Paris merinin Qarabağa yardım aparmaq cəhdi Fransanın qudurğan siyasətinin göstəricisidir - ÖZƏL
31 Avqust 2023 15:10 Siyasət"Mən baş verənləri ermənilərin, onların havadarlarının növbəti şousu kimi qiymətləndirirəm". Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü deyib. "Ümumiyyətlə Ermənistan, ona dəstək verən, ən sıx dəstəkçisi Fransa, o cümlədən, Kanada, İspaniya kimi dövlətlər, Avropanın bir sıra təşkilatları, belə deyək, həqiqəti, reallığı təhrif edirlər və erməni tərəfinin təbliğatına, şirnikləndirici təkliflərinə, ermənipərəst mövqeyindən çıxış edərək Azərbaycanı ittiham edirlər və Paris merinin Azərbaycanın suveren ərazisi olan Qarabağa, Xankəndinə Azərbaycanın icazəsi olmadan yardım aparmaq cəhdi, hesab edirəm ki, qətiyyən qəbul edilən deyil. Bu nəinki Fransanın ayrı-ayrı dövlət siyasətçilərinin, bütövlükdə Fransanın qudurğan siyasətinin göstəricisidir. Azərbaycan özü Xankəndindəki erməni əsilli şəxslərə yardımlar edə bilər və biz bunun ilkin nümunəsini göstərdik. İndi yardım qəbul etməmək artıq ermənilərin məqsədinin onların dediyi kimi fəlakətin qarşısını almaq deyil də, şou göstərmək, dünyanı aldatmaq olduğunu görəcəyik, müşahidə edəcəyik. Artıq bir müddətdir ki, bizim yardım TIRları ora çatıb, amma Ağdam-Xankəndi yolunda saxlanılıb, gözlədilir. Nəyi gözlədirsiniz? Yəni, əgər aclıq, fəlakətdirsə, o zaman bu yükləri qəbul edin. Bütün bunlar siyasi oyunların nəticəsidir və Makronun da Prezident İlham Əliyevə zəng etməsində məqsədi, Makron düşünür ki, belə bir rəhbərdir, BMT Təhlükəsizlik Şurasında üzv olan, dünyada sözü olan bir dövlətin rəhbəridir və hər hansı bir təzyiqlərlə İlham Əliyevi geri çəkməyə məcbur edəcək. Amma hesab edirəm ki, Makron bu düşüncəsində yanılır, Fransa yanılır. Bu cür qudurğan siyasət yürütməkdənsə, Azərbaycanın ərazi bütövlüyünə və beynəlxalq hüquqa əsaslanan təkliflərinə əməl edərək, mövcud olan hər hansısa bir problem varsa, onun həllinə nail olmaq daha uyğun yoldur, nəinki bu şəkildə davranışlar göstərmək. Mən hesab edirəm ki, tezliklə biz bu şouların başa çatacağını, Ağdam-Xankəndi yolunun açılacağını müşahidə edə biləcəyik. Azərbaycan bu istiqamətdə mövqeyindən geri çəkilmək niyyətində deyil və geri də çəkilməyəcək".