Ermənilərin “böyük bacısı” Fransanın canfəşanlığı fiaskoya məhkumdur

Ermənilər və havadarları "humanitar böhran" adı ilə spekulyasiya edib, bölgədə sülh prosesini pozmaq üçün təxribatlar törədərək Cənubi Qafqazda öz məkrli planlarını həyata keçirmək istəyirlər. Millət vəkili, Milli Məclisin təbii ehtiyatlar. energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib ki, erməni və onların havadarlarının, xüsusən də ermənilərin "böyük bacısı" Fransanın canfəşanlığı fiaskoya məhkumdur və bu başqa cür də ola bilməz. "Bakı Fransanın Azərbaycana qarşı davamlı olaraq həyata keçirdiyi təxribatçı və  çirkin planlarını  ifşa edərək fiaskoya uğradıb. Bu dəfə də elə olacaq". Deputat əlavə edib ki,  Azərbaycan artıq ermənilərin "aclıq" şousunu ifşa edərək beynəlxalq aləmə nümayiş etdirdi ki, bu sadəcə başqa məqsədlər edilən spekulyativ oyundur: "Oyunları ifşa edilən Fransa və ermənilər indi çıxılmaz vəziyyətə düşüblər. Üzləşdikləri çıxılmaz vəziyyətdən çıxmaq üçün nə edəcəklərini özləri  belə bilmir. Qarabağda yaşayan erməni icması doğrudan da "ac" idisə niyə Azərbaycanın onlara yolladığı humanitar yükü qəbul etmədilər?! Bununla da onların  "aclıq"  şousu ifşa edildi və çirkin oyunlarının əsl mahiyyəti üzə çıxarıldı. İndi nə irəliyə, nə də geriyə addım ata bilirlər. Ona görə də Azərbaycana qarşı təzyiq, şər-böhtan taktikasına əl atıblar. Ancaq bunlar da əbəsdir. Belə  ucuz metodlarla  Azərbaycanı yolundan döndərmək mümkün deyil. Azərbaycan beynəlxalq hüquq normalarına uyğun olaraq öz ərazi bütövlüyünü təmin edib və suveren ölkə olaraq öz daxilindəki problemləri qanunlara uyğun olaraq həll edir".

Onun sözlərinə görə, Azərbaycan çoxmillətli və çoxkonfesiyalı  ölkədir: "Azərbaycanda  milliyyətindən, dinindən, dilindən, irqindən asılı olmayaraq hamının hüququ Konstitusiya ilə təsbit olunmuş qaydada qorunur. Bu gün kimsə də deyə bilməz ki, o milli, dini mənsubiyyətinə görə təqib olunur və ya ona qarşı diskriminasiya halı var. Qarabağda yaşayan erməni icması da ölkəmizdəki digər  milli, dini icmalar kimi həmin hüquqdan faydalana bilərlər və Azərbaycan dövləti də onlara hüquqlarının qorunması və təhlükəsizliyinin təmin olunmasına təminat verəcəyini, onlara sahib çıxacağını  dəfələrlə bəyan edib. Erməni icmasının nümayəndələri də digər vətəndaşlar kimi konstitusiyanın onlara verdiyi hüquqdan faydalanacaqlar. Bunun ikinci başqa yolu yoxdur. Qarabağda yaşayan erməni icması buna razıdır, lakin onların Azərbaycan cəmiyyətində reinteqrasiya olunmasını istəməyən və onlardan bir alət kimi istifadə edib bölgədə maraqları üçün mübarizə aparan Fransa kimi  xarici güclər buna imkan vermir. Bu güclər hesab edirlərsə ki, bu yolla niyyətlərinə nail olacaqlar, yanılırlar. Azərbaycan o ölkələrdən deyil ki, hər hansı gücün diqtəsi ilə milli maraqlarının əksinə addıma atsın və ya boyun əysin. Əksinə Azərbaycan bu güclərin özlərini  ağalıq etdikləri ermənilərlə birlikdə məkrli  oyunlaırnın toruna salacaq. Özləri özlərini fəlakətə sürükləyəcəklər. Cənab Prezident İlham Əliyev Fransa prezidenti Makronla telefon danışığında  Azərbaycanın konkret mövqeyini ortaya qoyaraq  ermənilərin bu hərəkətinin manipulyativ hərəkətlər olduğunu bəyan edərək bildirdi ki, hər hansı güzəşt olmayacaq. Prezident sərt  və konkret formada Azərbaycanın mövqeyini bir daha Makron vasitəsi ilə beynəlxalq aləmə çatdırdı ki, Ağdam-Xankəndi yolu açıldıqdan sonra Laçın yolu gömrük və sərhəd buraxılış məntəqəsinin qaydalarına uyğun şəkildə fəaliyyət göstərə bilər.   Bu isə o deməkdir ki, Laçın yolu  beynəlxalq hüquq  və suveren bir ölkənin qanunvericiliyinə uyğun şəkildə fəaliyyət göstərəcək. Yəni yol tam Azərbaycanın nəzarəti altında işləyəcək və kimsə əvvəllər olduğu kimi hərəkət edə bilməyəcək. Ermənistan. Ermənilər və onların havadarları istəyirsə məsələ tez bir zamanda həll olunsun, o zaman Bakının şərtlərini qəbul etməlidirlər. Prosesin belə davam etməsindən  isə qazanan tərəf  yox, itirən tərəf olacaqlar. Azərbaycan qarşısına qoyduğu hədəfə nail olacaq.  Azərbaycanda qalıb yaşamaq istəyən ermənilər vətəndaşlıq alıb həyatlarını davam etdirəcəklər. istəməyənlərə isə yol açıqdır. Onları zorla saxlamaq niyyətimiz yoxdur. Azərbaycan ən qısa tarixdə Xankəndidə öz suveren hüquqlarını bərpa edəcək. Eyni zamanda Zəngəzur dəhlizini açaraq Naxçıvanla birbaşa quru əlaqəsini bərpa edəcək. Son günlərdəki gərginliyin bir səbəbi də məhz bununla bağlıdır. Bu qüvvələr Xankəndidə vəziyyəti gərginləşdirməklə Zəngəzur dəhlizini  arxa plana keçirib prosesi uzatmağa çalışırlar. Amma onların bütün bu niyyətləri də fiaskoya uğrayacaq".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31