Ermənilər, yenidən təhlükəli oyunlara girirlər - ÖZƏL
30 Avqust 2023 11:15 SiyasətNəsib Məhəməliyev: "Bu onlara baha başa gələcək"
"Ermənistanın insanlıqdan kənar terror dövləti olması bu gün yox, yarandığı gündən bəllidir. Yarandığı gündən bəri Azərbaycan torpaqlarını işğal etməsi, kütləvi qırğınlar, dağıntılar, ekoloji fəlakətlər törətməsi, şəhərləri, kəndləri yerlə yeksan etməsi, ağac əvəzinə milyondan artıq mina basdırması bu dövlətin əsil mahiyyətini göstərir".
Bu fikirləri "OLAYLAR"-a Milli Məclisin deputatı Nəsib Məhəməliyev ermənilərin Azərbaycanın göndərdiyi humanitar yardım maşınlarının keçəcəyi Əsgəran yolunu minalaması barədə yayılan xəbərlərə münasibət bildirərkən səsləndirib. Millət vəkili vurğulayıb ki, indiki vəziyyətdə ermənilərdən hər şey gözləmək olar:
" Nəinki Qarabağda məskunlaşmış bir dəstə separatçı, rəsmi İrəvan belə başını itirib. Nə etdiklərini özləri bilmirlər. Xarici qüvvələrin təsiri ilə yenidən təşkilatlanır, silah-sursat alır, Azərbaycana qarşı təbliğat aparır, demək olar ki, hər gün beynəlxalq məhkəmələrdə iddia qaldırırlar. Ağdam-Xankəndi yolunun minalanması da bu qəbildən olan təxribatlardandır. Qorxurlar ki, Azərbaycan əsgəri anti-terror əməliyyatına başlayar və 30 il ərzində törətdikləri cinayətlərə görə cavab verməli olarlar".
Deputat hesab edir ki, digər tərəfdən, son aylarda, "ermənilər acından qırılır", "region humanitar böhran yaşayır" kimi yalançı şüarlarla beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək istəyirlər:
"Fransa, İran kimi dövlətlərin təhriki ilə, bölgədə sülhün əleyhinə çıxış edirlər. Əfsuslar olsun ki, ağır məğlubiyyətdən düzgün nəticə çıxarmayan ermənilər, yenidən təhlükəli oyunlara girirlər. Əminəm ki, bu onlara baha başa gələcək".