Qərbi Azərbaycan ərazisi tarixi Azərbaycan torpaqlarıdır - Millət vəkili
3 Sentyabr 2023 21:55 SiyasətQərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, Qərbi Azərbaycan ərazisi tarixi Azərbaycan torpaqlarıdır. Minillər boyu həmin ərazilərdə bizim soydaşlarımız yaşayıblar: "Heç şübhəsiz ki, minillər ərzində burada Azərbaycan xalqına məxsus çox zəngin tarixi-mədəni irs yaradıblar. Amma 200 il bundan əvvəldən başlayaraq mərhələ-mərhələ bura köçürülən ermənilər həmin irs nümunıələrinin bir hissəsini məhv edib, bir hissəsini isə erməniləşdiərək özlərininkiləşdiriblər, dünya ictimaiyyətinə "erməni tarixi-mədəni irs nümunələri" kimi təqdim edirlər. bura xalça, mətbəx, musiqi mədəniyyəti də və sair daxildir. Qərbi Azərbaycan İcması olaraq əsas məqsədimiz tarixi torpaqlarımızdakı Azərbaycan mədəni irs nümunələrinə sahib çıxmaq, bunları xalqımızın mədəni irs nümunələri kimi dünya ictimaiyyətinə çatdırmaqdır. Bu tədbir də həmin silsilədən atılan addımlardan biridir. Şübhəsiz ki, biz bu cür sərgilərin davamlı olmasını nəzərdə tuturuq. Sentyabrın sonuna qədər ölkədə bir neçə belə sərgi keçiriləcək. Belə sərgiləri xarici ölkələrdə də təşkil etməyi nəzərdə tutmuşuq. Qarşımızda Ermənistan kimi hər cür yalana, üsula əl atan düşmən dayanır. Biz onların qarşısına ancaq faktlarla, sənədlərlə, sübutlarla, mənbələrlə çıxmalıyıq ki, ermənilərin yüz illər ərzində dünya ictimaiyyətinin beyninə yeritdiyi yalanları, saxtakarlıqları qazıb çıxaraq və Qərbi Azərbaycan həqiqətlərini qəbul etdirə bilək".
Mədəniyyət nazirinin müavini Səadət Yusifova qeyd edib ki, tədbir Mədəniyyət Nazirliyi ilə Heydər Əliyev mərkəzinin birgə ərsəyə gətirdiyi tədbirdir. Məqsəd də Qərbi Azərbaycanın etnomədəni mühitinin rekonstruksiya etməkdir: "Vaxtilə tarixi Azərbaycan mahallarında xalqımızın keçirdiyi bayram şənliklərinin əhval-ruhiyyəsini canlandırmaqdır. Gördüyünüz kimi burada həm bölgənin tarixi eksponatı var, mətbəxi nümayiş olunur, konsert proqramı təqdim olunur. Təbii ki, bu istiqamətdə tədbirlər davam etdiriləcək. Tədbirin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində onun adını daşıyan Heydər Əliyev Mərkəzinin qarşısında keçirilməsi də rəmzi xarakter daşıyır. Ümummilli Lider inanırdı ki, nə vaxtsa, ədalət bərpa olunacaq və Qərbi azərbaycanlılar öz yurdlarına qayıda biləcəklər.
Prezident İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan şanlı zəfərdən sonra tamamilə yeni siyasi reallıqlar yararanıb. Artıq keçmiş məcburi köçkünlər Qarabağa, Şərqi Zəngəzura geri dönüş əldə edirlər. Şanlı Qələbədən sonra Qərbi azərbaycanlıların da öz ata-baba ocaqlarına qayıtmaq ümidi yaranıb. Dövlətimizin başçısının çıxışlarında Qərbi azərbaycanlıların da öz yurdlarına qayıdacağını bildirməsi ümidlərin, xəyalların reallığa çevriləcəyi günün çox da uzaqda olmadığına bir işarədir. Həmin imkan sülh müqaviləsi imzalanandan sonra yaranacaq. Vaxt gələcək həmin doğma torpaqlara da qayıdacağıq, qurub yaradacağıq və Azərbaycan mədəniyyətini çiçəkləndirəcəyik".