Ermənistan itkin düşmüş şəxslər haqqında bilgiləri gözlədir - ÖZƏL

"Beynəlxalq İtkinlər Günüdür (Beynəlxalq İtkin Düşmüş Qurbanlar Günüdür). Bu günün qeyd edilməsi, hüquqları pozulmuş itkinlərin taleyi haqqında ictimaiyyətin maarifləndirilməsi kimi nəcib məqsəd daşıyır". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Qənirə Paşayevanın sözlərinə görə, bu anlamlı məzmunu beynəlxalq təqvimə 2010-cu il dekabrın 21-də BMT-nin Baş Məclisi daxil edib: "Bəlli olduğu kimi, itkin düşmək əsasən terror, hərbi münaqişələr, siyasi-ideoloji savaşlar və ya diktatura rejimlərində insanların zorla qaçırılması ilə bağlıdır. Təəssüflər ki, hazırda zorla qaçırılma bir qlobal problemə çevrilib. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində I Qarabağ müharibəsində 3890 nəfər  vətəndaşımız itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslər içərisindən 71 nəfəri yetkinlik yaşına çatmamışlar, 326 nəfəri yaşlılar, 267 nəfəri isə qadın olub.

Ermənistan 30 il boyunca itkin düşmüş kimi qeydiyyatda olan - girov götürülmüş, əsir alınmış bu şəxslər haqqında bilgiləri beynəlxalq təşkilatlardan məqsədyönlü şəkildə gizlədib, onların sonrakı taleyi barədə məlumat verməkdən yayınıb. Hazırda II Qarabağ müharibəsində itkin düşmüş 6 Azərbaycan hərbçisinin axtarışı da davam etdirilir. 44 günlük müharibədən sonra bir sıra kütləvi məzarlıqları üzə çıxarılıb, ermənilərin işgəncə ilə öldürdüyü azərbaycanlılardan bir neçəsinin kimliyi müəyyənləşdirilib. Terrorçuluq, vandallıq və məqsədyönlü yalançılığı dövlət siyasəti olaraq sabitləşdirilmiş Ermənistanı şiddətlə qınayır, beynəlxalq ictimaiyyəti bir daha Ermənistandan itkin azərbaycanlıların taleyinə aydınlıq gətirmək üçün təsir etməyə dəvət edirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31