Ərdoğanın açıqlaması Ermənistan üçün xəbərdarlıq mesajıdır - ÖZƏL
6 Sentyabr 2023 13:57 SiyasətTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün hökumət kabinetinin iclasından sonra teleeviziya ilə çıxışında bir sıra vacib məqamlara toxunub. Türkiyə liderinin səsləndirdiyi fikirlərdən biri də qardaş ölkənin cənub sərhədlərində yaşanan təhlükələrlə bağlı olub. Ərdoğan "cənub regionlarımızın sabitliyi və təhlükəsizliyi ölkəmiz üçün ön plandadır"-deyə, vurğulayıb.
"Milli İnkişaf" ictimai birliyinin sədri Arzuman Muradlı "OLAYLAR"-a bildirib ki, Türkiyə liderinin cənub regionlarındakı vəziyyətlə bağlı narahatçılıq ifadə etməsi əslində Ermənistana ünvanlanmış xəbərdarlıq mesajıdır:
"Bildiyimiz kimi son vaxtlar Ermənistanın müntəzəm olaraq atəşkəsi pozduğu ərazilərdən biri də Naxçıvandır. Naxçıvanın Türkiyənin cənubunda yerləşdiyini nəzərə alsaq, Cənab Ərdoğanın birbaşa Ermənistana xəbərdarlıq etdiyini söyləyə bilərik".
Arzuman Muradlı deyib ki, Türkiyə heç bir problem, beynəlxalq təzyiqlə üzləşmədən cənub regionundakı Naxçıvanın müdafiəsini təmin edə bilər:
"1921-ci ilin tarixi Qars müqaviləsi buna əsas verir. Hər kəsə məlumdur ki, həmin saziş əsasında Türkiyə Naxçıvanın qarantörüdür. Ona görə də Ermənistanın Naxçıvanla bağlı atacağı istənilən düşünülməmiş addımı İrəvana baha başa gələ bilər".
İctimai birlik sədri bildirib ki, Ermənistan rəhbərliyi Türkiyə liderinin ötən gün səsləndirdiyi fikirləri özünə xəbərdarlıq kimi anlamalı və yalnışlardan uzaq olmalıdır.