Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində ictimai birliklərin dəstəyi xüsusi əhəmiyyət daşıyır

Vətənpərvərlik elmi konsepsiyası dövrümüzün ən aktual məsələlərindən birini təşkil edir. Çünki xalqımızın ən ali milli-mənəvi dəyərlərindən biri də məhz vətənpərvərlik duyğusudur.

İctimai fəal, DİA-nın hüquq fakültəsinin tələbəsi Yəhya Mürsəlov deyir ki, vətənpərvərlik duyğusu bir şəxsin öz ölkəsinə qarşı dərin sevgisini, bağlılığını və məsuliyyət hissini ifadə edir:

"Ulu öndər Heydər Əliyevində dediyi kimi "Vətəni, dövləti, torpağı qorumaq peşəsi dünyada ən şərəfli peşədir". Hətta dövlətimizin ən ali qanunu olan Azərbaycan Respublikasının Konstitusiyasının 76-cı maddəsində də Vətəni müdafiənin hər bir vətəndaşın borcu olduğu göstərilmişdir. Vətən sevgisi birdən-birə yaranmayan, uşaqlıq vaxtlarından formalaşan bir hissdir. Bu baxımdan gənclərin vətənpərvərlik ruhunda böyüməsi və tərbiyyə edilməsində valideynlərin, müəllimlərin ümumilikdə cəmiyyətin rolu mühümdür. Cənab Prezident İlham Əliyevdə bu siyasətin formalaşdırılmasında mühüm addımlar atmış, gənclərin vətənpərvərlik ruhunda böyüməsi ilə bağlı gedən prosesləri yüksək qiymətləndirmişdir və ölkəmizin firavanlığının, müstəqilliyinin milli ruh, ənənə çərçivəsində formalaşan gənclərdən asılı olacağını qeyd etmişdir".

Yəhya Mürsəlov bildirib ki, Vətən müharibəsi dövründə insanlar arasında birliyin və vətənpərvərlik hissinin təbliğində mühüm və geniş yayılmış vasitələrdən biri də kütləvi informasiya vasitələri olub:

"Vətənpərvərliyin təbliğində medianın rolu çox böyükdür. Kütləvi informasiya vasitələri cəmiyyətin geniş təbəqəsini əhatə etməklə vətənpərvərlik hisslərinin formalaşmasında, gücləndirilməsində böyük təsirə malik güclü ünsiyyət vasitəsidir. Qarabağ müharibəsi dünya azərbaycanlılarının birliyini, gücünü bir daha göstərmişdir. Bu birlik özünü dövlətimizdə yaşayan vətəndaşlarımızın sosial, etnik, dini mənsubiyyətindən asılı olmayaraq istər ön istərsə də arxa cəbhədə düşmənə qarşı qorxmazcasına, cəsarətli mübarizəsində göstərmişdir. Məhz bu dövrdə həm dövlətimizdə həm də dünyanın əksər dövlətində yaşayan azərbaycanlılar erməni lobbiçilərinin təşkil etdikləri çirkin kampaniyalara əzmkarlıqla qarşı çıxmışdır. Vətənpərvərlik hissi ilə böyüyən minlərlə gəncimiz könüllü olaraq müharibədə iştirak etməklə bağlı müraciət etmişdir. Azərbaycan Respublikası təkcə hərb meydanında mübarizə aparmaqla yanaşı informasiya sahəsində də mübarizə aparırdı. Ermənilərin işğalıçılıq siyasətinin pislənməsində, dünya ictimaiyyətinə gerçəkləri və həqiqətin çatdırılmasında KİV nümayəndələrinin üzərinədə böyük vəzifə düşürdü. İstər Birinci Qarabağ müharibəsi  istərsə də İkinci Qarabağ müharibəsi dövründə jurnalistlərimiz cəsarət nümayiş etdirərək cəbhə bölgəsinə yollanır, ermənilər tərəfindən törədilən vəhşilikləri dünyaya çatdırmaq üçün mübarizə aparırdılar. Onların arasında müharibə dövründə xidmət edərkən həlak olan jurnalistlərmizdə olmuşdur. Birinci Qarabağ müharibəsində  ermənilər tərəfindən törədilən Xocalı faciəsinin dünya ölkələrinə çatdırılmasında misilsiz xidməti olan Çingiz Mustafayevi, 2020-ci il Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə çəkiliş aparmağa gedən jurnalistlər Sirac Abışov və Məhərrəm İbrahimov öz xidmətlərini yerinə yetirərkən şəhid olmuşdur".

O qeyd edib ki, Ali Baş Komandan cənab İlham Əliyev də müharibə dövründəki xəbərlərin və həqiqətlərin çatdırılmasında, dünya ictimaiyyətinin işıqlandırılmasında məhz mediadan istifadə edərək hər kəsi məlumatlandırırdı:

"Xalq olaraq müharibə ilə bağlı operativ paylaşılan məlumatları Prezident İlham Əliyevin rəsmi Twitter hesabından əldə etməyimizdə medianın rolunun vacibliyini bir daha sübut edir. Hətta bir sıra xarici televiziya kanallarının müxbirləri tərəfindən irəli sürülən qərəzli fikirlərə cənab Prezident soyuqqanlılıqla və tutarlı cavablar verərək onları susdurmuşdur".

Yəhya Mürsəlov qeyd edib ki, istər Vətən müharibəsi dövründə, istərsə də sonrasında gənc nəslin vətənpərvərlik ruhunda tərbiyyə edilməsində və ictimai rolun gücləndirilməsində ictimai birliklərin və fondların dəstəyi xüsusi əhəmiyyət daşımışdır:

"İctimai birliklər Azərbaycanda gənclər siyasətinin formalaşdırılmasında mühüm rol oynayan layihələr irəli sürür, vətəndaşların maarifləndirilməsində iştirak edir. Məhz belə birliklərdən biri olan və mütəmadi olaraq sosial, ictimai layihələr irəli sürən Yeni Azərbaycan Partiyasının Gənclər Birliyini örnək göstərmək mümkündür. Fondlarında rolu vacib əhəmiyyət daşıyır. Müharibə dövründə hər bir vətəndaş can başla yardım etməyə çalışmış və birlik göstərmişdir. Bu məqsədlə Qarabağ Dirçəliş Fondu və YAŞAT Fondu yaradılmış, dövlətimizin dəstəyi ilə yanaşı vətəçdaşlarımızda bu fonda mütəmadi olaraq yardım üçün ianələr etmişdir.

Dövlətimizin mənafeyini üstün tutan hər bir vətəndaş vətənpərvərlik hissini heç bir zaman unutmamalıdır. Buna görə də biz vətənpərvərlik təbliğatını aparmalı və Vətənə qarşı olan vəzifələrimizi daim xatırlamalıyıq".

Süleyman İsmayılbəyli

Yazı  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi "Azərbaycanın Bütövlüyü Uğrunda" ictimai birliyi tərəfindən icra olunan "Vətən müharibəsinin təbliğində və vətənpərvərlikdə ictimai rolun artırılması" adlı layihə çərçivəsində çap olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31