"Ermənistanın TIR şousu bitmədən Fransa regional prosesləri pozmaq istəyir" - ÖZƏL

"Vətən müharibəsindən sonra Fransa Cənubi Qafqazda mövqelərini itirdi. İtirdiyi mövqelərdə qardaş Türkiyə və Rusiya güclənməyə davam edir. Hazırki geosiyasi reallıqlar inkişaf edir. Rusiya öz sülhməramlılarını bölgəyə yerləşdirməklə varlığını möhkəmləndirmiş oldu. Türkiyə Azərbaycana mənəvi və siyasi dəstək verdi. Bu, postmüharibə reallıqlarında da özünü göstərir". 

Bu sözləri Olaylar-a politoloq İlyas Hüseynov deyib: 

"Digər tərəfdən, ATƏT-in Minsk qrupunun formatı artıq tarixin zibilliyinə göndərilib. Fransa da həmin qrupun həmsədr dövlətidir. Vətən müharibəsi və sonrakı dövrlərdə ermənipərəst mövqeyi, həqiqəti əks etdirməyən fikirləri, Azərbaycana qarşı hücumlar Fransanı bir vasitəçi kimi proseslərdən uzaqlaşdırmış oldu. Eyni zamanda Makronun qərəzli və ikili standartlara uyğun münasibəti prezident kimi onu proseslərdən kənarda saxladı. 

Fransa indi Afrikada itirdiyi mövqelərini Ermənistanın əli ilə Cənubi Qafqazda bərpa etməyə çalışır. Fransanın Afrikada yürütdüyü müstəmləkə siyasəti iflasa uğramaqdadır. Qoşulmama Hərəkatının Azərbaycanda keçirilən zirvə toplantısında bu bir daha təsdiqləndi. Bu gün Nigerdə, Qabonda baş verən çevrilişlər, Burkina Faso və Malidə Fransaya qarşı yönələn siyasət özünü qabarıq şəkildə göstərir. Biz Parisin meri Ann İdalqonu və onunla birlikdə gələn humanitar gücləri sərhədlərimizdə görürük. Bu da Ermənistanın TIR  şousu bitmədən Fransanın regional prosesləri pozmaq istəməsini ifadə edir. Çirkin əməllərinə baxmayaraq, Makron Bakıya və İrəvana telefon açır, sülh prosesinə töfhə vermək istədiyini bildirir. Bu, qəbulolunmazdır. Azərbaycanın Qızıl Aypara cəmiyyəti haqlı olaraq, bizim ərazimizdə Ağdam-Xankəndi marşrutu üzrə humanitar yükləri bölgəyə göndərib. Ancaq, ermənilər bunu rədd edərək, sülhə qarşı çıxır. Qoyduqları mövqe sülhə qarşı olan duruşu əks etdirir. Düşünürəm ki, yaxın gələcəkdə bu yüklər öz məqsədinə çatacaq. Azərbaycan bununla da erməni təbliğatını ifşa edir. Çünki, əgər ermənilər acdırsa, bu yardımı qəbul etməlidir. Humanitar yüklərdən imtina o deməkdir ki, bu saxta təbliğatdır. Heç bir blokada və aclıq hökm sürmür. Əgər Ağdam-Xankəndi marşrutu üzrə yüklərin daşınması icra olunacaqsa, bu Qarabağ İqtisadi rayonunda ermənilərin reinteqrasiyasını gücləndirəcəkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31