Parisdən separatçılığa açıq dəstək
1 Sentyabr 2023 12:45 SiyasətFransa Azərbaycana qarşı məkrli siyasətindən əl çəkmir. 44 günlük Vətən müharibəsində Azərbaycanın öz torpaqlarını erməni işğalından azad etməsi ilə heç cürə barışa bilməyən Paris Azərbaycana qarşı əlindən gəldiyi qədər pislik etməkdədir. İndi də fransızlar, daha dəqiq desək Makronun başının dəstəsi separatçılara dəstək verməklə onları Azərbaycana qarşı körükləməyə çalışırlar. Bu günlərdə Paris şəhər merinin separatçılara dəəstək vermək məqsədilə Fransadan durub Ermənistana gəlməsi də bunun sübutudur.
Siyasi ekspert Çingiz Şahbazi baş verənlərə münasibət bildirərkən deyib ki, Paris separatçılara dəstək vermək üçün hər bir addıma gedir: "Fransanın humanitar yardım adı altında həyata keçirdiyi, əslində isə Azərbaycana və onun suveren ərazilərinə qarşı yönəlik təxribatının, Azərbaycan sərhədçiləri və gömrükçüləri tərəfindən qarşısı alındı. Lazım gələrsə Azərbaycan özü humanitar və sosial yardımları öz vətəndaşlarına çatdıracaq və bunun üçün heç kimin siyasi baxımdan senari yazmasına və artistlik etməsinə ehtiyac yoxdur. Putinin Avropada ən yaxın cəsus "dostu" olan və deyərdim ki, əlaltısı Makron və Qərbin siyasi fahişəsi hesab edilən Fransa, bu qədər insanlığa qiymət verirsə, qoy o yardım karvanını soyub taladığı Afrika ölkələrinə yönəltsin".
Çingiz Şahbazi daha sonra bunları qeyd edib: "Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Qarabağda baş verənlər haqda danışıb. O, Fransanın açıq şəkildə Azərbaycana qarşı həyata keçirdiyi təxribat xarakterli hərəkətlərini izah edərkən deyib ki, "Fransa hər iki tərəfin mövqeyini nəzərə almalıdır, əks halda cəhdlər uğursuz olacaq" və daha sonra əlavə edib ki, "Rəsmi Moskva Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində apardığı səylərinə zidd olmayan təşəbbüsləri dəstəkləyir". Əslində Zaxarova demək istəyir ki, bizim Cənubi Qafqazda və xüsusilə də Qarabağda həyata keçirdiyimiz siyasətə zidd olaraq nəsə baş verərsə, o zaman bizi qarşısında görəcək. Amma, hadisələr Azərbaycan ərazisində baş verir və nədənsə Rusiyanın XİN nümayəndəsi Azərbaycanın maraqlarını Ermənistanın maraqları ilə eyni səviyyədə ifadə edir və bir az da irəli gedərək Rusiyanın maraqlarını səyləri kimi qələmə verərək daha önəmli hesab edir. Bundan başqa Zaxarova dolayısı ilə Fransanın atdığı addımları, yəni humanitar yardım adıyla Azərbaycana təsir və təzyiq üsullarına dəstək verir. Həmçinin qeyd edir ki, bu addımlar Rusiyanın bu istiqamətdə apardığı səylərə, yəni siyasətə zidd deyil".
Bəs əslində necə olmalıdır və Fransa həqiqətən humanitar yardım etmək istəyirsə bunu necə etməli idi?
Çingiz Şahbazi bildirib ki, Fransa qeyd şərtsiz ilk növbədə Azərbaycan tərəfinə müraciət etməli idi və əldə olunan razılığa əsasən, humanitar yardım karvanını Ermənistan tərəfindən yox, məhz Azərbaycan tərəfindən keçərək gətirə bilərdi:
"Hazırda baş verənlər və Fransanın bu kimi addımları qanunsuzdur və beynəlxalq hüquqa və dövlətlərarası bağlantı yaradan konvensiyaya ziddir. Xanım Zaxarova nədənsə bunları dilə gətirmək istəməyib. Əgər həqiqətən də Fransa və Rusiyanın arasında ziddiyyətlər olsaydı, inanın ki, Rusiya indi tamam başqa mövqe ortaya qoymuşdu. Deməli, burada yenə də Rusiya və Fransanın gizli sövdələşməsi və planları mövcuddur. Bu müştərək planların davam etməsi ehtimalı var. Bizim mövqeyimiz sabitdir və bunların bütün çirkin planlarına cavab verə biləcək gücdəyik".
İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay isə deyib ki, Fransanın, Xankəndi ermənilərinə humanitar yardım məqsədli göndərdiyi yük maşınlarının üstündə "Artsax xalqına" sözü yazılıb. Onun sözlərinə görə, bu tam və açıq-açığına separatçılığı dəstəkləməkdir: "Özü də əvvəlcədən bilərək ki, heç bir ölkə bu şüar ilə yükləri daxili ərazisinə əsla buraxmaz!. Üstəlik, bu yükün Azərbaycan ərazisinə keçidi üçün Azərbaycan tərəfi ilə razılaşdırmamaq və üstəlik bu yükün nümayişkaranə, bəyanatlarla Parisin meri Anne İdalqo tərəfindən müşaiyəti, müstəqil ölkəyə qarşı həddi aşmaqdır. Bu artıq humanitar deyil, siyasi basqı məqsədli yük olur. Bu isə artıq, separatçı erməniləri Ermənistanın özündən də çox dəstəkləməkdir. Və bu kobud addımı, rəftarı nə Almaniya, nə Britaniya nə də digər Avropa, ya dünya ölkəsi etmir. Bu əslində Azərbaycan-Ermənistan arasındakı sülhə qarşı addımdır və Qarabağda yeni nifaq təxribatıdır. Halbuki, Fransa Qarabağ məsələsində tərəfsiz çıxış edib, bu krizisin adekvat hüquqi həlli yolu istiqamətində davranış göstərə bilərdi. Ancaq, belə kobud, təhdidli siyasəti qətiyyən müstəqil Azərbaycanın xalqı, siyasi iqtidar, ya müxalifəti, ölkə, ya xaricdə yaşayan soydaşı qəbul etməz".
Süleyman