Vətənpərvərlik tərbiyəsi vətəndaş tərbiyəsinin əsasıdır
1 Sentyabr 2023 10:57 SiyasətAzərbaycan bizə əcdadlarımızın əmanətidir. Əmanət olan bu Vətəni qorumaq hər bir vətəndaşın borcudur. Vətəni qorumaq üçün onu sevmək lazımdır.
Hüquqşünas Əli İbrahimov deyir ki, vətənpərvərlik dərin anlama malik kəlmədir. Onun sözlərinə görə, vətənpərvərliyin dərin və tarixi kökləri vardır:
"Vətənpərvərlik ən dərin, ən müqəddəs və ən ülvi hisslərdən, duyğulardan biridir. Hər bir adamın qiyməti onun vətənə, millətə xidməti ilə, əsl insanlıq ləyaqəti isə vətənpərvərlik hissi ilə ölçülür. Vətən sevgisi, Vətənə məhəbbət insanın daxilindən, qanından, genindən gəlir. Vətən sevgisi insana ana südü ilə verilir".
Hüquqşünas deyir ki, vətənpərvərlik hissi körpə yaşlarda aşılanmalıdır:
"Vətənə məhəbbət hissi uşağın qanına, canına, ruhuna işləməlidir, "xəmirimiz" vətənə məhəbbət hissi ilə "yoğrulmalıdır". Vətənpərvərlik tərbiyəsi ailədə başlayıb, bağçada, məktəbdə davam etməli, cəmiyyətdə formalaşmalıdır. Vətənpərvərlik tərbiyəsi vətəndaş tərbiyəsinin əsasıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: "Mən istəyirəm ki, gənclərimiz vətənpərvər, peşəkar, bilikli, savadlı olsunlar, Vətən sevgisi ilə böyüsünlər".
Əli İbrahimov onu da qeyd edib ki, hər bir cəmiyyətin gələcəyi onun yetişməkdə olan gənc nəslidir:
"Gənc nəslə qayğı isə hər bir dövlətin siyasətinin aparıcı istiqamətlərindən biridir. Bundan başqa Dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri kimi ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsi daim diqqət mərkəzindədir. Bu, ümumtəhsil məktəblərinin ən vacib vəzifələrindən hesab olunur. Həmin sahədə həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə də müasir dünyamızda qloballaşmanın geniş vüsət aldığı bir zamanda milli-mənəvi dəyərlərin qorunub saxlanmasına yönəldilir".
Əli İbrahimov bildirib ki, Azərbaycan xalqı çoxəsrlik tarixinin şərəfli mərhələsini yaşayır, bütün dünya azərbaycanlıları təsvirəgəlməz qürur və sevinc hissləri keçirir:
"Azərbaycan xalqı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Milli Ordumuzun 27 sentyabr 2020-ci il tarixdən başlanan əks-hücum əməliyyatları nəticəsində 30 ilə yaxın mənfur qonşumuz Ermənistanın işğal altında saxladığı Qarabağı azad etməklə milli çağdaş tariximizə şanlı səhifə yazdı. Çağdaş tariximizə 44 günlük Vətən müharibəsi kimi daxil olan bu hərbi əməliyyat nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü təmin edildi. Hər bir ölkənin həyatında mürəkkəb, böhran vaxtı, düşmənlə savaşda hamını birləşdirən, bütün səylərin mahiyyətini təzahür edən çağırışın çox böyük, əvəzedilməz əhəmiyyəti var. Ali Baş Komandan bütün xalqı səfərbər etdi, mübarizəyə qaldırdı, dəqiq məqsədləri göstərdi, hər bir azərbaycanlını Qarabağ uğrunda mübarizəyə istiqamətləndirdi. "Biz qalib gələcəyik, bizim işimiz haqq işidir", - deyə Ali Baş Komandan qeyd edirdi. Bu, sadə sözlər deyildi, bu, düşüncə tərzidir, bu, həqiqi vətənpərvərlikdir. Ali Baş Komandan Birinci Qarabağ müharibəsindən sonra ruh yüksəkliyini itirənlərə nikbinliklə inam qaytarırdı".
Hüquqşünas deyib ki, bu şərəfli tarix, tarixi zəfərimiz, onun iştirakçıları olan şəhidlərimiz, qazilərimizin 44 günlük Vətən müharibəsi dövründə nümayiş etdirdikləri qəhrəmanlığı, igidliyi gələcək nəsillərə təbliğ etməli, onları bu barədə məlumatlandırmalıyıq. Əli İbrahimov hesab edir ki, bu sahədə kütləvi informasiya vasitələri, televiziyalar, orta ümumtəhsil müəssisəllərinin üzrəinə böyük iş düşür:
"Eyni zamamda vətəndaş cəmiyyətinin nümayəndələri də bu prosesdə akriv olmalıdırlar. Sevindirici hal ondan ibarətdir ki, ayrı-ayrı qeyri-hökumət təşkilatlarının bu istiqamətdə həyata keçirdikləri layihələr cəmiyyətin, xüsusilə gənc nəslin bu barədə bilgiləndirilməsinə yol açır, gənclərimiz qəhrəmanlarımız, igidlərimiz barədə məlumatlandırılır. Vətəndaş cəmiyyəti nümayəndələrinin bu kimi tədbirləri, görüşləri orta ümumtəhsil müəssisələrində keçirməsi daha təqdirəlayiqdir. Belə ki, həmin tədbirlər, görüşlər vasitəsilə məktəblilər şanlı tariximiz, zəfərimiz barədə daha geniş və ətraflı bilgilər əldə edə bilirlər".
Süleyman İsmayılbəyli
Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi "Azərbaycanın Bütövlüyü Uğrunda" ictimai birliyi tərəfindən icra olunan "Vətən müharibəsinin təbliğində və vətənpərvərlikdə ictimai rolun artırılması" adlı layihə çərçivəsində çap olunur.