Ermənistan əvvəlki razılaşmalardan geri çəkilmək kursu götürüb - ÖZƏL
4 Sentyabr 2023 13:58 Siyasət"Paşinyanın son açıqlamaları onu sübut edir ki, Ermənistan əvvəlki razılaşmalardan geri çəkilmək kursu götürüb. Onun Qarabağdakı qondarma rejimin "ildönümü" günü səsləndirdiyi bəyanatı rəsmi İrəvanın Cənubi Qafqazda təhlükəsizliyin, sabitliyin yaranmasında maraqlı olmadığını bir daha təsdiqlədi".
Bu fikirləri "OLAYLAR"-a politoloq Yusif Bağırzadə səsləndirib. O bildirib ki, bu bəyanatla Paşinyan faktiki olaraq İrəvanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən imtina etdiyini bir daha dünyaya bəyan etmiş oldu:
"Paşinyanın bu cür mövqe sərgiləməsinin arxasında təbii ki, konkret səbəblər var. Bu səbəblər bir tərəfdən Fransa ilə bağlıdırsa digər tərəfdən də Rusiyanın beşinci kalonunun aktivləşməsi ilə bağlıdır".
Yusif Bağırzadə qeyd edib ki, Paşinyanın Fransanın siyasi vədlərindən ruhlanaraq illüziyaya qapıldığı açıq-aşkar hiss olunmaqdadır:
"Əks halda Paşinyan 86.6 min kvadrat kilometr olmaqla, yəni başqa sözlə desək Qarabağla birlikdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etməsi və bunu istər ABŞ, istərsə də Avropa İttifaqı vasitəçiliyi ilə aparılan danışıqlarda təsdiqləməsinin ardınca birdən-birə əvvəlki razılaşmalardan geri çəkilmək kursunu götürməyə cürət etməzdi.
İkinci bir tərəfdən yuxarıda da qeyd etdiyim kimi, son bir neçə vaxtdır ki, Ruben Vardanyan, Arkadi Qukasyan, Bako Saakyan, Robert Köçəryan, Serj Sarqsyan və digər revanşistlərin aktivləşməsi və Ermənistan ictimai rəyində revanşist mövqenin daha da qabarıq şəkil alması da Paşinyanı bu cür sərsəm açıqlamalar verməyə məcbur edib. İctimai rəydə mövqelərini itirmək istəməyən Paşinyan Qarabağ kartını müxalifətin əlinə keçməsindən narahatlıq duyaraq yeni obraza bürünməyə cəhd edir".
Politoloqun sözlərinə görə, amma səbəbin nə olmasından asılı olmayaraq aydın göründü ki, Ermənistan baş nazirinin Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə dediklərində heç bir halda səmimi olmayıb:
"Bu açıqlamalarla o öz simasını və əsl niyyətini bir daha açıq şəkildə nümayiş etdirmiş oldu.
Amma Paşinyan unudur ki, artıq çox şey dəyişib havadarların dəstəyi ilə nəyəsə ümid edə bilməz. Həm Paşinyan, həm də öz Cənubi Qafqaz maraqlarını təmin etmək üçün Ermənistana havadarlıq edən güclər anlamalıdırlar ki, Azərbaycan heç bir halda öz maraqlarını kiməsə güzəştə gedəcək deyil və ərazilərimizdə ikinci erməni dövləti yaratmaq mümkün olmayacaq. Hazırda Rusiya sülhməramlılarının olduğu ərazidə əvvəlki qondarma rejimin tör-töküntüləri qalıb və Paşinyan öz sərsəm açıqlamaları ilə həmin tör-töküntülərin də ərazilərmizi tərk etməsini sürətləndirir. İrəvanın sərgilədiyi destruktiv davranışın nəinki heç bir perspektivi yoxdur, əksinə bu mövqe Ermənistanın özünü məhvə aparır".