"Azərbaycan artıq öz torpağında nəzarətsiz zonaya tolerantlıq göstərə bilməz"- Hikmət Hacıyev
1 Sentyabr 2023 10:30 SiyasətMəlum olduğu kimi avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağ iqtisadi rayonunda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün ərzaq yükü təşkil edib. İlkin mərhələdə 40 ton un məmulatının Ağdam-Xankəndi yolu ilə ünvana çatdırılması nəzərdə tutulur. Lakin separatçıların və havadarlarının təkidi ilə humaitar yük hələ də Ağdam-Xankəndi yolunda saxlanmaqdadır. Ağdam-Xankəndi yolunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ərzaq yüklərinin yerləşdiyi məntəqə ilə tanış olmaq məqsədilə Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələri və hərbi attaşeləri bölgəyə səfər ediblər. Ağdamdan başlayan tanışlıq səfərində 50-dən artıq ölkə və beynəlxalq təşkilatdan 60-a yaxın şəxs, o cümlədən Türkiyə, Çin, Rusiya, Yaponiya, İsveçrə, Polşa, Çexiya, Bolqarıstan, Rumıniya, Serbiya, Argentina, Kolumbiya, Meksika, Cənubi Koreya, İndoneziya, İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, Qətər, İraq, İran, Əfqanıstan, Liviya, Fələstin, Ukrayna, Qazaxıstan, Özbəkistan, Belarus, Gürcüstan, Tacikistan və digər ölkələrin, Birləşmiş Millətlər Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, TÜRKPA və s. beynəlxalq təşkilatların təmsilçiləri, habelə xarici jurnalistlər iştirak edirlər. Diplomatlar artıq Ağdam-Xankəndi yolunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ərzaq yüklərinin yerləşdiyi məntəqə ilə tanış olublar, ərzaq yüklərinə baxış keçiriblər.
Diplomatlara və xarici jurnalistlərə mövcud vəziyyət barədə ətraflı məlumat verən Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qeyd edib ki, Ağdam-Xankəndi yolundan istifadədən imtina edilməsini yalnız rasizim və diskriminasiya kimi qiymətləndirə bilərik: "Yoldan bu formada imtina yalnız və yalnız rasizimdir. Azərbaycan yolları açaraq reinteqrasiya prosesini başlamaq niyyətindədir. Bu reinteqrasiya prosesinin də tərkib hissəsi olaraq Azərbaycan Qarabağda yaşayan erməni sakinlərin hüquqlarını, təhlükəsizliyini və Azərbaycan Konstitusiyası və tərəfdar çıxdığı beynəlxalq sənədlər əsasında təmin etməyə hazırdır".
H.Hacıyev qeyd edib ki, Ağdam-Xankəndi yolu ilə istənilən yük qısa müddətdə çatdırıla bilər: "Ağdam-Xankəndi yolunun böyük ötürücülük qabiliyyəti var və daha səmərəli yoldur. Bu yolun düzənlik ərazidən keçərək Azərbaycanın əsas hissəsi ilə Xankəndi şəhərini və Qarabağın digər bölgələrini əsaslı şəkildə əlaqələndirmək imkanları var. Azərbaycan tərəfindən dəfələrlə bəyan edilib ki, Ağdam-Xankəndi yolu fəaliyyətdədir. Ağdam-Xankəndi yolu vasitəsilə istənilən yükün çox qısa müddət ərzində Xankəndinə və ətraf ərazilərə çatdırılması təmin oluna bilər".
Prezidentin köməkçisi birmənalı şəkildə bildirib ki, Azərbaycan öz ərazisində hər hansı bir boz zonanın olmasını qəbul etməyəcək: "Ermənistan Azərbaycanla razılaşdırmadan populizm məqsədilə müxtəlif yük maşınlarını Azərbaycan sərhədinə - "Laçın" sərhəd-buraxılış məntəqəsinə gətirib. Dünən də bəzi erməni lobbisinin tərəfdarı və təsiri altında olan Avropanın korrupsioner siyasətçiləri də bu teatr xarakteri daşıyan dramanın tərkib hissəsi olaraq Azərbaycan sərhədinə doğru gəliblər. Bu kimi addımların heç bir mənası yoxdur. Bu kimi şou xarakterli addımlardansa, real məsələləri yerində həll etmək lazımdır. Azərbaycan öz ərazisində hansısa bir boz zonanın olmasını qəbul etməyəcək. Kimlərsə düşünürlər ki, onlar mövcud şəraiti olduğu kimi davam etdirəcəklər və bu separatist statusunda yaşamaqda davam edərək və bu qeyri-qanuni rejimin mövcudluğunu təmin edəcəklər bu, baş verməyəcəkdir. Azərbaycan heç bir halda buna dözməyəcək. Onların da bu yalançı humanitar şoularının əsas məqsədi ondan ibarətdir ki, əsl niyyətlərini və xislətini gizlətsinlər. Əsl niyyət isə Ermənistanın vaxtilə Azərbaycanın işğal altında olan ərazilərində yaratdığı qondarma qanunsuz rejimin mövcudluğunun yaşamasını təmin etməkdir və bu məqsədlə də müxtəlif bəhanələrdən istifadə edirlər".
Bu arada Hikmət Hacıyev "Twitter" hesabında etdiyi paylaşımında bildirib ki, Qarabağdakı qanunsuz rejim buraxılmalı və tərksilah edilməlidir: "Azərbaycan Qızıl Aypara Cəmiyyətinin tədarük etdiyi buğda ununun istehsal mənşəyinə görə (Azərbaycan) rədd edilməsi qeyri-qanuni marionet rejimin izlədiyi irqçilikdir. Azərbaycan artıq öz torpağında nəzarətsiz zonaya tolerantlıq göstərə bilməz. Qanunsuz rejim buraxılmalı və tərksilah edilməlidir".
Alim Hüseynli