Fransanın bu hərəkətləri sülhə mane olmaqdan başqa bir şey deyil - ÖZƏL
30 Avqust 2023 10:32 Siyasət"Fransanın humanitar yardım şousunun Ermənistanı daha da çətin duruma salmaq olduğu aydındır. Ortalıqda sülh müzakirələri gedərkən Fransanın bu hərəkətləri sülhə mane olmaqdan başqa bir şey deyildir".
Bu fikirləri"OLAYLAR"-a politoloq Azər Qasımov səsləndirib. Onun sözlərinə görə, Fransa köklü dövlət kimi dövlət ənənələrinə uyğun şəkildə humanitar yardım qaydalarına əməl edərək Azərbaycan dövlətinə bu yardım üçün müraciət etmək yerinə məqsədli şəkildə Azərbaycan dövlətinin suverenliyinə zidd olaraq addım atırsa, deməli, burada qərəz vardır:
"Fransa dövləti öz dövlət maraqlarını lobbi və ya ermənipərəst qrupların maraqlarına qurban verməməlidir. Fransa Avropanın demokratik dəyərlərinin ayaq altına atılmasından çəkinməlidir".
Azər Qasımov deyib ki, Azərbaycan dövləti öz suverenliyinə Fransadan hörmət gözləyir və dəfələrlə qeyd edir ki, Azərbaycan dövlətinin Qarabağda yaşayan erməni əhali ilə heç bir problemi yoxdur və onlara yardım etmək istəyən Azərbaycanın göstərdiyi marşrut üzrə hərəkət edə bilər:
"Bu, həmçinin həmin erməni əhalinin təhlükəsizliyi üçün vacibdir. Məsələ ondadır ki, Laçın sərhəd Nəzarət Keçid Məntəqəsindən keçən yüklər sonra Azərbaycanın nəzarətində olmayan Laçın yolundan keçir. Bu yola Rusiya sülhməramlıları nəzarət edir. Keçid Məntəqəsindən keçən yüklərin bu yolda hansı təhlükələrə məruz qalacağı məlum deyil. Bu baxımdan Azərbaycan həmin yüklərin öz nəzarətində olan Ağdam-Xankəndi yolundan istifadəsini təklif edib. Yüklər bu marşrut üzrə keçərsə, heç bir təhlükə olmaz. Fransa bunu başa düşməlidir. Azərbaycan dövləti ərazidəki erməni əhalinin təhlükəsizliyindən narahatdır. Təxribat cəhdlərinin olması ehtimalı böyükdür. Azərbaycan Qarabağın erməni əhalisi üzərindən oynanılan oyunlardan məlumatlıdır".