deyil, özlərinin etdiyi səhvlər nəticəsində olduğunu hesab edirdilər. Bu məntiqdən həmişə hesab edirdim ki, erməni ordusunun bu hissəsində revanş hissi həmişə güclü olub"
Azər Qasımov qeyd edib ki, Ermənistan bir sıra ölkələrdən müxtəlif silahlar almaqla ordusunu gücləndurdiyini hesab edir:
"Hesab edirəm ki, aparılan sülh danışıqları da vaxt qazanmaq üçün bir imitasiya idi. Görünən odur ki, Ermənistan qələbə çalacağına əmindir ki, bu addımı atmaq üçün hazırlıq görür, şərti sərhəddə ordu toplayır.
Azərbaycanın da buna adekvat olaraq sərhəddə ordu topladığı xəbərləri gəlir. Aparılan diplomatik təmaslar da onu göstərir ki, beynəlxalq güclər də toqquşma olacağından xəbərdardırlar və bunda maraqlıdırlar".
Politoloq deyib ki. Azərbaycan ordusunun Zəngəzur dəhlizini işarə edən tərsinə "A" hərfli simvolikası mesajı da müəyyən fikir formalaşdırır:
"Azərbaycan ordusunun məqsədinin Zəngəzur dəhlizini açmaq olduğunu göstərir. Bir sözlə, tərəflər qarşıdurmaya ciddi hazırlaşırlar. Hesab edirəm ki, hər iki ölkədə müharibədə maraqlı görünür kimi görüntü vardır. Hər birinin ayrı-ayrı planları mövcuddur. Amma, fikrimcə, müharibə ritorikası Ermənistan üzərində təzyiq formalaşdırmaq və sülhə məcbur etmək məqsədi daşıyır.
Sülhlə bərabər də Zəngəzur dəhlizinin açılması mütləq olacaq. Çox az ehtimal Azərbaycanın Qarabağ ərazisində antiterror əməliyyatı keçirmək ehtimalı mövcuddur. Bu da nöqtə atışları ilə hədəflərin bir hissəsinin məhv edilməsi kimi ola bilər. Şəxsən başqa qarşıdurma gözləmirəm".